Bugünkü elmi-texniki yeniliklər, rəqəmsal texnologiyalar bütövlükdə cəmiyyətin həyatına daxil olduğundan istənilən dövlət orqanının, o cümlədən Azərbaycan polisinin 105 il ərzində keçdiyi şərəfli və keşməkeşli yol haqqında tam məlumat əldə etmək imkanı mövcuddur. O səbəbdən də bu yazıda sərlövhədəki suala cavab verməyə çalışacağam. Müzəffər Ali Baş Komandan İlham Əliyevin bütün fəaliyyəti onu sübut edir ki, o, Azərbaycanı Avropanın, sözün həqiqi mənasında, demokratik olan dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən, müasir dövrün çağırışlarına operativ cavab verən yeni dövlət və cəmiyyət nümunəsi kimi görmək istəyir. Bu istiqamətdə bəzən cəmiyyəti yumşaq formada silkələyən, bəzən də ilk baxışda hiss olunmayan, lakin gələcəyə hesablanmış fundamental tədbirlər həyata keçirilir. Bu ali məqsədlərin icrası, şübhəsiz, ölkədə mövcud olan möhkəm ictimai-siyasi sabitliyin bundan sonra da qorunub saxlanılması ilə birbaşa bağlıdır. Deməli, Daxili İşlər Nazirliyi (DİN) və onun strukturları da Ümummilli Lider Heydər Əliyevin arzu etdiyi kimi “Azərbaycanın günəş kimi doğması” üçün, bəlkə də, hər gün gələn yeni çağırışlara cavab verməlidir.
Bu fikirlər araşdırmaçı jurnalist Səyyad Ağbabalının “Azərbaycan polisi 105 yaşında. O, necə görünür?” adlı məqaləsində yer alıb. Teleqraf.com məqaləni təqdim edir.
Biz sizlərlə nəyin şahidiyik? Ölkə polisi Azərbaycan dövlətçiliyinin və Konstitusiyasının keşiyində inamla, peşəkarcasına dayanır. O, cinayətkarlığa qarşı daha səmərəli və operativ mübarizə aparır, vətəndaşların hüquq və azadlıqlarının qorunması üçün çox mühüm əhəmiyyət kəsb edən dövləti vəzifələri şərəflə yerinə yetirir. İndi hesabatlılıq, şəffaflıq və vətəndaş məmnunluğu prinsipləri onun fəaliyyətinin meyarıdır.
Fakt odur ki, 44 gün davam edən və şanlı Azərbaycan Ordusunun tarixi qələbəsi ilə başa çatan müharibədən sonra ölkəmizin ətrafında yeni tələlər qurulur. Müxtəlif dövlətlər və onların strukturları, Azərbaycana münasibətdə daim təxribatçı mövqe tutan, ikili standartların dəyişməz ünvanları tərəfindən respublikamızın beynəlxalq imicinə ləkə salmaq, daxildə aranı qarışdırmaq, “bulanıq suda balıq tutmaq” üçün şeytanın ağlına gəlməyən əməllərə belə baş vururlar. Azərbaycanın düşmənləri tərəfindən idarə olunan yerli səbatsız qüvvələr isə yedəkçi rolunu oynayaraq onların ətəklərindən tutub sürünürlər. Alt qatında Azərbaycan düşmənçiliyi, konyktur maraqlar gizlənən, “söz azadlığı və demokratiya” adı ilə keçirilən mitinq-piketlər buna əyani sübutdur. Son vaxtlar biz səsli-küylü cinayətlərin (Milli Məclisin deputatı Fazil Mustafanın həyatına sui-qəsd edilməsinə cəhd, mütəşəkkil cinayətkar qrupların silahlı yolla Azərbaycanın konstitusion quruluşuna qarşı çıxmaları və sair), “Azərbaycanın gənc nəslini bacardıqca çox zəhərləyin!” kimi ifrat düşmənçilik tendensiyalarının qabarıq görünən sifətlərinin şahidi oluruq. İmanını, dinini itirən bəzi müsəlmanların “ağ ölüm” həblərini və küllü miqdarda narkotik vasitələri özlərinin kuryerləri vasitəsi ilə dəyəri milyonlarla ölçülən və əvəzsiz olaraq ölkəmizin ərazisinə durmadan yaymağa çalışdıqlarını görürük. Bəzi qonşu dövlətlər nəinki təcavüzkar Ermənistanı silahlandırmaqla onu Azərbaycana qarşı yeni müharibəyə sövq etməyə cəhdlə kifayətlənir, həm də yerli nökərləri vasitəsilə daxili iğtişaşlar törətmək, ictimai-siyasi sabitliyi pozmaq üçün var gücləri ilə çalışırlar. “Daxili siyasi sabitliyi, milli razılığı və həmrəyliyi zəruri sayaraq siyasi fəaliyyətimizdə hər cür qeyri-sağlam radikallığı rədd edirik” fikirlərini söyləyən, Avropanın başabəla “demokratik institutlarından” qidalanan və guya ölkəyə demokratiya gətirəcəklərini bəyan edən bir ovuc qaraqışqırıqçıları da bu siyahıya əlavə etmək yerinə düşər. Təbii ki, onlar qarşılarında Müzəffər Ali Baş Komandanın yenilməz iradəsi, qətiyyəti, həlledici anda həlledici qərarlar qəbul etməsi ilə qarşılaşırlar. Eyni zamanda, digər güc strukturları ilə birlikdə Azərbaycan polisinin dövlətinə və dövlətçiliyə xidmət nümunəsi kimi dəmir iradəsi ilə də üzbəüz qalırlar. Bu istiqamətdə polisin əldə etdiyi nailiyyətlərin statistikası bu yazıya sığmaz. Bu gün Azərbaycan polisi öz mənliyini, şərəfini və ləyaqətini qoruyan, Vətənə, xalqa sədaqətini peşəkarcasına yerinə yetirən güc strukturudur. Onların fəaliyyət prinsipi belədir: “İşdə nöqsanlar ola bilər, var və onları aradan qaldırmaq mütləqdir. Ancaq bir məsələdə tərəddüd ola bilməz: dövlətə və dövlətçiliyə sədaqətlə xidmət etməkdə, polis andına sadiq qalmaqda”.
İyunun 20-də Gədəbəy rayonunun Söyüdlü kəndində bir qrup kənd sakini dəfələrlə rayonun rəhbər orqanları, o cümlədən polis şöbəsinin rəhbərliyi tərəfindən qanunsuz əməllərə baş vurmaqdan çəkindirilməyə çalışılsa da, bu mümkün olmadı. İstər-istəməz hər kəsi bir sual düşündürür: süni gölün tikintisinin dayandırılmasını tələb edənlərin məqsədi həqiqətənmi ekologiyanı qorumaq olub? Araşdırmalar bütün detalları, təbii ki, ortaya qoyacaq. Ancaq artıq məlumdur ki, araqarışdıranların və təxribatçıların barmağı “Söyüdlüdə oynayıb”. Öyrədilmiş, yoldan çıxarılmış, qanunsuz əməllərə sövq edilmiş bir qrup kənd sakinini uzaqdan-yaxından idarə edənlər də olub. “Molotov kokteyli” ilə silahlanmağın vacibliyini göstərənlər informasiya təxribatını da yönləndiriblər. Nəticə ürəkağrıdandır. Heç kim polis əməkdaşının yaşlı bir xanımın üzünə bibər qazı sıxmasına, ona əl qaldırmasına haqq qazandıra bilməz. Ancaq polis əməkdaşlarını daşqalaq edənləri, onları ifrat dərəcədə alçaldıcı söyüşlər və ifadələrlə təhqir edən, düşmən adı ilə müraciət edənləri “sudan quru çıxarmağa” cəhd edənləri ədalətli adlandırmaq ədaləti ayaqlar altına atmağa bərabərdir.
Demokratik cəmiyyətlərdə zorakılığa, xaos və anarxiyaya yer ola bilməz. Demokratiya qanunlara hörmət və ona riayət deməkdir. Qanun qarşısında hamı bərabərdir. O səbəbdən də bəzilərinin qanunları saymazdan gəlməyə cəhd göstərmələri, qarşıdurma yaratmağa meyil etmələri onları məsuliyyətdən azad edə bilməz. Mən inanmıram ki, demokratiyanı, insan hüquq və azadlıqlarını bəhanə edənlər qarşılarında Avropa və Amerika polisini, lap elə yaxın qonşu dövlətlərin polisini görmək istəsinlər. Hələ onu demirəm ki, bəzi dövlətlərdə polis ağına-bozuna baxmadan günün günorta çağı mülki vətəndaşları güllələyir. Özünü demokratiyanın bayraqdarı kimi təqdim etməyə çalışan, Azərbaycana qarşı düşmənçiliyi ilə ad çıxaran və erməni lobbisinin pul kisəsindən asılı qalan Makronun prezidenti olduğu Fransanın paytaxtı Parisdə təxminən bir həftə əvvəl polis hamının gözü qarşısında əlcəzairli olan 17 yaşlı gənci güllələdi. Özbaşınalığa qarşı səsini ucaldanları isə yenə də Fransa polisi şiddətə məruz qoydu. Polisin belə davranışı bütövlükdə Avropaya və Amerikaya xasdır.
Azərbaycan polisi isə qorxu və xof orqanı deyil. Onun o dövrü haqqında indi yalnız tədqiqat materiallarında və kitablarda oxumaq olar. Hər hansı təhlükə hiss etdiyimiz zaman dərhal müraciət etdiyimiz ünvandır. Təhlükə ilə üzləşən insanların köməyinə çatan, həyatını düşünmədən riskə atan polis əməkdaşlarının sayı yüzlərlədir. Bütün bunları görməzdən gəlməyə çalışan və sosial şəbəkələrdə heç bir əndazə gözləmədən hər şeyə qara eynək arxasından baxanlara qarayaxanlar komandası və onların züy tutanlarına başqa nə ad vermək olar? Cəmiyyətin arzu-istəkləri ilə reallıqlar tam üst-üstə düşə bilməz və düşmür də. Heç kəs bütün polis əməkdaşlarını mələk qiyafəsində təqdim etmir və mənim də elə bir niyyətim yoxdur. Azərbaycan polisi xalqımızın milli sərvətidir. Biz bir millət olaraq Azərbaycan Xalq Cümhuriyyətinə, müstəqil Azərbaycana necə sahib çıxırıqsa, bu respublikanın əbədi yaşaması üçün onun ən mühüm güc strukturlarından biri olan DİN və onun bölmələrinə də eyni sayğı və məhəbbətlə sahib çıxmalıyıq. Məşhur italyan ədəbiyyatşünası Qarsio deyirdi ki, ədəbiyyat olmasa dünya dağılmaz, amma polis olmasa dünyanın daşı-daş üstündə qalmaz.
Bu gün Azərbaycan polisi qürurludur. Bu qürurun arxasında daxili işlər orqanları əməkdaşlarının qəhrəmanlığı, şücaəti, dövlətə və dövlətçiliyə sədaqətlə xidmət etməyi, ictimai-siyasi sabitliyi qorumaq və möhkəmləndirmək, cinayətkarlığa qarşı barışmaz mübarizə aparmaq istiqamətində gecəli-gündüzlü xidmətin zəhməti dayanır. Ötən illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan hüquqi-demokratik islahatlar Azərbaycan polisinin vəzifə və səlahiyyətlərini kökündən dəyişdirib. Yeni vəzifələri isə Azərbaycan polisi çox inamla, qətiyyətlə, bəşəri və xalqımızın milli-mənəvi dəyərlərinə söykənərək icra edir. Onun nəticəsidir ki, bu gün biz Azərbaycanın daxili işlər orqanlarında sağlam, mübariz və vəzifəsini peşəkarcasına yerinə yetirən böyük heyət görürük. Ulu Öndər Heydər Əliyevin bu fikirlərini xatırlamaq yerinə düşər: “Ötən tarixi dövrdə Azərbaycan polisinin, milisinin, daxili işlər orqanlarının çox əhəmiyyətli nailiyyətləri də, uğurları da, səhvləri də olmuşdur. Bu tarixin çox parlaq səhifələri, ancaq ləkəli, qara səhifələri də var. Ancaq bunlar hamısı bizimdir, Azərbaycanındır, xalqındır. Bizim xalqımızın tarixinin səhifələridir. Azərbaycan polisi Azərbaycan xalqının milli sərvətidir”.
İyulun 2-də Azərbaycan polisinin 105 yaşı tamam olur. Milli sərvətimiz olan bu qurumun bütün əməkdaşlarını bayram münasibəti ilə ürəkdən təbrik edir və Azərbaycan naminə ləyaqətlə, şərəflə və peşəkarlıqla xidmətlərinin davamlı olmasını arzulayıram.