Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmi istifadəçiləri tərəfindən təhlükəsizlik qaydalarına riayət olunmasının müəyyən edilməsi məqsədilə nəzarət tədbirlərini davam etdirir.
Teleqraf.com xəbər verir ki, bu çərçivədə, Bakı şəhəri, Pirallahı rayonunun Pirallahı və Gürgan qəsəbələri, Sabunçu rayonunun Nardaran qəsəbəsi, Qaradağ rayonunun Ələt qəsəbəsi və Salyan rayonunun Xıdırlı kəndində Xəzər dənizinin sahilboyu ərazilərində keçirilmiş nəzarət tədbirləri zamanı ümumilikdə 35 qayıq saxlanılaraq, həmin nəqliyyat vasitələrinin texniki və qeydiyyat sənədləri, təchizat və xilasetmə vasitələri, həmçinin kiçikhəcmli gəmi sürücülərinin sürücülük vəsiqələri yoxlanılıb.
Kiçikhəcmli gəmilərin təhlükəsiz istismar qaydalarının müvafiq tələblərini (sürücülük hüququ olmadan kiçikhəcmli gəmilərin istismarı, xilasetmə və digər təchizat avadanlıqları olmadan qayıqlardan istifadə) pozan 9 gəmi istifadəçisi inzibati məsuliyyətə cəlb olunaraq barələrində protokol tərtib edilib.
Eyni zamanda, gəmi istifadəçilərinə kiçikhəcmli gəmilərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınmasının və texniki baxışdan keçirilməsinin, habelə gəmi sürücüləri tərəfindən sürücülük vəsiqələrinin əldə edilməsinin vacibliyi izah olunaraq, onlarla maarifləndirici söhbətlər də aparılıb.