"Ali təhsil haqqında" Qanun layihəsində ali təhsilin məqsədinin nə olmasına aydınlıq gətirilməyib.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov "Ali təhsil haqqında" qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə deyib.
O bildirib ki, bu gün təhsilin inkişafına dair strategiya var:
"Təklif edirən ki, ya strategiyada nəzərdə tutulmuş məsələlər qanunda öz əksini tapsın, ya da həmin strategiyaya dəyişiklik edilsin.
Həmçinin qanunda elmi dərəcələrin verilməsinə aydınlıq gətirilməyib. Köhnə qaydalar zərərlidir və universitetlərin inkişafı baxımından ciddi maneədir. Ali təhsil sahəsində vahid baxışa imkan yaratmayan ciddi bir təhlükə var. Belə ki, 70-ə yaxına bənddə müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qurum tərəfindən nəsə edilməlidir hissəsi yazılıb. Hesab edirəm ki, qurum dəqiq qeyd olunmalıdır. Qanunda eyni zamanda gənc tədqiqatçıların dövlət tərəfindən dəstəklənməsi ilə bağlı ayrıca bir müddəaya ehtiyac var. Həmçinin elmin maliyyələşdirilməsinə aydınlıq gətirilməlidir. Ən minimal məsələ distant təhsildə kredit tələbənin neçə olacağıdır. Amma bu da qanunda yoxdur. Təhsilin mərkəzləşdirilmiş idarə sistemi adı altında bir maddə yaradılmalıdır və hamı da bilməlidir ki, bu sistem hansı işləri görməlidir".