Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 24 saat fəaliyyət göstərən 168 saylı “Qaynar xətt”i vasitəsilə ölkə ərazisində ətraf mühitin mühafizəsi ilə əlaqədar ekoloji tarazlığın qorunması, ekoloji qanun pozuntuları və digər ekoloji hallar barədə şikayət və müraciətlər qəbul edilir.
Teleqraf. com xəbər verir ki, ETSN-nin “Qaynar xətt”inə 2014-cü il ərzində ümumilikdə 3574 şikayət daxil olub. Onlardan 3403-ü Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılaraq qanunamüvafiq tədbirlər görülüb, digər müraciətlərin araşdırılması isə hazırda davam etdirilir.
Daxil olan şikayətlər əsasən ağacların kəsilməsi və aşma təhlükəsinin olması, məişət tullantılarının qalaqlanması, atmosfer havasının çirklənməsi, çirkab suların axıdılması, yerin təkindən istifadə, flora və faunanın mühafizəsi, səs-küy səviyyəsinin normadan artıq olması və s. ilə əlaqədar olub.
Belə ki, il ərzində Dövlət Ekspertiza İdarəsinə göndərilmiş 1434 şikayətdən 1411-i, Ətraf Mühitin Mühafizəsi Departamentinə göndərilmiş 1333 şikayətdən 1287-si, Meşələrin İnkişafı Departamentinə göndərilmiş 471 şikayətdən 399-u, Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinə göndərilmiş 129 şikayətdən 127-si, Milli Geoloji Kəşfiyyat Xidmətinə göndərilmiş 96 şikayətdən 68-i üzrə araşdırma başa çatıb, qalan şikayətlərin araşdırılması isə hazırda davam etdirilir.
Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinə göndərilmiş 68 şikayət, İstehsalat Siyasəti Şöbəsinə göndərilmiş 23 şikayət, Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinə göndərilmiş 14 şikayət, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinə göndərilmiş 3 şikayət, Ovçuluq Təsərrüfatlarının İdarə Edilməsi və Ovçuluq Fəaliyyətinə Dövlət Nəzarət Xidmətinə göndərilmiş 3 şikayət araşdırılaraq qanunamüvafiq tədbirlər görülüb.
Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt” - rabitə əlaqəsi 2002-ci ildən etibarən ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilən fəaliyyətin təşkilati-hüquqi formasından asılı olmayaraq aidiyyəti idarə, müəssisə və təşkilatlarla, ayrı-ayrı vətəndaşlarla operativ qaydada əlaqələndirilməni təmin etmək məqsədilə fəaliyyət göstərir.
İLHAMƏ