Kamil Səlimov: "BMT Təhlükəsizlik Şurasına müraciət etməliyik"
Ötən ilin sonunda - dekabrın 29-da işğal olunmuş Xankəndi şəhərində soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qurulan "məhkəmə prosesi" yekunlaşdı. "Hakim" Anatoli Tadevosyan Dilqəm Əsgərovun ömürlük, Şahbaz Quliyevin isə 22 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi ilə bağlı "hökm" çıxardı. Beş saat davam edən qondarma prosesdə "hökm" oxunduqdan sonra Azərbaycan vətəndaşları üzü maskalı şəxslərin müşayiəti ilə Şuşa həbsxanasına aparılıblar.
Bəs, azərbaycanlı girovları necə azad etmək olar? Beynəlxalq təşkilatlar çıxarılan "hökm"lə bağlı ancaq təəssüf bildirməlidirlər, yoxsa real iş görə bilərlər?
Bu istiqamətdə suallarımızı cavablandıran Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi İctimai Birliyinin sədri, Bakı Dövlət Universitetinin kriminalistika kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Kamil Səlimov bildirib ki, ən əvvəl nəzərləri Dağlıq Qarabağda qurulan rejimin separatçı bir rejim olmasına yönəltmək lazımdır. O qeyd edib ki, separatçı rejimlərlə bağlı isə indiyədək hər hansı konvensiya yoxdur: "Yəni, bütün separatçı qurumlar özbaşına fəaliyyət göstərən qurumlar sayılır. Amma biz birmənalı olaraq qəbul edirik ki, Dağlıq Qarabağ və ətraf 7 rayon Ermənistan qoşunlarının daimi işğalı altındadır. Bu, bir faktdır. Həmin ərazilər işğal altında olduqları üçün Cenevrə konvensiyasına görə, Ermənistan, yəni işğalçı dövlət orada işğal rejimi tətbiq etməlidir. İşğal rejimi isə ondan ibarətdir ki, işğalçı oradakı insanların, vətəndaşların və digər şəxslərin hüquqlarının təmin olunması üçün tədbirlər görməlidir. Biz ancaq Ermənistan dövlətinə müraciət etməliyik. Çünki bizim siyasi mövqeyimiz belədir. Çünki biz onları - yəni, Dağlıq Qarabağdakı rejimi təbii olaraq qəbul etmirik. Həmin iki şəxsə, həmçinin qətlə yetirilmiş Həsən Həsənova görə cavabdehlik daşıyır. Əgər biz Dağlıq Qarabağı tərəf kimi qəbul etsəydik, o zaman onlarla söhbət edə bilərdik. Amma biz onları tərəf kimi qəbul etmiriksə, yalnız və yalnız Ermənistan dövləti ilə söhbət etməliyik. Baxmayaraq ki, Dağlıq Qarabağı Ermənistan özü də tanımır. Amma ordusu ki, ordadır. Nəzarət sistemini Ermənistan dövləti həyata keçirir".
K.Səlimov qeyd edib ki, Azərbaycan, həmçinin Ermənistan barəsində tədbirlərin görülməsi üçün beynəlxalq təşkilatlara müraciət etməli, təcavüzkar ölkəyə sanksiyaların tətbiq olunmasına çalışmalıdır: "İlk növbədə Qırmızı Xaç Cəmiyyəti girovların geri qaytarılması işi ilə məşğul olmalıdır. Çünki Qırmızı Xaç Cəmiyyəti birbaşa olaraq onlara baş çəkir və hüquqi mənası başa düşülməyən bu cür münaqişələrdə onlarla əlaqə yarada bilər. Bundan əlavə, BMT Təhlükəsizlik Şurası, Avropa Şurası strukturları birbaşa bu məsələ ilə bağlı işləməlidir. Eyni zamanda, ATƏT-in Minsk Qrupunun həmsədrləri - hansı ki, birbaşa bu münaqişənin həlli ilə məşğul olurlar - Rusiya, Fransa və ABŞ girovların geri qaytarılması istiqamətində çalışmalıdırlar. Çünki BMT birbaşa bu ölkələrin üzərinə münaqişənin həlli ilə məşğul olmaq səlahiyyəti və öhdəliyi qoyub. Dilqəmlə Şahbazın girov götürülməsi isə birbaşa bu münaqişə ilə bağlıdır".
Müsahibimiz D.Əsgərov və Ş.Quliyev məsələsində yaranmış dolaşığı açmağın digər yolunun BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsi ilə bağlı olduğunu vurğulayıb: "Həmin qətnamələrdə birmənalı olaraq yazılır ki, Ermənistan daimi qoşunları Dağlıq Qarabağdan və işğal olunmuş ərazilərdən çıxarılmalıdır. BMT-nin iki qətnaməsində bu barədə birbaşa qeyd var. İkincisi isə, biz artıq Təhlükəsizlik Şurasına müraciət etməliyik ki, sadə, dinc mülki əhaliyə qarşı güc işlədirlər. Bu da faktiki olaraq terror istiqamətində aparılan tədbirlərdir və biz bu barədə tədbir görəcəyik. Həmin müraciətin surətini Rusiyaya, Fransaya və ABŞ-a ünvanlamaq lazımdır. Buyurub, çarə qılsınlar".
K.Səlimov girovlarla bağlı çıxarılmış "hökm"dən Avropa İnsan Haqları Məhkəməsinə şikayət verməyin qeyri-mümkün olduğunu da deyib: "Çünki qondarma rejim Avropa İnsan Haqları Məhkəməsinin üzvü deyil, ola da bilməz. Heç bir bəyannamədə onların adı çəkilmir. Ona görə də hüquqi cəhətdən onlar Avropa İnsan Haqları Məhkəməsi üçün heç bir rol oynamırlar".
Hüquqşünas Azərbaycanın öz vətəndaşlarının azad olunması üçün ATƏT-in Minsk Qrupunun həmsədrləri qarşısında şərt, tələb qoymasının vacibliyini vurğulayıb: "Həmin ərazi bunların daimi yaşayış yeri olub. Bunlar da ora öz yaxınlarının qəbirlərinə baş çəkmək üçün gediblər. Əgər onlar orda daimi yaşamayıblarsa, qəbirlər orada nə gəzir? Həmin qəbirləri onlar ora öz çiyinlərində aparıblar? Sənin nə ixtiyarın var onları saxlamağa? Əgər Dilqəm və Şahbazı mühakimə etmək istəyirdilərsə, o zaman Cenevrə konvensiyasına uyğun olaraq işğalçı dövlət kimi onları verərdilər Ermənistanın hərbi tribunalına. Bundan sonra Ermənistan hüquqi subyekt kimi çıxış etməli və biz onlarla söhbət etməliyik".
Səxavət HƏMİD