Azərbaycan televiziyasnın veteranlarından, AZTV-nin proqram baş redaksiyasının sabiq baş redaktoru, publisist Rafiq Savalan vəfat edib.
Teleqraf.com xəbər verir ki, telejurnalist bu gün 83 yaşında dünyasını dəyişib.
Ağayev Rafiq İmanqulu oğlu 1940-cı il dekabrın 1-də Bakı şəhərində fəhlə ailəsində anadan olub.
Əmək fəaliyyətinə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində Azərbaycan radiosu təbliğat və xəbərlər baş redaksiyasında müxbir kimi başlayan R.Savalan kiçik redaktor, böyük redaktor, siyasi icmalçı (1966–1975), radionun uşaqlar üçün proqram baş redaksiyasının baş redaktoru (1975–1996) vəzifələrində çalışıb.
Teleşirkətdə “Səhər” proqramının baş redaktor müavini vəzifəsində işləyib. Hər bazar günü uşaqların maraqla dinlədikləri “Biləyən” radio verilişinin yaradıcısı, müəlliflərindən biri və redaktoru olub (1975-ci ildən).
Ədəbi fəaliyyətə 60-cı illərdən başlayıb. Onun hekayələri, felyetonları, publisist yazıları və tərcümələri dövri mətbuatda müntəzəm çap olunub, efirdə səslənib.
Rafiq Savalan 1990-cı il yanvarın 19-da işğalçı sovet qoşunlarının Azərbaycan televiziyasının enerji blokunu partlatdıqları zaman təxribatların daha geniş miqyas almasına mane olmuş cəsarətli, qorxmaz vətənpərvərlərdən biri kimi yadda qalıb. O, qanlı yanvardan üç gün sonra Azərbaycan SSR Ali Sovetinin səhərə qədər davam edən fövqəladə sessiyasında ictimaiyyətin nümayəndəsi kimi iştirak edib, deputatların təklifi ilə redaksiya heyətinə seçilib.
Həmin axşam deputat, Azərbaycan Yazıçılar İttifaqının sədri Anar və Rafiq Savalan dünya xalqlarına, dünya parlamentlərinə müraciətin rus dilində mətnini yazıb, yayıb.
1990-cı il yanvarın 24-dən 25-nə keçən gecə R.Savalan işğalçı qoşunların rəhbərliyi tərəfindən 2 nəfər həmkarı ilə birlikdə (xalq artisti V.Babayev və rejissor A.Zamanlı) həbs edilərək, Ulyanovsk həbsxanasına göndərilib. Ictimaiyyətin, xüsusən də televiziya və radio işçilərinin, bütövlükdə, jurnalistlərin tələbi, ilə R.Savalan, V.Babayev və A.Zamanlı azad edilərək Ulyanovskda yaşayan həmyerlilərimizin kirayələrək Bakıdan gətirdikləri təyyarə ilə vətənə qayıdıblar.
R.Savalan 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Jurnalistlər Birliyinin üzvü (1976), Jurnalistlər Birliyinin “Qızıl qələm” mükafatı laureatı olub.
Dəfn mərasimi sabah saat 11:00-da olacaq.
Allah rəhmət eləsin!