30 Aprel 2023 15:14
1 215
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Akademiya da, ədəbiyyat mükafatı da çox lüzumludur”

1939-cu ildə Türkiyə ictimai fikrində maraqlı müzakirə başlanır: Türkiyədə akademiyaya və ədəbiyyat mükafatına ehtiyac varmı? Mətbuatda müzakirə olunan bu mövzulara dövrün tanınmış ziyalıları belə cavab veriblər:

Hüseyn Rahmi: “Əgər məmləkətdə ədəbiyyat deyilən şey varsa, onların mənsublarının bir akademiya ətrafında toplanmaları lazımdır. Akademiya çox faydalı olacaqdır”.

Refik Halid: “Akademiyamı? Nə lüzumu var? Fransızlar akademiya qurdular, amma nə faydasını gördülər? Fransız akademiyasından ən məşhur dilçi kimi tanınan bir şəxsin hazırladığı qrammatikanı ötənlərdə məsğərəyə qoydular. Ədəbiyyatda bugünkü halın davamı çox yaxşı olar”.

Hüseyn Cahid: “Ədəbiyyat mükafatı? Hələlik buna heç tərəfdar deyiləm. Mükafat qoyulanda gərək bunu bir əsərə verəsiniz. Əsər varmı? Mükafatı kimə verəcəyik? Ədəbiyyat mükafatı illərlə bir kassanın içində həbsdəmi qalacaq?”

İsmayıl Habib: “Üç əsrdən bəri Fransada yetişən ən böyük adamların 90 faizi akademiyanın xaricində yetişmişdir. Bu gün fransızlar belə öz akademiyalarına lağ edirlər”.

Bu münasibətlə “Akşam” qəzetinin müxbiri Hikmet Feridun Es Azərbaycan əsilli görkəmli türk mütəfəkkiri, ictimai-siyasi xadim Əhməd bəy Ağaoğlunun evinə gedərək onun fikirlərini soruşub.

Əhməd bəy Ağaoğlunun 6 fevral 1939-cu ildə - vəfatından üç ay öncə verdiyi müsahibəni təqdim edirik:

***

Əhməd bəy Ağaoğlunun evinə bir dəfə də getmişdim. O vaxt ustad Nişantaşında böyük, köhnə bir köşkdə yaşayırdı. Mən yenə Nişantaşındakı küçədə yerləşən, qapısı böyük toxmaqla döyülən köhnə köşkü axtarırdım. Fəqət babacan, ixtiyar köşkün yerində qarşıma yepyeni, tam mənası ilə modern bir ev çıxdı. İxtiyar köşkü istanbulinli bir Babiali nazirinə bənzədirdim. İndi qarşımdakı yeni ev Hollivud ulduzları qədər müasir idi. Az qala bacası əl sallayıb “hello!” deyə bağıracaqdı...

İçəriyə girdim. Həqiqətən, Ağaoğlunun evi bir zövq şah əsəri idi. İstanbulda iki-üç ev olduqca xoşuma gəlir, deyə bilərəm. Onlardan biri də ustadın yeni evidir. Tam bir dairə şəklindəki salonda bir müddət əyləşdim. Nişantaşından Beşiktaşa qədər bütün bu yerlər sanki ayaqlarımızın altında idi. Mənzərə evdən, ev mənzərədən gözəl.

Çöldə gözəl bir axşam düşür. İrəlidəki evlərin pəncərələrində işıqlar yanır. Havanın qaralmasına rəğmən ustad bir az naxoş olduğu üçün yatırmış. O, qalxana qədər mən də bu gözəl evi yaxşıca dolaşdım. Gizli işıq tərtibatı, divarlarda köhnə türk memarlığı tərzində mərmər rəflər… Hər köşədə bir zövq əsəri gizli…

Nəhayət, Ağaoğlunun yerdən tavana qədər bütün divarları kitabla dolu otağına girdim. Ustad yeni qalxmış və geyinmişdi. Əvvəl qəhvələrimizin, sonra çaylarımızın dumanları arasında söhbətə başladıq. Məmləkətdə bir Ədəbiyyat Akademiyasının qurulmasının ən hərarətli tərəfdarlarından biri də Ağaoğludur.

Arada qiymətli fikir adamı nəfəs darlığına qarşı dərmanlanmış siqaretlərindən birini yandıraraq bu məsələ ətrafında fikirlərini anlatmağa başladı:

Mühəqqəq ki, məmləkət üçün bir Ədəbiyyat Akademiyasına şiddətli şəkildə ehtiyac vardır. Mən təkcə Ədəbiyyat Akademiyasına deyil, tam və geniş ifadəsi ilə bir sənət, elm, fənn, fikir cəbhəsi olan ümumi bir akademiyaya tərəfdaram. Akademiya bir məmləkət üçün universitet qədər lüzumludur. Belə bir təşəkkülü qurmaqla fikir aləmi avtoritar bir müəssisə qazanmış olar. Fikir həyatının da belə bir müəssisəyə olduqca ehtiyacı vardır. Böyük Pyotr işə başladığı zaman məmləkətini çox bərbad, xalqını çox cahiş gördü, avropalılaşmaqdan başqa çarə olmadığını anladı. Peterburqu təsis etdiyi gün akademiyanın və universitetin də təməlini atdı. 1705-ci ildə… Böyük Pyotr çox yaxşı anlamışdı ki, bu iki müəssisə yeni əsrin, yeni zamanın, yeni dövrün təməlləridir. Bir şəhər qurularkən eyni gün akademiya ilə universitetin də təməlini atmaq üçün bu iki müəssisəyə nə qədər böyük əhəmiyyət vermək lazımdır. Bir akademiyaya sahib olmaq: sənət, elm, fənn, ədəbiyyat sahəsində bir mehrab, bir qayə əldə etmək deməkdir. Akademiya sənətkarı, alimi, fənn adamını, ədəbiyyatçını təşviq edən bir yerdir. Çünki öndə bir qayə, çatılacaq bir yer var deməkdir. Çünki akademiyaya girmək bir məmləkət miqyasında mənəvi bir qiymət qazanmaq deməkdir. Parisdə oxuyarkən bir çox professordan təhsil aldım. Onlardan ancaq ikisi-üçü Renan kimi böyük zəhmətdən, işdən sonra akademiyaya qəbul olunmuşdu.

Təşkil edəcəyimiz akademiya üçün haradan örnək götürməyimiz uyğundur?

Fransız akademiyası mövcud akademiyalar içində ən köhnə olanıdır və yaxşı bir təşəkküldür. Fəqət bütün akademiyalar bu təşəkkülləri yunanlardan götürüblər. Bizimkisi də fransız akademiyası kimi ola bilər. Bunun təşkilinə gəlincə, o da bu tərzdə ola bilər: Əvvəla, rəsmi olaraq beş akademiya üzvü seçilər. Onlara sayları qədər akademiyaya üzv seçmək haqqı verilər. Bu şəkildə akademiya üzvü sayı 10-a çıxar. Bu 10 üzvə də yenə özləri qədər akademiya üzvü seçmək haqqı verilər. Akademiya bu surətlə təşəkkül edər.

Lakin bizdə beynəlmiləl ədəbiyyat, elm, fənn, sənət adamı olmadığından bəhs edilir.

Hər kəsin akademiyası öz ədəbiyyatına, elminə, fənninə, bir kəlmə ilə özünə görə olur. Mövcud olan bir cismi nə qədər kiçik olarsa-olsun, tərəzidə çəkmək olar, deyilmi? Maddələrin qabili vəznidir. “Bu şey kiçikdir” deyə onu çəkəcək tərəzi olmadığına qane olmaq gülüncdür. Akademiya işində də belə düşünmək lazımdır. Bizdəki elm, sənət, fənn, ədəbiyyata görə bir akademiya qurmağımız çalışmamızı daha çox qüvvətləndirər. Sonra belə bir akademiyanın dil baxımından da olduqca lüzumu vardır. Təəssüf ki, türk dili bütün dillərdən daha az tədqiq edilmişdir. Yalnız bizdə deyil, Avropada da türkcə çox az öyrənilmişdir. Halbuki avropalılar ərəb dilini uzun-uzun və ən kiçik təfərrüatına qədər tədqiq etmişlər. Ona görə də ərəbcənin, demək olar ki, məchul qalmış tərəfi yoxdur. Türkcə belə deyildir. Hələ lisanımız üzərində çox böyük tədqiqat aparılmasına ehtiyac vardır. Qurulacaq akademiya bunu çox əla bacara bilər. Akademiyanın ən faydalı işlərindən biri də böyük bir lüğət, böyük bir ensiklopediya hazırlamaq olacaqdır.

Ədəbiyyat mükafatının yaradılmasına tərəfdarsınız?

Həm də can və könüldən tərəfdaram. Ədəbiyyat çox təşviq edilməlidir. Fəqət ədəbiyyat mükafatı məsələsi akademiya işinə bağlıdır. Çünki bu mükafatı vermək üçün səlahiyyətdar, anlayışlı, avtoritar bir hakim heyəti olması lazımdır. Bu heyət də ancaq akademiyada ola bilər. Akademiya qurulduqdan sonra yalnız ədəbiyyatı deyil, elm, fənn, sənət həyatını da təşviq etmək üçün də mükafatlar yaradıla bilər. Bunların da çox böyük faydaları olar. Fəqət ədiblərimizi, həqiqətən çalışdırmağımız lazımdır. Bu gün Anadolu ədib, hekayəçi, romançı ayağı dəyməmiş bakir bir məmləkət halındadır. Ədəbiyyat baxımından kəndliyə heç toxunulmamış, onunla məşğul olunmamışdır. Kəndli kimdir? Necə yaşayır? Nə düşünür? Necə aşiq olur? Necə sevinir? Necə iztirab çəkir? Necə çalışır? … Bunlar bizim hekayələrin, romanların sətirləri arasına, təəssüf ki, hələ də girmiş deyildir. Kəndli ədəbiyyat üçün hələ də əsrarəngiz bir məfhumdur. Bizdə ədəbiyyat ancaq şəhərdən, şəhərin də varlı təbəqəsindən bəhs edər. Xanım plyaja gedər, orada idmançı bir dəliqanlıya rast gələr, tanış olarlar, avtomobil və yelkənli qayıq gəzintilərinə çıxarlar və s. Təkcə kəndli deyil, şəhərdəki kiçik sənətkar, az qazanclı əsnaf və sairə də ədəbiyyatımız üçün məchuldur. Məsələn, tramvay sürücüsü kimdir? Nalbənd necə bir insandır? Dəmirçi hanı? Pinəçi kimdir? Tuneldəki turniket məmuru necə yaşayır? Bütün bu suallarımızın cavabını ədəbiyyat verə bilərmi? Bugünkü halda, təəssüf ki xeyr… Şəhərdəki kiçik əsnaf və kiçik sənətkarı tədqiq etməmişik, az qazanclı məhəllələrə girməmişik.

(Bu surətlə ağlıma Hüseyn Rahmi gəldi. Ustadla bərabər ikimiz də eyni zamanda eyni adı xatırlamışıq).

Ağaoğlu:

Məsələn, Hüseyn Rahmi məhəllə içinə girmişdir, məhəllə həyatını yazmışdır. Fəqət Hüseyn Rahminin tərzi mizahdır. O, qüvvətli bir obyektivliklə məhəllə həyatının komik tərəflərini təsbit etmişdir. Bir sənətkar yalnız öz janrına görə yazar. Hüseyn Rahmi ondan gözləniləni etmişdir. Fəqət həyat yalnız komediyadanmı ibarətdir? Bunun bir də tragediya tərəfi vardır ki, bundan bizdə heç bəhs edilmiş deyildir. Bugünkü ədəbiyyatımızın bütün nöqsanı buradadır. Ədəbiyyatımız çox havayıdır, özünəməxsus deyildir. Məsələn, Qorki, Tolstoy, Zolya kimi xalqın ruhuna girilməlidir. Bu nöqsan üçün, məsələn, necə gözəl bir Anadolu, kəndli mükafatı yaradıla bilər. Anadoludan, kəndlidən, az qazanclı şəhərlidən, xalqdan ən gözəl, ən müvəffəq olunmuş bir tərzdə yazılmış əsərlərə mükafat verilməlidir. Bu surətlə bu mövzular da tədqiq edilmiş olar.


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər