13 Yanvar 2015 11:53
931
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisliyi ixtisasının 3-cü kurs tələbəsi Aidə Soltanova və Kimya mühəndisliyi ixtisasının 3-cü kurs tələbəsi Kamran Əliyev Böyük Britaniyanın nüfuzlu Heriot-Vatt Universitetinin Edinburq kampusunda 1semestr müddətində öz ixtisasları üzrə təhsil alacaqlar.

BANM-ın ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, bu münasibətlə hər iki tələbənin valideynlərinin də iştirakı ilə tədbir keçirilib. Tədbirdə çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, tələbələrin Heriot-Vatt Universitetinə təhsil almağa göndərilməsi Bakı Ali Neft Məktəbində düzgün qurulmuş beynəlxalq əməkdaşlıq sayəsində əldə olunub. Belə ki, Aidə Soltanova və Kamran Əliyev Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə BANM arasında əməkdaşlıq müqaviləsi çərçivəsində oxumağa göndərilirlər. Elmar Qasımov deyib ki, bir semestr orada oxuduqdan sonra, təhsillərini başa çatdırmaq məqsədi ilə tələbələr Bakı Ali Neft Məktəbinə qayıdacaqlar: “Bu imkan tələbələr üçün böyük beynəlxalq təcrübə, həmçinin motivasiya olacaq.

Tələbələrə getdikləri ölkənin tarixi, çoğrafiyası, mədəniyyəti, adət-ənənələrini də öyrənməyin zərurdir”.
Elmar Qasımov bildirib ki, yarandığı qısa dövr ərzində ilk dəfədir ki, Ali Məktəb tərəfindən tələbələr xarici ölkəyə oxumağa göndərilir. Bundan sonra o, BANM-in tələbələrinin hər il müxtəlif ixtisaslar üzrə təhsil almağa göndəriləcəyini, bunun ənənəvi olaraq davam etdiriləcəyini deyib. Rektor tələbələrin yüksək təhsil və bilik göstərməklə yanaşı, həm də orada təmsil etdikləri Ali Məktəbin adını və Azərbaycanın bayrağını hər zaman yüksəkdə tutacaqlarından əminliyini bildirib.

Tələbələr Aidə Soltanova və Kamran Əliyev və onların valideynləri çıxış edərək, həm rektor Elmar Qasımova, həm də BANM-in professor-müəllim heyətinə öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Böyük Britaniyanın Heriot-Vatt Universitetində təhsil almaq üçün seçilən tələbələr BANM-də təşkil olunan ingilis dilində hazırlıq proqramında iştirak edərək biliklərini təkmilləşdiriblər və imtahandan müvəffəqiyyətlə keçiblər. Tələbələr Heriot-Vatt Universitetində oxuduqları müddətdə Böyük Britaniyanın təhsil mühiti və tədris proqramları ilə daha yaxından tanış olaraq, nəzəri və praktik biliklərini daha da genişləndirəcək və dünyagörüşlərini artıracaqlar. Tələbələrin beynəlxalq nəqliyyat, eləcə də Heriot-Vatt Universitetində qaldıqları müddətdə yaşayış və təhsil xərcləri Bakı Ali Neft Məktəbi tərəfindən ödəniləcək. Tələbələrə bir semestr boyu BANM tərəfindən aylıq vəsait də ödəniləcək.

Tələbələr mayın 22-nə qədər Böyük Britaniyada olacaqlar.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər