Dövlət İmtahan Mərkəzi ötən gün imtahana gələn bəzi abituriyentlərin üzərində kəsici-deşici vasitələr, müxtəlif elektron cihazlar və digər köməkçi vəsaitlərin aşkar olunduğunu açıqlayıb. Bir müddət öncə DİM sədri Məleykə Abbaszadə imtahan zalına bıçaq və qumbara keçirməyə cəhd halları olduğunu söyləmişdi.
Bəs niyə yeniyetmələr imtahana soyuq silah sayılan vasitələrlə gəlir? Bu fonda abituriyentlərin “oğru dünyası”na meyl etdiyi barədə deyilənlər əsaslıdırmı?
Məsələ ilə bağlı təhsil eksperti Elçin Əfəndi Teleqraf.com-a açıqlamasında deyib ki, imtahana gələn abituriyentin cibindən soyuq silahlar aşkarlanması xoş hal deyil.
Onun sözlərinə görə, abituriyent ali və ya orta ixtisas təhsil müəssisəsinə qəbul olmağı qarşısına məqsəd qoyubsa, onun üzərindən kitab-dəftər çıxmalıdır: “Bəzi abituriyentlərin üzərindən bıçaq, təsbeh və digər vasitələrin çıxması orta məktəblərdə təhsilin keyfiyyətinin aşağı olmasını göstərir”.
Elçin Əfəndinin fikrincə, bu hallarla bağlı orta təhsil müəssisələrində monitorinq aparılmalıdır: “Yaxşı olar ki, bununla bağlı müvafiq qurum monitorinqlər nəticəsində bu qəbildən olan şagirdləri, eləcə də digər şagirdlərin psixologiyasına təsir göstərəcək şəxsləri təhsil prosesindən kənarlaşdırılsınlar. Belə olduğu təqdirdə biz imtahan verib ali məktəbə qəbul olmaq istəyənləri görə bilərik. “Oğru aləmi”nə, “cənubdan əsən küləyə” meyl etmə halları müşahidə olunur. Yeniyetmələrin xurafatın, cəhalətin təsiri altına düşməsi, məktəblərdə bəzi yuxarı sinif şagirdlərinin narkotik vasitələrə meyl etməsi cəmiyyət üçün xoşagəlməz mənzərənin siqnalıdır”.
Təhsil eksperti DİM sədri Məleykə Abbaszadənin bir müddət öncə bəzi abituriyentlərin imtahana gələrkən qumbara gətirməsinə məsələsinə də toxunub: “Qumbara gətirilməsi halı son illərin məsələsi deyil, bir neçə il bundan öncə baş vermişdi. Amma bıçaq, kəsici-deşici alətlər və ya köçürmə ilə bağlı digər vasitələr demək olar, hər imtahanda gətirilir. Sadəcə Məleykə Abbaszadə açıqlama verdikdən sonra bəzi şəxslər buna inanmadıqlarını bildirirdilər.
İndiyədək bu hallar müəyyən problemlər yaranmaması və cəmiyyət tərəfindən narazılıqlar olmaması üçün açıqlanmırdı. Qumbara məsələsindən sonra cəmiyyətin inamsızlığını görən Dövlət İmtahan Mərkəzi görüntüləri ictimaiyyətlə paylaşdı”.
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru İlqar Orucov isə abituriyentlərin imtahana aidiyyəti olmayan alətlərlə keçirməsinin təəccüb doğurduğunu bildirib: “Biz zaman-zaman imtahanlara “şparqalkaların” və bu prosesdə istifadə edilə biləcək digər vasitələrin keçirilməsinin şahidi olmuşuq. Yəni bu kimi hallar olub. Amma məsələ burasındadır ki, təsbeh, kəsici-deşici alətlərdən imtahanda istifadə etmək mümkün deyil. Gənclər nədən bu alətlərlə imtahana gəlirlər? Bu, xeyli təəccüb yaradır.
“Şparqalka”nın məqsədi məlumdur ki, imtahan zamanı köçürmək üçün edirlər. Bu onu göstərir ki, gənclərimiz arasında ciddi iş aparmaq lazımıdır. Hətta 5-ci, 6-cı sinif şagirdləri elektron siqaretlərdən istifadə edirlər. Təlim-tərbiyə işinə ciddi fikir verməliyik”.
Müsahibimiz təəssüf hissi ilə bildirib ki, xüsusilə gənclər arasında narkomaniyanın artması, kriminal şəxsləri özlərinə “kumir” seçmə halları çox yayğındır: “Gənclərin kriminallaşması, narkotik istifadəçilərinin sayının artması təsadüfi deyil. Ailələr sürətlə dağılır. Təəssüf ki, ailə dəyərlərimizi yaşada bilmirik. İdeoloji iş üzərində davamlı çalışmalıyıq. Ailə institutu sıradan çıxmaqdadır. Kriminal avtoritetə bənzəmək, onların həyat tərzinin örnək seçilməsi təhlükəli haldır. Bu halların qarşısını almaq üçün kompleks işləmək, vətəndaş cəmiyyətinin rolunu artırmaq lazımdır”.