17 Yanvar 2015 01:29
661
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 15-də Alman-Azərbaycan Forumunun (DAF) Nəzarət Şurasının növbəti iclası keçirilib.

Azərbaycanın Almaniyadakı səfirliyindən APA-ya verilən məlumata görə, ilk olaraq söz alan DAF idarə heyətinin sədri Hans-Eberhard Şlayer sözügedən təşkilatın 2014-cü il ərzində fəaliyyəti və 2015-ci ildə nəzərdə tutulmuş mühüm işləri barədə hesabat verib. Sədr 2014-cü ildə müvafiq olaraq DAF-ın idarə heyəti və alman şirkətlərinin rəhbər şəxslərindən ibarət iki nümayəndə heyətinin Azərbaycana səfəri, səfər zamanı keçirilmiş görüşlər, Azərbaycan prezidenti İlham Əliyevin onları qəbul etməsi, alman jurnalistlərin Azərbaycana informasiya səfərinin həyata keçirilməsi barədə məlumat verib.

İclasa məruzəçi qismində dəvət olunmuş AFR hökumətinin Rusiya, Şərq Tərəfdaşlığı və Mərkəzi Asiya ölkələrinin vətəndaş cəmiyyəti ilə münasibətlər üzrə koordinatoru, AFR XİN-in keçmiş dövlət katibi, Şərqi Avropa üzrə tanınmış mütəxəssis Qernet Erler Ukrayna böhranı ilə əlaqədar yaranmış yeni vəziyyət kontekstində AFR-in regiondakı maraqları və fəaliyyətinə dair mühazirə ilə çıxış edib. Dağlıq Qarabağ münaqişəsinə toxunan Erler bildirib ki, münaqişənin həlli üçün Ermənistanda 8000-lik hərbi kontinqent saxlayan Rusiyanın konstruktiv rolunun olması şərtdir.

Onun fikrincə, Rusiya ilə Qərb arasında münasibətlər Ukrayna böhranı ilə əlaqədar gərgin olduğu üçün, Dağlıq Qarabağ münaqişəsinin Minsk Qrupu çərçivəsində danışıqlar yolu ilə həlli prosesi daha da çətinləşib. Onun sözlərinə görə, Almaniya özünü Cənubi Qafqaz ölkələrinin tərəfdaşı kimi görür və Dağlıq Qarabağ münaqişəsinin siyasi həllinə dəstək verməyə hazırdır.

İclasda çıxış edən 2004-2010-cu illərdə Avropa İttifaqının Sənaye Komissarı, Genişlənmə Komissarı və Avropa Komissiyasının vitse-prezidenti olmuş Qünter Ferhoyqen Qərbin Krım və Dağlıq Qarabağ münaqişələrinə fərqli yanaşmasını tənqid edib. Onun sözlərinə görə, hər iki halda söhbət beynəlxalq hüquqa zidd işğaldan gedir və Avropa İttifaqı Rusiyaya qarşı münasibətini Ermənistana da aid etməlidir.

Azərbaycan Respublikasının AFR-dəki Fəxri Konsulu Otto Hauzer bildirib ki, münaqişənin həllinin uzanmasından ən çox öz torpaqlarından didərgin düşmüş bir milyon azərbaycanlı əziyyət çəkir. Onların hüquqları 20 ildən artıqdır ki pozulur. Ən qısa zamanda insanların öz evlərinə qayıtması üçün şərait yaradılmalıdır.

Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov Dağlıq Qarabağmünaqişəsinin həllində irəliləyişin olmamasını Ermənistanın tutduğu destruktiv mövqe ilə izah edib. Səfirin sözlərinə görə işğalçı siyasəti ilə ölkəsini uğursuzluğa düçar etmiş Ermənistan hakimiyyəti Dağlıq Qarabağ bölgəsi və digər torpaqlarımızın işğalına son qoymalıdır. Münaqişənin sülh yolu ilə həlli prosesində irəliləyişin açarı işğal olunmuş Azərbaycan ərazilərinin azad olunmasıdır.

Tədbir iştirakçıları AFR-in Dağlıq Qarabağ münaqişəsinin həllinə daha yaxından cəlb edilməsini, münaqişə tərəflərinə münasibətdə aydın mövqe nümayiş etdirməsini vacib hesab edib və Alman-Azərbaycan Forumunun bu məsələyə daim öz töhfəsini verməyə hazır olduğunu vurğulayıblar.


Müəllif:

Oxşar xəbərlər