"İctimai nəqliyyatdan istifadənin kəskin azalmasının günahını taksi xidmətinin üzərinə yaza bilmərik. Həm ictimai, həm də fərdi daşımada ciddi problemlər var".
Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı “Avtomobil nəqliyyatı haqqında” qanuna təklif edilən dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, ictimai nəqliyyat sahəsində ciddi dəyişikliklərin edilməsinə ehtiyac var: “Bu xidmətdə beynəlxalq standartlar tətbiq olunmalıdır. Adıçəkilən qanuna təklif edilən dəyişikliklər hesab edirəm ki, inhisarçılığa deyil, sağlam rəqabətə və məqbul qiymətə xidmət edəcək”.
Deputat eyni zamanda hava limanı və dəmiryolu stansiyasından çıxarkən heç bir qayda-qanun gözlənilmədiyini, xaos vəziyyət yarandığnıı, eləcə də “xalturşik” taksi sürücülərinə rast gəlindiyini xatırladıb:
““Xalturşik”lər adamın üzərinə arı kimi hücum edirlər. Azərbaycanlı olaraq fikirləşirsən ki, bu kimi hərəkətlər gözəlləşən Bakı barədə turistdə hansı təəssürat oyadar. Qardaş Türkiyədə hava limanında bu sahədə xüsusi xidmət var və hər kəs öz növbəsini gözləyərək aidiyyəti xidmətdən istifadə edir. Aidiyyəti qurumlara müraciət edirəm ki, bərbad durumdan çıxış yolu tapsınlar”.
Deputat Müşfiq Cəfərov deyib ki, Azərbaycanda da taksi sürücüləri mobil tətbiqlərlə yanaşı taksometrlərdən də istifadə etməlidir.
O qeyd edib ki, burada bir inteqrasiya olmalıdır: “Belə olmasa, şirkət elektron xidmət göstərə bilər, amma taksi sürücüsü yolüstü sərnişin götürə bilməz. Taksometri olmadığına görə yolüstü xidmət göstərə bilməyəcək. Odur ki, mobil tətbiqlə birlikdə taksometr də olmalıdır və bunların arasında inteqrasiya yaradılmalıdır ki, taksi sürücüsü paralel hər iki xidməti göstərə bilsin".