17 May 2023 16:53
551
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstər pedaqoji fəaliyyətim, istər vaxtı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri, hazırda Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri kimi hər zaman qızların erkən yaşda nikaha girməsinin əleyhinə olmuşam. Onlarla erkən nikah hallarının qarşısını almışıq. Uşaqları nikaha məcbur edən valideynlərin və özündən dəfələrlə kiçik olan azyaşlı qızlarla evlənmək istəyən şəxslərin məsuliyyətə cəlb olunmasına nail olmuşuq.

Bunu Teleqraf.com-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib

Professor qeyd edib ki, 12 il bundan əvvəl Ailə Məcəlləsinə dəyişiklik olub, nikah yaşı qadın və kişilər üçün 18 yaş müəyyən edilib: “O zaman bu dəyişiklikdən ötrü biz nə qədər təbliğat işi apardıq. Həmçinin, 2011-ci ildə Cinayət Məcəlləsinə 176-cı maddənin əlavə edilməsinə də çətinliklə nail olduq. Bu gün də Milli Məclisdə dövlət qurumlarının, vətəndaş cəmiyyətinin, tanınmış ekspertlərin iştirakı ilə bir çox ictimai dinləmələr keçiririk, qanunvericilik təşəbbüsləri ilə çıxış edirik”.

Komitə sədr hesab edir ki, maarifləndirmə işlərinin aparılması əhəmiyyətlidir: “Lakin əfsuslar olsun ki, hələ də erkən nikah halları var. Hələ də bir çox ailələr qız uşaqlarına əlavə yük kimi baxır, öz maraq və mənafeləri üçün vasitə kimi istifadə edir. Belə valideynlər qız uşaqlarına qarşı daha çox cinayətkar kimi davranırlar. Biz bu zorakı davranışı, düşüncəni dəyişməliyik! Bu işdə müvafiq qurumlar, qeyri-hökumət təşkilatları, ziyalılar, ictimai nüfuzlu şəxslər, adi vətəndaşlar, xüsusi ilə də media, hər birimiz ümumi səylərimizi birləşdirməliyik”.

Qeyd edək ki, Bakıda Sabunçu rayonunda 13 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb. Artıq bununla bağlı dövlətin müvafiq qurumları zəruri addımlar atıb.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər