19 Dekabr 2023 16:39
241
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Xəzər və dünya akvatoriyasında dinamik neft sızmalarının lokallaşdırılması” mövzusunda II beynəlxalq seminar keçirilib.

Teleqraf.com xəbər verir ki, seminarda Fövqəladə Hallar Nazirliyi, Dövlət Dəniz Akademiyası, SOCAR, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Azərbaycan Respublikasının Kosmik Agentliyi” publik hüquqi şəxs, Müdafiə Sənayesi Nazirliyi Milli Aerokosmik Agentliyi, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi, Elm və Təhsil Nazirliyinin akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun nümayəndələri iştirak ediblər. Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti Akademiyasının Xarici vətəndaşların hazırlanması üzrə İnstitutu və Qazaxıstan Respublikası Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Akademiyasının nümayəndələri isə tədbirə onlayn formatda qoşulublar.

Seminarın keçirilməsində məqsəd neft sızmaları ilə mübarizə sahəsində təcrübə mübadiləsinin aparılması, müvafiq qurumlar arasında sözügedən istiqamətdə beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi olub.

Seminarda Xəzər dənizində və dünya akvatoriyasında mümkün neft sızmaları və bu sızmaların qarşısının operativ alınmasında birgə fəaliyyətin əhəmiyyətindən danışılıb, sözügedən sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsinin müvafiq ekosistemin qorunub saxlanılmasına mühüm töhfə verəcəyi vurğulanıb. Həmçinin, bildirilib ki, Xəzər dənizinin ekosisteminin qorunub saxlanması və onun çirkləndirilməməsi, mümkün neft sızmalarının qarşısının alınması və ekoloji risklərin vaxtında müəyyənləşdirilməsi istiqamətində qabaqcıl təcrübələrin öyrənilib tətbiq edilməsi və qarşılıqlı mübadiləsi bütün aidiyyəti qurumların marağında olan məsələdir.

Tədbirdə seminar iştirakçılarının məruzələri dinlənilib, mövzu ətrafında səmərəli fikir mübadiləsi aparılıb.

Tədbirin sonunda seminar iştirakçılarına FHN Akademiyasının sertifikatları təqdim olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər