Yaponiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri, Vada Cüniçi Füzuli rayonunun 1-ci Qayıdış qəsəbəsində yerləşən 4 saylı orta məktəbdə olub, “Fuji Optical Co.Ltd.” şirkətinin Azərbaycandakı 16-cı humanitar missiyasının heyətilə, həmçinin gördüyü işlərlə yaxından tanış olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Yaponiyanın Azərbaycandakı Səfirliyi məlumat yayıb.
“Fuji Optical Co. Ltd.” şirkəti 2005-ci ildən başlayaraq Azərbaycanın bir sıra rayonlarında məskunlaşmış məcburi köçkün və qaçqınların göz müayinəsini və eynək paylaşımı üzrə humanitar missiyanı icra edir. Bu il şirkət tərəfindən 6 nəfər optometrist mütəxəssis təyin olunmuş, dr.Akio Kanai və onun müavini dr. Hiromasa Kanai heyətə rəhbərlik edir. 2005-ci ildən bu vaxta kimi şirkət tərəfindən Azərbaycana 70 min eynək ianə edilib.
“Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyi olaraq Yaponiyanın fərdi şirkəti olan “Fuji Optical Co. Ltd” şirkətinin Yaponiya-Azərbaycan dostluq əlaqələrinə humanitar layihələr ilə töhfə verərək fəaliyyətini davam etdirməsini yüksək qiymətləndirir, dərin minnətdarlığımızı bildiririk”, - səfirlikdən bildirilib.