Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 2023-cü ilin aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində itkin düşməklə Ermənistan tərəfindən əsir götürülərək həbs edilmiş və bu yaxınlarda əsirlikdən azad edilmiş Azərbaycan Ordusunun əsgərləri Hüseyn Axundov və Aqşin Bəbirovla görüş keçirib.
Bu barədəTeleqraf.com-a Ombudsman Aparatından bildirilib.
Qeyd edilib ki, görüş zamanı Ombudsman ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin davamlı səyləri və əzmkarlığı sayəsində Ermənistan əsirliyindən azad olunmaları münasibətilə H.Axundov və A.Bəbirovu təbrik edib.
Müvəkkil hərbi qulluqçularımızın səhhəti və indiki vəziyyətləri, habelə qayğıları ilə maraqlanıb. Onlar Ermənistanda saxlanıldıqları müddət ərzində məruz qaldıqları qeyri-insani rəftar halları barəsində məlumat veriblər
Ombudsman öz növbəsində hərbi qulluqçularımızın qeyd etdikləri məsələlərin müvafiq beynəlxalq qurumlar qarşısında qaldırılacağını, hüquqlarının təmini istiqamətində lazımi addımların atılacağını bildirib.