Qarsın Yeni Məhəlləsindəki Əsri məzarlığında İrəvandan buraya köç etmiş seyidlərin və din xadimlərinin məzarları var. Orada gördüyüm seyid məzarları bu şəxslərə aiddir:
Eşnək seyidlərindən Mirhaşım oğlu Hacı Mirqasım Erdem (1327-25.05.1971)
Eşnək seyidlərindən Hacı Mirəli qızı Kərbəlayi Hacı Fizzəbəyim Erdem (1932-17.05.1966)
Eşnək İrəvanın bölgəsidir. İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talin rayonunda yerləşib. Aşnak və ya Əşnək kimi də yazılır.
“Wikipedia”dakı məlumata görə, Eşnək rayon mərkəzindən 12 km cənubda, Alagöz dağının cənub-qərbində, İrəvan-Talin avtomobil yolunun sol tərəfində yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilib. Kəndin adı ilk dəfə V əsrdə xatırlanır. Kənddə 1831-ci ildə 62 nəfər, 1873 - cü ildə 363 nəfər, 1886-cı ildə 469 nəfər, 1897-ci ildə 744 nəfər, 1904 - cü ildə 477 nəfər, 1914 - cü ildə 507 nəfər, 1916-cı ildə 806 nəfər yalnız azərbaycanlı yaşayıb.
Kənd 1918-ci ildə erməni təcavüzünə məruz qalaraq sakinləri - azərbaycanlılar qırğınlarla tarixi torpaqlarından deportasiya olunub. Bura 1914-1920-ci illərdə Türkiyənin Sasun vilayətindəki Pirşen, Mşkeğ, Salvorik, Mkdenk, Crdnik, Kaşrenk, Cam, Nadopa, Blrenk, Talhor, Qomk, Xablzoq, Xarver, Qoşa, Tği, Areqdem kəndlərindən köçürülən ermənilər yerləşdirilib. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk edən azərbaycanlılardan sağ qalanlar ata-baba torpaqlarına qayıda biliblər. 1922-ci ildə kənddə ermənilərlə yanaşı 22 nəfər azərbaycanlı yaşayıb. Onlar 1924-1925-ci illərdə sıxışdırılaraq kənddən qovulublar.
***
Qarsın tanınmış din alimi isə Hacı Axund Malik Məhəmməd İşıqlı olub. Məzar daşında “Ruşən oğlu” və “müctəhid naibi” sözləri də yazılıb. 1889-1979-cu illərdə yaşayan Axund Malik İslamın cəfərilik qoluna mənsub azərbaycanlıları təmsil edib. 1952-ci ildə Qarsda onun adını daşıyan məscid tikilib. Bu məscidin yerində 2007-ci ildə daha böyük məscid inşa edilib.
Məzarlıqda İşıqlı ailəsinə aid iki məzar da var:
İsrafil İşıqlı (1898-1959)
Məhəmməd Malik oğlu Əlirza İşıqlı (1338-1957)
Əhli-Beyt İşıqlı məscidinin qurucusu Axund Hacı Malik Məhəmməd İşıqlı 1889-cu ildə İrəvanın Oxçuoğlu kəndində doğulub. Atası Ruşən əfəndi, anası Xədicə xanım olub. Malik əfəndi qardaşı Həsən və Mustafa ilə birlikdə gənc ikən dayılarının yaşadığı Gümrü şəhərinə köçüblər. Bölgədə artan təhlükələrdən dolayı Malik əfəndi atası və böyük qardaşı ilə birgə Türkiyəyə keçməyi düşünüblər. Vətənlə əlaqələri kəsilməsin deyə sərhədə yaxın olan Məscidli kəndinə yerləşiblər.
Ruşən əfəndi oğlunun dini təhsil alması üçün Cənubi Azərbaycanın Xoy şəhərinə göndərib. Orada ədəbiyyat, üsul, məntiq kimi dərslər alıb, daha sonra Təbriz şəhərinə gedərək fəlsəfə, təfsir, kəlam və fiqh kimi ixtisaslara yiyələnib. Təhsilini tamamladıqdan sonra Qarsa qayıdıb.
Qarsda bir müddət Yusufpaşa məscidində Molla Səmədin yanında olub, bu məsciddə vəz verib, Məhərrəm ayında əzadarlıq mərasimləri keçirib. 1952-ci ildə Qarsa köçən azərbaycanlıların dəstəyi ilə “Yeni məhəllə” məscidi ərsəyə gətirilib. Daha sonra bu məscid oranın imamı və xətibi olan Məhəmməd Malik İşıqlının adını daşıyıb.
1973-cü ildə onun Ankarada Melik Mehmet Işıklı imzası ilə “Doğru yol” adında kitabı işıq üzü görüb.
Məhəmməd Malikin 4 oğlu (Əlirza, Məhəmmədrza, Yəhya, Zəkəriyyə) və iki qızı (Xədicə, Xədikə).
Hacı Axund Məhəmməd Malik İşıqlı 2 aprel 1979-cu ildə vəfat edib. Ondan sonra məscidin imamı (1978-1990-cı illərdə) Aküzüm əşrafından Məşədi Əli oğlu Əli Əkbərin oğlu Əziz Utar olub. Məscidin hazırkı üçüncü imamı yenə İrəvandan gələn, yuxarıda bəhs etdiyimiz Seyid Qasımın oğlu Seyid Əhməd Erdemdir.
Məhəmməd Malikin oğlu Məhəmmədrza 26 noyabr 2013-cü ildə İstanbulda vəfat edib. Digər oğlu Yəhya İşıqlı 29 yanvar 2018-ci ildə Ankarada vəfat edib, Karşıyaka məzarlığında dəfn olunub.
***
Oktyabrın 22-si İşıqlı məscidini ziyarət etdim. Məscidin imamı 1952-də tikilən məscidin kiçik kənd məscidi şəklində olduğunu söylədi. 2007-ci ildə yenə camaatın dəstəyi ilə böyük şəkildə tikilib. Özünün də seyid nəslindən olduğunu söyləyən Əhməd Erdem 33 ildir bu məscidə imamlıq etdiyini bildirdi. Məscidin toplantı yerində divarda Mustafa Kamal Atatürkün də şəkli vardı...