Azərbaycanda fəaliyyət göstərən qeyri-İslam dini icmaları üçün də kadrlar yetişdirmək istiqamətində müxtəlif tədbirlər həyata keçirilir.
Teleqraf.com xəbər verir ki, bunu TurkicWorld-a özəl müsahibəsində Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Aqil Şirinov bildirib.
"İnstitut din sahəsində ödənişsiz təhsil həyata keçirən yeganə ali təhsil müəssisəsidir. Prezident İlham Əliyevin 2018-ci il 9 fevral tarixli Sərəncamına əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutu yaradıldı və bununla da ölkədə ali dini təhsil yeni mərhələyə qədəm qoydu. Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsi də İnstitutun tərkibinə daxil edildi və beləcə, güclü bazaya malik olan bir ali təhsil müəssisəsinin əsası qoyuldu.
Ölkə başçısının Sərəncamına müvafiq olaraq, Azərbaycan İlahiyyat İnstitutunun yaradılması və bu ali təhsil ocağında tədrisin ödənişsiz əsaslarla həyata keçirilməsi – dini-mənəvi dəyərlərimizə hörmət və rəğbətin təcəssümü olmaqla milli mədəniyyətimizin çoxəsrlik adət-ənənələrinin qorunub-saxlanılması və inkişaf etdirilməsi baxımından mühüm bir addımdır. Həmçinin ölkəmizdə həm dini, həm də dünyəvi elmləri bilən ziyalı ilahiyyatçı kadrların və din xadimlərinin hazırlanmasına yeni töhfədir", – deyə o qeyd edib.
Aqil Şirinov qeyd edib ki, beş ildir fəaliyyət göstərən İnstitutun təhsilalanları arasında ümidlərimizi doğruldan tələbə və məzunlarımız vardır. Onların bəziləri magistratura pilləsində təhsil alır, digərləri din xadimi kimi fəaliyyətlərini davam etdirirlər. Məqsədimiz zəngin dünyagörüşü olan, bilik və bacarıqları ilə seçilən mütəxəssis kadrların hazırlanmasıdır.
"Məqsəd və hədəflərimizə çatmaq üçün Aİİ-də kifayət qədər savadlı elm adamı tədrislə məşğul olur. Əksər müəllimlərimiz ingilis və ərəb dillərində sərbəst şəkildə mühazirə oxuya bilirlər. "Web of science" və "Scopus" bazaları da daxil olmaqla, müəllimlərimizin bir çox beynəlxalq akademik bazada indeksləşən elmi jurnallarda məqalələri dərc olunur. Bu da bizə imkan verir ki, dini təhsil sahəsində dünyanın başqa ölkələrində təhsil alanlarla müsbət mənada rəqabət aparmağı bacaran kadrlar hazırlayaq", - deyə Rektor vurğulayıb.
İlahiyyat İnstitutunda Türkiyə və Gürcüstandan olan soydaşlarımız təhsil alırlar. Qeyd edim ki, xarici ölkə vətəndaşlarının qəbulu “Təhsil Haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq aparılır. İnstitutda onlar üçün yaradılmış imkanlara gəldikdə isə qeyd edim ki, ali təhsil müəssisəsində təhsil tamamilə ödənişsizdir. Bu, əcnəbi vətəndaşlara da şamil edilir. Həmçinin onlar yeməkpulu, əlavə təqaüdlərlə də təmin edilirlər.
"Bu məqsədlə İnstitut xarici ölkə universitetləri ilə sıx əlaqələr yaradır. Bir çox xarici universitetlə tələbə-müəllim mübadiləsi üzrə müqavilələrimiz mövcuddur. Qeyd edim ki, bu müqavilələr, sadəcə, yazı üzərində qalmır. Mübadilə çərçivəsində tələbələrimiz Türkiyə və Qazaxıstanın universitetlərində birsemestrlik tədrislərini davam etdiriblər. Eyni zamanda, Qazaxıstanın “Nur-Mübarək” Universitetinin iki tələbəsi bir semestr tədrisi Azərbaycan İlahiyyat İnstitutunda keçirdi. Onların tədrisi ingilis dilində təşkil edildi. Bunun əsas məqsədi qabaqcıl universitetlərin təcrübəsini öyrənmək, həmçinin tətbiq etməkdir. Eyni zamanda, İnstituta gələcək xarici mütəxəssislərə də yeniliklərimizi, praktiki fəaliyyətimizi göstərəcəyik. Müəllimlərimizin bir neçə dildə danışa bilməsi bu prosesin aparılmasında bizə köməklik göstərir", - deyə Aqil Şirinov bildirib.
Aİİ-nin beynəlxalq əlaqələrindən danışan rektor qeyd edib ki, xaricə səfərlərimiz davamlı olaraq baş tutur. Son olaraq Malayziya və Bruney respublikalarında görüşlər keçirdik. Bu ölkələrin tədris prosesi və metodları ilə yaxından tanış olduq. Əməkdaşlıq çərçivəsində tələbə və müəllim mübadiləsi barədə danışıqlar apardıq.
"İnstitutda “Dinşünaslıq” ixtisası üzrə təhsil alan tələbələrə bütün dünya dinləri, eləcə də Xristianlıq və Yəhudilik haqqında geniş məlumat verilir. Azərbaycanda fəaliyyət göstərən qeyri-İslam dini icmaları üçün də kadrlar yetişdirmək istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Aİİ-nin Alban-Udi xristian dini icması ilə birlikdə təşkil etdiyi "Xristianlıq" tədris kursu da bu qəbildəndir", - deyə o əlavə edib.
Aqil Şirinov son olaraq bildirib ki, kursun əsas məqsədi ölkədə multikultural mədəniyyəti inkişaf etdirmək, həmçinin sözügedən icmanın din sahəsindəki kadr potensialını gücləndirmək, Qafqaz-Alban xristian irsinin dərindən öyrənilməsini təmin etməkdir. Nic qəsəbəsində baş tutan kursda Aİİ Elmi Şurasının qərarına əsasən, fənlərin tədrisi ali təhsil müəssisəsinin pedaqoji heyəti tərəfindən həyata keçirilir. Bundan sonra da qeyri-İslam dini icmaları ilə birlikdə bu səpkili kursların təşkil ediləcəyi nəzərdə tutulur.