7 Mart 2023 17:48
17 293
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin təşkilatçılığı ilə “Qaradağ Şüşə Zavodu” ASC-yə sahibkarların müəssisə haqqında məlumatlandırılması, potensial investorların özəlləşdirməyə cəlb edilməsi məqsədilə mediatur təşkil edilib.

Teleqraf.com xəbər verir ki, tədbirdə müəssisənin infrastrukturu, tarixi, istehsal prosesi, özəlləşdirilmə perspektivi barədə məlumat verilib.

Qeyd olunub ki, “Qaradağ Şüşə Zavodu” ASC-nin özəlləşdirilməsi istiqamətində işlərə başlanılıb.

Mediatur zamanı jurnalistlərə açıqlamasında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin özəlləşdirmə şöbəsinin rəisi Əziz Mirzəyev deyib ki, artıq özəlləşdirmə komissiyası yaradılıb.

Onun sözlərinə görə, investisiya müsabiqəsi layihəsi hazırlanır: “Azərbaycan Sənaye Korporasiyası” ASC-yə məxsus “Qaradağ Şüşə Zavodu” ASC-nin səhmlərinin 85 %-i investisiya müsabiqəsinə çıxarılacaq.

Ə.Mirzəyev qeyd edib ki, müsabiqə yaxın vaxtlarda elan ediləcək. “Artıq özəlləşdirmə komissiyası yaradılıb, investisiya müsabiqəsinin layihəsini hazırlayır, onun məbləğini və şərtlərini müəyyən edir”, - deyə o qeyd edib.

ƏMDX-nin Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səbuhi Qəhrəmanov isə bildirib ki, “Qaradağ Şüşə zavodu”nun istehsal gücü ildə 120 ton şüşə, nizamnamə kapitalı isə 35 milyon 950 min 630 manatdır.

Onun sözlərinə görə, məbləğ, hər birinin nominal dəyəri 2 manat olan 17 milyon 975 min 315 səhm əsasında formalaşıb.

“Əsasən qida sektoru üçün şüşə qab istehsal edən zavodun 209 nəfər işçisi, 11.7 hektar ərazisi var”, - S.Qəhrəmanov qeyd edib.

Qaradağ Şüşə Zavodu”nun sex rəisi Nəsrullah Ağayevin sözlərinə görə, zavodun bu gün 90 faizdən çox istehsal gücü var.

Onun sözlərinə görə, istehsal edilən məhsullar Azərbaycanın bütün nöqtələrinə göndərilir: “90 faizdən çox istehsal gücümüz var. Avadanlıqlarımızda problem yoxdur. Fasiləsiz istehsalatdır. Heç bir çətinliyimiz yoxdur”.

N.Ağayev qeyd edib ki, xammal Rusiyadan gəlir: “Digər məhsulları yerli istehsalatdan götürürük. Avadanlıqlar İtaliya və Çexiya istehsalıdır. 200-dən çox işçi var. Gün ərzində 130 min ədəddən yuxarı istehsalat gücümüz var. Bugünkü istehsalatımız 91 faizdir”.

Nəsrullah Ağayev sonda 2023-cü ilin əvvəlində “Qaradağ Şüşə Zavodu” ASC-nin yerli şirkətlərlə 35 milyon şüşə qabın istehsalı üzrə bir sıra müqavilələr imzaladığını əlavə edib: “Müqavilələri cari ilin doqquz ayı ərzində həyata keçirməyi planlaşdırırıq”.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 29 oktyabr 2021-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin bir sıra müəssisə və obyektləri özəlləşdirməyə açılıb. Bunlardan biri də “ASK Şüşə” MMC-dir.

Sərəncamın icrası ilə əlaqədar Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müəssisənin özəlləşdirilməyə hazırlanması istiqamətində işlər görülüb, mövcud qanunvericiliyə uyğun olaraq müəssisədə özəlləşdirmə komissiyası yaradılıb, inventarlaşdırma işləri təşkil edilib, müstəqil qiymətləndirici şirkətin iştirakı ilə müəssisənin nizamnamə kapitalı müəyyən olunub, yeni hüquqi şəxs – istehsal gücü gündə 120 ton maye şüşə, nizamnamə kapitalı 35 950 630 manat olan “Qaradağ Şüşə Zavodu” ASC təsis edilib. Yenidən qurulması və inkişaf etdirilməsi məqsədilə müəssisənin mövcud qanunvericiliyə uyğun olaraq investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilməsi qərara alınıb.

Qeyd edək ki, “Qaradağ Şüşə Zavodu” ASC-nin investisiya müsabiqəsinə çıxarılması barədə elan 30 gün əvvəlcədən Dövlət Xidmətinin rəsmi saytında (emlak.gov.az) və “Özəlləşdirmə portalı”nda (privatization.az) yerləşdiriləcək.


Müəllif: Foto: Elnur Muxtar

Oxşar xəbərlər