2 İyun 2023 17:11
552
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin olunması, o cümlədən əhalinin bu istiqamətdə maarifləndirilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü ilə dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın hadisələrinin qarşısının alınması, eləcə də meşələrdə yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə Şamaxı, Cəlilabad, Yevlax, Samux və Zaqatala rayonlarında seminar-müşavirələr keçirilib.

Tədbirlərdə qeyd olunan rayonların icra hakimiyyətlərinin məsul əməkdaşları və inzibati ərazi dairələri üzrə nümayəndələri, Dövlət Aqrar İnkişaf Mərkəzinin işçiləri, bələdiyyə sədrləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Meşə Təsərrüfatı mərkəzlərinin və “Aqroservis” ASC-nin nümayəndələri, yerli sahibkarlar və fermerlər iştirak ediblər.

Tədbirlərdə dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə, eləcə də meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyinin təmin edilməsi, həmçinin rayonların ərazisində açıq sahələrdə yanğın təhlükəsi yaradan quru ot, kol-kos, məişət tullantılarının vaxtında təmizlənməsi ilə əlaqədar aidiyyəti təşkilatlar qarşısında məsələlər qaldırılıb, yanğın təhlükəsizliyi ilə bağlı müvafiq qaydalar izah olunub.

Seminar-müşavirələrdə yerli idarəetmə orqanları tərəfindən də əhali arasında sözügedən sahəyə dair maarifləndirmə işinin aparılmasının vacibliyi diqqətə çatdırılıb.

Tədbirlərdə mövzu ilə bağlı geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər