4 Aprel 2023 20:20
1 057
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı mühacir Hüseyn Baykara 1930-cu ildə Ankarada Hüquq fakültəsindən məzun olub. Ardınca Diyarbəkir vilayəti Osmaniyyə qəzası prokurorluğuna təyin edilib. Daha sonra isə Elazığ şəhərində hakim olaraq çalışıb. Hüseyn Baykaranın 1964-cü ildə “Düşün” dərgisində çıxan iki hissəli yazısının birinci qismini dünən təqdim etmişdik. Yazının ikinci qismində Hüseyn bəy 1937-ci ildə Elazığa gələn Mustafa Kamal Atatürkün şərəfinə verilmiş ziyafətdəki iştirakından bəhs edib.

Əvvəli burada

Hüseyn Baykara Atatürk-Fikrət münasibətləri

İkinci hissə

Fikrətin Azərbaycanda Bakı Universitetində ədəbiyyat tarixi qrupunda dərs kimi oxudulması professor İsmayıl Hikmət Ertaylanın gəlməsi ilə başlayır.

1923-cü ildə doktor Xəlil Fikrətlə birlikdə Bakıya gələn professor İ.H.Ertaylan tariximizin ən bədbəxt və qaranlıq günlərində bizə kömək etmişlər.

Azərbaycanın kommunist rus istilası altında hər gün bir qrup milliyyətçi aydın kadrlarının yox olmasına xeyli üzülmüş, zərərin harasından qayıdılsa kardır fikrini rəhbər tutaraq Türkiyə Cümhuriyyəti vətəndaşı kimi türk kommunist liderləri nəzdindəki nüfuzlarını hər zaman milliyyətçi gənclərin qorunması lehinə istifadə etmişlər. Milli şairimiz Cavad Axundzadəni həbs edərək aylarla ÇeKada saxladıqları zaman professor İ.H. Ertaylan Cavadın şeirlərinə bir tənqidçi kimi yanaşaraq Cavadı milliyyətçi simvolist bir şair deyil, naturalist bir şair olaraq tədqiq etmiş, kommunist liderlərin ən çox qəzəbləndirən “Göygöl” şeirinin bir təbiət təsvirindən başqa bir şey olmadığını irəli sürmüşdür.

Maarif komissarı Mustafa Quliyev və müavini Cəlil Məhəmmədquluzadə nəzdində şəxsən və israrlı təşəbbüsləri ilə Cavadın buraxılmasını birinci dəfəsində təmin etmişdir. Əsasən bizim gizli komitə şeflərinin çoxu bu iki türk müəllimə çox inanır və onlardan bir şey gizlətmirdilər. Professor İ.H. Ertaylanın Türkiyə ədəbiyyat tarixini bizə oxutduğu illərdə Bakı Universiteti Ədəbiyyat fakültəsində və Pedaqogika fakültəsi ədəbiyyat bölümündə bir Fikrət kürsüsü qurulması məsələsi irəli sürülmüşdü. Kommunist partiyasının İ.H. Ertaylanın və Dr. Xəlil Fikrətin Azərbaycandakı milliyyətçi fəaliyyətlərindən qurtulmaq üçün onların müqavilələrini ləğv edərək məmləkəti tərk etmələrini istəmələri ilə bu təşəbbüs tətbiq edilməmişdir. 1923-cü ilin dekabr ayı. Bakıda ÇeKanın (Fövqəlada Komissiya təmsilçilərinin rusca iki baş hərfidir, edam və sürgün cəzaları vermək səlahiyyətləri vardı) zirzəmisində idim.

Gecəyarıları nəzarətçilərin işgəncəli sorğu-suala apardıqları istiqlalçı və milliyyətçi gizli gənc komitəçilərin ağzından azəri şairlərinin şeirlərinin yanında Namiq Kamalın və Fikrətin şeirləri də heç əskik olmamışdır. Edam gecələri ölümə gedən yoldaşlarımızın: “Köpəkdir zövq alan səyyadi-biinsafa xidmətdən..” (Namiq Kamalın “Hürriyyət” qəsidəsindən – D.Ə) misrası eşidilmiş və Fikrətin: Zülmün topu var, gülləsi var, qalası varsa: Haqqın da bükülməz qolu, dönməz yüzü vardır! beyti bizlərdə bir fikir olmuşdu. Dəfələrlə eşidilmişdir. Ora Fikrətin dəqiq təsvir etdiyi məfkurə, millət və insanlıq mücadiləsinin həqiqi səhnəsi olmuşdur. Zirzəmidən çıxarılaraq yeddi gün sonra təkbaşına həbsxana hücrəsinə qapadıldığım zaman hücrənin divarlarını bir şeir sərgisi kimi bəzəyən və məndən öncəki dustaqların yazdıqları parçalarda Fikrət başqa idi.

1938-ci ilin bir yaz ayı idi. (Müəllif yanlışlığa yol verib, Atatürk Elazığa 17 noyabr 1937-ci ildə gedib – D.Ə) Böyük xilaskar Atatürk Eləzizə gəlmişdi. Yanında dövrün baş naziri Cəlal Bayar, bəzi nazirlər, başda Kazım Orbay olmaqla bir çox generallar və məbuslardan tanıdığım Fazil Əhməd Aykaç, İsmayıl Müştaq Mayakon və bir çoxları vardı. Bir axşam Atatürkün şərəfinə Eləziz Xalq Evində tərtib edilən böyük və qələbəlik ziyafətdə mən də hakimlər heyətinə dəvətli idim. Qırx nəfərlik içkili süfrə böyük bir salonda xüsusi olaraq hazırlanmışdı. Ramazan ayı idi. Hər kəs böyük lideri öz aralarında görməkdən sevincli və bəxtiyardı.

Süfrədə olanlardan biri Ramazandan söz açdı. Atatürk dinlədi və bir az xəyala getdikdən sonra “Ramazan ayıdır, biz də içki içirik” söylədi və yenə xəyala daldı. Sonra yenə sözə başlayaraq “qulaq asın, sizə bir hekayə danışım” deyə buyurdu.

Bu hekayəni danışdı: “Bir kənddən qürbətə gedən Həsən dayı varmış. O, uzun illər qürbətdə qaldıqdan sonra həsrətlə kəndinə gəlmiş və bir müddət kəndində qaldıqdan sonra yenə qürbətə getmək üçün yola çıxmış. Həsən dayı Ramazanda, isti bir gündə kəndi tərk edərkən kənd xalqı onu kəndin daimi bir yoxuşundan piyada gedərək yola salırmışlar. Yol yoxuş, gün Ramazan, hər kəs oruc və hava çox isti imiş. Yolçu edənlərdən bir kəndli birdən-birə yolun kənarındakı çeşməyə əyilərək doya-doya su içməyə başlamış. Digər kəndli “sən nə edirsən, oruc deyilsənmi?” deyə soruşunca oruc olduğunu xatırlayan kəndli ağzını çeşmədən çəkməmiş və “yahu, Ramazan hər il gəlir, fəqət Həsən dayı bir daha gəlməz” cavabını vermiş”.

Qədərin acı cilvəsi belə oldu. Atatürk bu səyahətdən qayıtdıqdan sonra xəstələnib yatağa düşdü və adını Eləzizdən Elazığa çevirdiyi yerə bir daha gəlmədi.

Bu hekayədən sonra bir müddət söhbət edildi. Atatürk Fazil Əhməd Aykaçı çağırdı və ona tarixi mövzuda bir-iki səhifə yazı diktə etdi. Bu yazı ilə Eləzizin adı Elazığa çevrildi və Fazil Əhməd bəy hazırlaşmaq üçün bir saat möhlət istədi. Bir otağa çəkilərək bir saat sonra gəldi, yazdıqlarını oxudu. Atatürk “alınmayıb” deyə bəzi düzəltmələr etdi, Aykaç yenə çalışmağa getdi. Budəfəki gəlişində Atatürk yazını bəyəndi və “çıxaq böyük salona, xalqa bu yazını oxu” deyə əmr etdi. Böyük salona çıxıldı.

Aykaç səhnəyə çıxaraq yazını oxudu, xalq o axşam Atatürkü çox-çox alqışladı. Bundan sonra Atatürkün şərəfinə tərtib edilən yerli saz qrupunu dinlədilər, oyunlar oynanıldı. Bir ara söz ədəbiyyatdan düşdü. Atatürk Tofiq Fikrəti çox sevdiyini və onun ədəbi qiymətinin çox yüksək olduğunu və xüsusilə Fikrətin inqilabçılığını çox bəyəndiyini əlavə etdi. O axşam Atatürk tez-tez xəyala dalırdı. Mən yuxarıda danışdığı Həsən dayı hekayəsi ilə o axşamkı dalğınlığını həkim dostlarıma danışdığımda mənə serroz xəstəliyinin hələ o zaman böyük qurtarıcını içəridən yıxmağa başladığı cavabını verdilər. Birdən-birə Atatürk yuxudan oyanır kimi silkələndi və İsmayıl Müştaq Mayakonu çağıraraq Fikrətin “Fərda”sını səhnəyə çıxaraq oxumasını əmr etdi. Mərhum Mayakon səhnəyə çıxdı və “Fərda”nı çox gözəl bir səs və əda ilə oxudu. Mayakon şeiri oxuyub bitirdi və Atatürkün yanına gəldi. Atatürk ona təşəkkür etdi və indi “Sis”i oxu deyə əmr etdi. Mayakon səhnədə “Sis”i oxudu və enməyə yönəldiyi zaman Atatürk yerindən “Rücu” deyə səsləndi. Mayakon “Rücu”nu da oxudu. Atatürk “olmadı” dedi və “Rücu”nu bir daha təkrarlatdı. Ondan sonra Mayakon Fikrətin mərhum Mehmed Akifə verdiyi şeiri oxuyaraq səhnədən endi. Mayakon bu şeirin sonunda “Sən nə deyirsən buna, ey molla Sırat…” misrasını oxuyunca Atatürk güldü və çox nəşələndi, ətrafına dönərək “hansı türk şairi belə inqilabçı şeirlər yazmışdır?” deyə söyləndi.

Fikrətin Türkiyə sərhədlərini aşıb-daşan mücadiləçiliyi, yüksək ədəbi dəyəri və nəhayət, böyük qurtarıcı Atatürk tərəfindən bəyənilən və təqdir edilən inqilabçılığı inqilablar Türkiyəsində, 1963-cü ildə fəlsəfə uyduran yazılarda “fikri pozğunluq”, “dinsizlik” deyə verilir. İnsan bu yazıları oxuyunca istər-istəməz xəlifənin dirildiyini və mədrəsələrin III Səlimdən bu yana etdiyi kimi irəliçi hərəkatların yolunu kəsməyə başladığını zənn edir.

Fikrətin qüsurlarına baxın: Halukun əməntüsü ilə Fikrət İslamiyyətdəki əməntü əsaslarını dəyişdirirmiş. Fikrət şeytanı və mələyi açıqca inkar edir və Allahı bir “qüdrəti-külliyyə” deyə gizli hala gətirirmiş. “Fitrətdə təkamül əzəlidir, Quranla inandım…” deməklə “Qurandan sonra bir kitab daha gələ bilər” demək istəyirmiş. “Zülmət sönəcək, parıldayacaq haqqı-dirəxşan, qollar və boyunlar çözülüb bağlanacaq həp yumruqlar, o zinciri xuruşanla inandım, bir gün edəcək fən şu siyah torpağı altun, hər şey olacaq qüdrəti-irfanla inandım…”

Bütün bunlar dinsizlikdir və bunlarla Fikrət Allahı və axirəti inkar etmişdir, İslamda əsas bu dünya deyil, o biri dünyadır. Fikrəti fikri və dini pozğunçuluqda küfr və ittiham edən “ali fəlsəfələr” irəli sürən ruhi pozğunları oxuduqca qorxuram və öz-özümə “əcəba fransız ixtilalında olduğu kimi bir restavrasiya dövrünəmi yaxınlaşırıq” deyə qara-qara düşünürəm…


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər