24 Fevral 19:15
721
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 24-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə İstanbulda keçirilən “Dekolonizasiya: İntibah dövrünün başlanğıcı” mövzusunda beynəlxalq konfrans başa çatıb.

Teleqraf.com xəbər verir ki, beynəlxalq konfransda 13 ölkə və 4 beynəlxalq təşkilatdan 50-dən artıq nümayəndə iştirak edib.

Tədbirin açılışında çıxış edən Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov ötən dövrdə bu qurum tərəfindən altı beynəlxalq konfransın keçirildiyini bildirib.

Birləşmiş Millətlər Təşkilatının idarəçilik üzrə beynəlxalq eksperti Carlyle G. Corbin çıxışında müstəmləkəçilikdən zərər görən bölgələrdəki insanların səsinin dünya ictimaiyyətinə çatdırılmasında göstərdiyi dəstəyə görə Azərbaycan, o cümlədən bu məqsədlə yaradılan Bakı Təşəbbüs Qrupuna təşəkkürünü ifadə edib.

Sonra Bakı Təşəbbüs Qrupunun gördüyü işləri özündə əks etdirən videoçarx nümayiş olunub.

Tədbir mövzu ilə bağlı panel iclaslarla davam etdirilib.

Panel müzakirələrindən sonra iştirakçılar adından Fransa Prezidenti Emmanuel Makrona açıq məktub ünvanlanıb.

Məktubda BMT Baş Assambleyasının dekolonizasiya ilə bağlı qətnamələrinə istinad edilərək, həmin sənədlərin 60 ildən çoxdur qəbul olunmasına baxmayaraq, Korsika, Melaneziya, Polineziya, Karib və Antil adaları qrupunda yaşayan xalqların bu gün də Fransanın müstəmləkəçiliyindən və neokolonializmindən əziyyət çəkdiyi vurğulanır.

Məktubda həmin adalarda Fransanın törətdiyi müxtəlif cinayətlər, habelə bu torpaqların Fransa dövləti tərəfindən işğal edilməsi, yerli iqtisadiyyatın inkişafına bilərəkdən maneə yaradılması, yerli əhalilərin pestisidlərlə zəhərlənməsi və əhalinin bunun fəsadlarından əziyyət çəkməsi, insanların məcburi emmiqrasiyaya sövq edilməsi, bu ərazilərə qanunsuz köçürülmənin bu gün də aparılması, orada müstəmləkəçi məhkəmə sistemlərinin tətbiqi və digər faktlar öz əksini tapıb.

Tədbir iştirakçıları Emmanuel Makrondan Fransa hökumətinin qanunsuz hərəkətlərini dayandırması tələbini irəli sürərək, bu ərazilərdə mədəni və dini irsin vəziyyətinə dair məruzənin hazırlanması üçün UNESCO missiyasının həmin bölgələrə göndərilməsinin əhəmiyyətini vurğulayıb, ATƏT-in ətraf mühit, iqtisadiyyat, insan hüquqları və yerli əhalilərin hüquqlarına dair vəziyyətinin öyrənilməsi missiyasının müstəmləkə ölkələrinə göndərilməsi üçün quruma müraciət ünvanlamasına çağırış ediblər.

Sonda Fransa hökuməti tərəfindən keçmiş və indiki müstəmləkələrdən oğurlanaraq bu ölkəyə daşınmış 100 mindən artıq maddi və mədəni irs nümunəsinin geri qaytarılması üçün petisiyaya start verildiyi elan edilib.

Bildirilib ki, bununla bağlı müxtəlif kampaniyalar həyata keçiriləcək.

Xatırladaq ki, konfransa dünyanın 13 ölkəsindən və 5 beynəlxalq təşkilatdan ümumilikdə 50 nümayəndə iştirak edib. Onların böyük əksəriyyəti Fransanın hələ də müstəmləkəsi olan dənizaşırı ərazilərindən gələn şəxslərdir.

Qeyd edək ki, bu, Bakı Təşəbbüs Qrupunun təşkil etdiyi 7-ci beynəlxalq konfransdır.

Bakı Təşəbbüs Qrupu Fransa müstəmləkəsi altında yaşayan xalqlarla həmrəyliyini ifadə edir, onların azadlığı və müstəqilliyi uğrunda mübarizəsinə hər zaman dəstək verəcəyini bildirir.

Fransa müstəmləkəçiliyinə qarşı mübarizəyə dəstək məqsədi daşıyan Bakı Təşəbbüs Qrupu ötən il iyulun 6-da Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Ofisinin Nazirlər Toplantısı çərçivəsində yaradılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər