Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Tatarməhlə kənd sakinləri ilə növbəti səyyar qəbulunu həyata keçirib.
Teleqraf.com xəbər verir ki, vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak edib.
Öncə ulu öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.
Tatarməhlə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi çıxış edərək kənd haqqında görüş iştirakçılarına və qonaqlara geniş məlumat verib.
Çıxış edənlər “14 iyul 1969-cu il zirvəyə yüksəlişin başlandığı gündür” mövzusunda görüş iştirakçılarını məlumatlandırıblar. Bildirilib ki, ulu öndər Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (KP MK) birinci katibi seçilib. Həmin vaxtdan başlayan böyük inkişaf yolu Azərbaycanın gələcək inkişafının, intibahının, tərəqqisinin və parlaq perspektivlərinin əsasını qoyub. Bu gün inkişaf etməkdə olan Azərbaycanımızın yüksəlməsində ümummilli lider Heydər Əliyevin əvəzsiz rolunun olmasını görüş iştirakçılarının diqqətinə çatdırılıb.
Görüşdə çıxış edən Neftçala RİH-in başçısı Mirhəsən Seyidov 44 Günlük Vətən müharibəsindən, müharibədə iştirak edən vətən oğullarının igidliyindən, döyüş yolundan və sentyabrın 12-dən 13-nə keçən gecə və 10 aprel 2023-cü ildə düşmənin təxribatı zamanı hərbiçilərimizin qəhrəmancasına döyüşməsindən danışıb. İcra başçısı döyüşlər zamanı ordumuz üçün əhəmiyyətli yüksəkliklərin əldə olunmasından, düşmənin təxribatının qarşısını alarkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalan şəhidlərimizdən və yaralan hərbiçilər haqda məlumat verib.
Mirhəsən Seyidov şəhidlərin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralı hərbiçilərin tezliklə sağlamlıqlarına qovuşmalarını arzu edib. İcra başçısı bildirib ki, ümummilli lider Heydər Əliyevin iyulun 14-də 1969-cu ildə ilk dəfə siyasi hakimiyyətə gəlişi Azərbaycan xalqının həyatında mühüm rol oynayan bir dövr oldu. Daha sonra ölkə iqtisadiyyatının güclənməsi, azərbaycanlı gənclərin SSRİ miqyasında fəaliyyət göstərən ali təhsil müəssisələrinə göndərilməsi, kadr potensialının gücləndirilməsini, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi əsasında bir daha tarixi-siyasi məsuliyyəti öz üzərinə götürməsi, Azərbaycan dövlətinin və dövlətçiliyinin xilası, ölkəni tənəzzüldən qurtararaq tərəqqi yoluna çıxarmaq missiyasını yerinə yetirməsini görüş iştirakçılarının diqqətinə çatdırıldı.
RİH-in başçısı qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, əsgər və zabitlərin, xalqın birliyi nəticəsində torpaqlarımız 44 günlük Vətən müharibəsi ilə işğaldan azad olunub. O, işğaldan azad olunan ərazilərdə və Neftçala rayonunda görülən yenidənqurma işləri haqqında görüş iştirakçılarına məlumat verib.
Səyyar qəbulda ilk öncə sakinlər rayonda aparılan abadlıq-quruculuq işlərilə əlaqədar təşəkkürlərini bildiriblər, elektrik xətlərinin yenilənməsi, suvarma kanallarının lildən təmizlənməsi, idman alətlərinin quraşdırılması və digər məsələlərlə əlaqədar təkliflər səsləndiriblər. Vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilib və məsələlər müzakirə olunub, digər problemlərin həllinin araşdırılması üçün qəbuldan sonra müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.
Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinə görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.