Dekabrın 23-də Ali Məhkəmədə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə və Prezident İlham Əliyevin doğum gününə həsr edilən tələbələr arasında "Dəmir yumruq" hüquq sahəsində intellektual müsabiqənin final mərhələsi keçirilib.
Teleqraf.com xəbər verir ki, həlledici mərhələdə Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyası ilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının Hüquq fakültələrinin tələbələrinin komandası yarışıb.
Müsabiqəyə təşkilati dəstək və elmi əlaqələndirmə Vəkillər Kollegiyasının Akademiyası, "Kəngərli və Partnyorları" Vəkil Bürosu, o cümlədən ELSA Azərbaycan (Avropa Hüquqşünas Tələbələr Assosiasiyası) tərəfindən göstərilib.
İntellektual müsabiqənin məqsədi konstitusiya hüququ, cinayət hüququ, habelə mülki hüquq sahəsində tələbələrin bilik və bacarıqlarının müəyyən edilməsi, o cümlədən inkişafına xidmət etməkdir.
Mərasimdə Vəkillər Kollegiyasının Akademiyasının nümayəndələri, ARVK-nın üzvləri, eyni zamanda müsabiqədə iştirak edən universitetlərin qruplar üzrə təyin olunmuş rəhbərləri və 10 tələbə iştirak edib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbirdə Kollegiyanın üzvü, "Kəngərli və Partnyorları" Vəkil Bürosunun müdiri İsmayıl Kəngərli çıxış edərək, iştirakçılara uğurlar arzulayıb, müsabiqənin reqlamenti və qaydalarını izah edib.
Daha sonra final mərhələsi başlayıb və iştirakçılar konstitusiya hüququ, mülki hüquq, habelə cinayət hüququ sahələri üzrə hərəsində 5 sual olmaqla ümumilikdə 15 sualı şifahi formada cavablandırıblar. Komandaların cavabları Ali Məhkəmənin hakimi Elşad Şamayev, Bakı Apellyasiya Məhkəməsinin hakimi Elnur Həsənov, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədova, o cümlədən ARVK-nın üzvləri - Samir Əsədov və Anar Məmişov tərəfindən dinlənilib, qaliblər elan edilib.
Beləliklə, 11 bal toplayan DİN-in Polis Akademiyası müsabiqənin qalibi olub.
Final mərhələsinin ikinci hissəsində isə Elm və Təhsil Nazirliyinin hüquqşünas ixtisasının SABAH qrupları, Bakı Dövlət Universiteti, Dövlət İdarəçilik Akademiyası, Milli Aviasiya Akademiyası, DİN-in Polis Akademiyası, DTX-nin Heydər Əliyev adına Akademiyası, Dövlət Gömrük Komitəsinin Akademiyası və Naxçıvan Dövlət Universitetinin Hüquq fakültələrinin tələbələrinin komandasının kapitanları yarışıb. Onlar Ümummilli Lider Heydər Əliyev ilə Ali Baş Komandan İlham Əliyevin həyat və fəaliyyəti, siyasi istiqamətləri, həmçinin Qarabağ Zəfəri ilə bağlı 15 testi cavablandırıblar. Nəticədə BDU-nun Hüquq fakültəsinin komandasının kapitanı Cəlil Nağıyev ən yüksək bal toplayaraq qələbə qazanıb.
Qeyd edək ki, üç mərhələdən ibarət olan müsabiqədə 9 komanda mübarizə aparıb.