“Bu müddət ərzində dinmədim, səbr etdim. Düşündüm ki, yoldaşının nə yazmasından, danışmasından asılı olmayaraq gözləyim, görüm Əvəz Zeynallı nə deyir. Məni tanıyanlar bilir ki, bütün görüşlərimdə Əvəz Zeynallının həbsinin siyasi olduğunu bildirmişəm. Amma dünən Əvəz Zeynallı məni özü ilə birlikdə görmək istədiyini bildirib”.
Teleqraf.com xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının üzvü Elçin Sadıqov “Xural Yayınları” MMC-nin təsisçi və baş direktoru Əvəz Zeynallını ittihamlarına cavab olaraq sosial şəbəkə hesabında yazıb.
O qeyd edib ki, Əvəz Zeynallıdan Rasim Məmmədov və onun ailə üzləri barəsində yazmamağı xahiş edib: “Əvəz məndən nə qədər pul qazandığımı, dolanışığımın necə olduğunu soruşdu. Allaha şükr etdim və bunun məsələyə nə aidiyyətinin olduğunu soruşdum. O isə bildirdi ki, sən dolanırsan, mən də dolanmaq istəyirəm. Rasim Məmmədovun ailəsinə dedim ki, bu yaxşı adam deyil, 14 il pulsuz vəkillik etmişəm, indi bir şeyi xahiş edəndə pul istəyir, bununla ümumiyyətlə danışmayaq.
O gündən sonra Əvəz dayanmadı, hər gün Rasim Məmmədova və ailə üzvlərinə qarşı hədyanlar danışmağa başladı. Əvəzin dayanmadığını gördük, hətta 26 avqust 2022-ci il tarixli çıxışında Əvəz adını çəkməsə də, Rasim Məmmədovun müdafiə işinə də ilişmişdi”.
Elçin Sadıqov deyib ki, bundan sonra Əvəz Zeynallı ilə danışmağa məcbur olublar: “Əvəz mənə fantastik məbləğ demişdi. Sonra razılaşdıq. Pulu aldı. Cəmi 4 gün sonra yenə hədyanlar danışdı. Əvəzin bunu edəcəyini, yəni, pul alıb yenə danışacağını, karusel edəcəyini heç gözləməzdim. Bu da Məmmədovların haqlı narazılığına səbəb oldu.
Həmin gün narazılıq olmasın deyə öz pulumdan Məmmədovların pulunu geri qaytardım. Və sonra mənə dedi ki, ona pul yox, sənədlər verdiyimi deyim. Özü də elə dedi. Sənəd adı gələn kimi, ikimizi də tutdular. Halbuki Cinayət Məcəlləsinin 312-ci maddəsinin qeydini bilən hər kəs bilir ki, mənim əməlimdə heç vaxt cinayət tərkibi olmayıb. Məni vəsatətə görə həbs etmişdilər”.
Vəkil əlavə edib ki, Əvəz Zeynalıya qarşı müxtəlif ittihamlar və çoxlu epizodlar var: “Bəlkə də maddələrinin sayını özü də bilmir. Amma yenə də mənim adımı çəkib, şou düzəldir. Onda belə çıxır ki, o biri ittihamların hamısı düzdür, ona görə Əvəz onları pərdələməyə çalışır”.
Qeyd edək ki, Əvəz Zeynallı martın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə çıxış edən zaman Elçin Sadıqovun ünvanlna bir sıra ittihamlar səsləndirib. Əvəz Zeynallının sözlərinə görə, vəkil Elçin Sadıqovla birlikdə həbs olunub: “İttiham verilib ki, mən Elçin Sadıqovla birlikdə rüşvət almışam. Amma Elçin Sadıqovun işi mənim işimdən ayrılıb və o, azadlıqdadır. Niyə o azadlıqdadı? Axı mənə ittiham onunla birlikdə verilib... Biz bir ittihamla saxlanılmışıq, həbs edilmişik”.
Bu iş üzrə adı keçən Rasim Məmmədov isə “Baku Steel Company” şirkətinin sabiq rəhbəri olub. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan mərhum edilib.
Hökmə əsasən, Rasim Məmmədovun cinayət işi ilə bağlı üzərinə həbs qoyulan 70 milyon manatlıq əmlakının müsadirə olunması barədə qərar qəbul edilib.
Rasim Məmmədov ümumilikdə 185 milyon manat mənimsəmə və ya israf etməkdə təqsirli bilinir.
İstintaq orqanı tərəfindən Rasim Məmmədovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə zərərçəkmiş qismində “Baku Steel Company” MMC tanınıb.
Elçin Sadıqov Rasim Məmmədovun vəkili olub.
Rəsmi məlumata görə, Əvəz Zeynallı Elçin Sadıqovun vasitəsi ilə Rasim Məmmədovun ailə üzvlərindən 20 min manat alması müəyyən edilib.
Elçin Sadıqov da Əvəz Zeynallı ilə birgə həbs edilsə də, sonradan onun barəsində olan həbs qətimkan tədbiri dəyişdirilib. O, azadlığa buraxılıb.
Əvəz Zeynallıya qarşı Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq törətmək), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma), 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 32.4, 312.2-ci (Rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsində iştirakçılıq) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) maddələri ilə ittiham verilib.