3 Aprel 2023 11:41
654
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün əvvəl Bakının Xətai rayonu, 3 saylı uşaq evi ilə bağlı şikayət edən yeniyetmənin yerləşdirildiyi Respublika Psixiatriya Xəstəxanasında intihar edəcəyinə dair video yayılıb.

Videoda xəstəxanada olan M. H.-ın intihar həddinə çatdırıldığını bildirir. Görüntülərdə hündür binanın damına çıxan şəxs özünə qəsd edəcəyini deyir.

Teleqraf.com məsələ ilə bağlı Respublika Psixiatriya Xəstəxanasına müraciət edib.

Xəstəxanadan bildirilib ki, intihara cəhd videosunun xəstəxana ilə əlaqəsi yoxdur: “O, çəkilişi uşaq evində edib. Videonu yayıblar, nə üçünsə bizim adımız çıxıb ortaya. Amma videonun bizimlə heç bir əlaqəsi yoxdur”.

Xəstəxanadan hazırda yeniyetmənin vəziyyətinin normal olduğu deyilib: “Həkimlər özü ilə danışır. Heç bir şeyi yoxdur”.

Qeyd edək ki, ötən gün sosial şəbəkədə Bakının Xətai rayonu, 3 saylı uşaq evi ilə bağlı videoşikayət yayılıb.

Müəssisədə qalan yeniyetmələrdən biri iddia edib ki, orada uşaqlar normal qidalanmır, onlara quru çörək verirlər. Uşaq evinə gələn ərzaq onlara çatdırılmır: “Uşaq evinə gələn ərzağı aparırlar. Əti bişirirlər, sümüyünü bizə verirlər, özünü aparırlar. Meyvələri, südü aparırlar”.

Yeniyetmənin sözlərinə görə, məktəbin direktoru onun ömürlük psixi sağlamlıq mərkəzinə yerləşdirilməsi üçün polis bölməsinə müraciət edib və telefonunu əlindən alıb.

Yeniyetmə martın 23-də ərazi üzrə polis əməkdaşları tərəfindən Respublika Psixiatriya Xəstəxanasına aparılaraq ora təhvil verilib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər