“Medera Hospital” bir neçə gün öncə plastik əməliyyatdan sonra dünyasını dəyişən klinikanın işçisi Aygün Abbasovanın ölümü ilə bağlı açıqlama yayıb.
Teleqraf.com Axar.az-a istinadla xəbər verir ki, klinikanın hüquqşünası Xeyransa Babayeva Aygün Abbasovanın klinikada uzun müddətdir çalışdığını bildirib.
“Mərhum bizim 10 illik əməkdaşımız olub, çox etibarli, aktiv, işini bilən işçi olub və hospitalın kollektivi tərəfindən çox sevilib. Mərhumun 05.06.2023 tarixində vəfatı ilə bağlı mətbuatda xoşagəlməz şayiələr yayılıb.
Hazırda mərhumun ölüm səbəbi ilə bağlı ekspertizanın rəyini gözləyirik. Rəy gəldikdən sonra mətbuata tam şəkildə açıqlama veriləcək.
Mərhum öz qərarı ilə əməliyyat olmaq istəyib, “Medera Hospital”ın əməkdaşı olduğu üçün əməliyyatı tam təmənnasız həyata keçirilib. Müayinələrdən keçdikdən sonra əməliyyata qərar verib. Əməliyyatı fəsadsız keçib, əməliyyatdan sonra heç bir ağırlaşma olmayıb. Üç gün sonra evə yazılıb, lakin evində kiçik yaşlı uşağın olmasını əsas gətirərək, 2 gün artıq qalmaq istədiyini bildirib. Əməliyyatın 6-cı günündə evdə dünyasını dəyişib. Təcili tibbi yardım işçiləri ölümün səbəbini trobemboliya qoyub”.
Qeyd edək ki, Aygün Abbasovanın bədənşəkilləndirmə əməliyyatı keçirdikdən sonra dünyasını dəyişdiyi barədə məlumat yayılıb. Onu əməliyyat edən isə Günel Bayramlıdır.
Faktla bağlı araşdırma aparılıb-aparılmaması ilə bağlı Baş Prokurorluğa sorğu göndərilib.