Mövsümündən tez yetişən meyvələri yemək olmaz. Fermerlərin əksəriyyətinin dərmanlanma ilə bağlı normativləri bilməməsi insanların zəhərlənməsinə gətirib çıxarır.
Teleqraf.com xəbər verir ki, bu barədə qida məsələləri üzrə ekspert Ağa Salamov bu fikirləri bildirib.
Onun sözlərinə görə, yabanı otlar, böcəklərə qarşı mübarizə ilə yanaşı, meyvə və tərəvəzlərdə bol məhsul əldə etmək üçün dərmanlama həyata keçirilir: “Alça ağacı çiçəklənəndə fermerlər dərmanlama prosesi aparırlar ki, bu da savadsızlıqdan irəli gəlir. Ən çox azyaşlı uşaqlar alça, çiyələk yeyəndə zəhərlənir. Bu yaxınlarda Azərbaycanda bir uşaq alçadan zəhərlənərək öldü. Bu, mediaya bəlli olan xəbər idi. Hələ mediada haqqında yazılmayan mikro və makro zəhərlənməyə məruz qalan insanlar da var”.
Ağa Salamov onu da qeyd edib ki, dərmanlama prosesini aparan işçilərə dərmanın hansı dozada istifadə olunmasına Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ciddi baxış keçirilməlidir: “Məsələn alça, çiyələk kimi meyvələr vaxtında yetişəndə daha dadlı, keyfiyyətli və faydalı olur, nəinki indi. Qarpız mövsümü yaxınlaşır, vaxtından tez yetişdirdikləri üçün zoğları görünür, tam formalaşmamış qarpız əmələ gəlir”.