Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Beştalı kənd sakinləri ilə növbəti səyyar qəbulunu həyata keçirib.
Teleqraf.com xəbər verir ki, qəbulda RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak edib.
Öncə ulu öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.
Cəngan kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi çıxış edərək Beştalı kəndi haqqında görüş iştirakçılarına və qonaqlara geniş məlumat verib.
Çıxış edənlər “Ümummilli Lider Heydər Əliyev regionda sülhün və sabitliyin qorunmasına misilsiz töhfələr verən əvəzsiz lider idi” mövzusunda görüş iştirakçılarını məlumatlandırıblar. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə xalq üçün misilsiz xidmətləri, torpaqlarımızın düşmənlərimiz tərəfindən işğal prosesinin dayandırılması, ölkə sərhədlərinin qorunması, ordumuzun güclənməsi və ölkəmizin inkişafı görüş iştirakçılarının diqqətinə çatdırılıb.
Görüşdə çıxış edən icra başçısı Mirhəsən Seyidov 44 günlük Vətən müharibəsində iştirak edən vətən oğullarının igidliyindən, döyüş yolundan söz açıb. O bildirib ki, sentyabrın 12-dən 13-nə keçən gecə və 10 aprel 2023-cü ildə düşmənin təxribatı zamanı qəhrəmancasına döyüşən hərbiçilərimiz ordumuz üçün əhəmiyyətli yüksəkliklər əldə edib. İcra başçısı düşmənin təxribatının qarşısını alarkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalan igidlərdən, eləcə də yaralan hərbiçilər haqqında məlumat verib. Mirhəsən Seyidov şəhid ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralı hərbiçilərə tezliklə sağlamlıqlarına qovuşmalarını arzulayıb.
RİH-in başçısı qeyd edib ki, ulu öndər Heydər Əliyev ikinci dəfə Azərbaycana siyasi hakimiyyətə gəldikdən sonra regionda sülhün bərpa olunması üçün əvəzsiz xidmətləri olub. O, ölkəmizdə sabitlik və əmin-amanlığın və hərtərəfli sürətli inkişaf prosesinin getdiyini görüş iştirakçılarının diqqətinə çatdırıb.
İcra başçısı bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, əsgər və zabitlərin, xalqın birliyi nəticəsində torpaqlarımız 44 günlük Vətən müharibəsi ilə işğaldan azad olunub. O, işğaldan azad olunan ərazilərdə və Neftçala rayonunda görülən yenidənqurma işləri barədə də görüş iştirakçılarına məlumat verib.
Səyyar qəbulda sakinlər öncə rayonda aparılan abadlıq-quruculuq işləri ilə əlaqədar təşəkkürlərini bildiriblər, kənd daxili yolların təmir olunması, suvarma suyunda yaranan çətinliklər, su borusunun yenilənməsi üçün köməklik olunması və digər məsələlərlə əlaqədar təkliflər səsləndiriblər.
Vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilib və məsələlər müzakirə olunub, digər problemlərin həllinin araşdırılması üçün qəbuldan sonra müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.
Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinə görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Məlumat üçün bildirək ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.