"Azərbaycan Prezidentinin təyin etdiyi səlahiyyətli nümayəndələr faktiki yerli icra hakimiyyəti başçılarının funksiyalarını yerinə yetirirlər”.
Teleqraf.com-un xəbərinə görə, bunu bu gün Milli Məclisin iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev bildirib.
Həsənquliyev deyib ki, Prezidentin səlahiyyətli nümayəndələrinin yerli icra hakimiyyəti başçılarına göstəriş verib-verməmək səlahiyyətinə malik olduğu da ona aydın deyil:
“Konstitusiyanın 134-cü maddəsində qeyd olunub ki, icra hakimiyyətini yerlərdə yerli icra hakimiyyətinin başçıları həyata keçirirlər. Müvafiq icra hakimiyyəti orqanları ilə bu məsələylə bağlı müzakirə aparmalıyıq”.
Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə qeyd edib ki, Prezident Konstitusiyaya görə səlahiyyətli nümayəndəlliklər yarada bilər:
“İcra hakimiyyəti orqanları əhali, səlahiyyətli nümayəndələr isə ərazi ilə məşğuldur. Heç kim bir-birinin səlahiyyətinə qarışmır".