Səlim Müslümov: “Paytaxtda və daha 4 rayonda çoxmənzilli binalar, habelə 52 rayonda 353 fərdi ev tikilir”
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) 2014-cü il ərzində görülən işlərin, nazirliyin fəaliyyət sahələrində aparılan islahatların yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov makroiqtisadi inkişaf tempinin 2014-cü ildə qorunub saxlanıldığını vurğulayıb: “İqtisadiyyatın 2,8 faiz, xüsusən qeyri-neft sektorunun 7 faiz artması, iqtisadiyyata 27 milyard dollar investisiyanın yatırılması, 123 mindən çox yeni iş yerinin yaradılması və işsizliyin 4,9 faizə enməsi ölkəmizin ötən il əldə etdiyi mühüm nailiyyətlərdir. Bunlar, eləcə də əhalinin pul gəlirlərinin 1,4 faizlik inflyasiyanı üç dəfədən çox üstələməklə 4,8 faiz artması ümumən dünya miqyasında ən uğurlu göstəricilər kimi diqqəti cəlb edir”.
Ötən il də dövlət siyasətində sosialyönümlülük kursuna üstünlük verildiyini bildirən nazir həmin dövrdə dövlət büdcəsindən sosialyönümlü xərclərə 9,9 faiz, o cümlədən sosial müdafiə və sosial təminat xərclərinə 12,6 faiz çox vəsait yönəldilməsini bunun növbəti bariz təzahürü kimi qeyd edib: “Keçən il ölkə üzrə ümumilikdə 506 mindən çox insan sosial müavinət və Prezident təqaüdləri ilə təmin edilib. Bu dövrdə dövlət başçısının müvafiq fərman və sərəncamları ilə sosial cəhətdən həssas qruplara aid 80 min nəfərədək insana yönələn sosial ödənişlərdə ciddi artımlar edilib. Ümumilikdə hesabat dövründə sosial müavinət və təqaüdlərin, kompensasiyaların ödənilməsinə 2013-cü illə müqayisədə 50,4 milyon manat və ya 20,8 faiz çox vəsait sərf olunub”.
Səlim Müslümov əlavə edib ki, hesabat dövründə 2014-cü ilin əvvəlinədək növbədə olan bütün vətəndaşlar, yəni 1453 nəfər müharibə əlili və onlara bərabər tutulan şəxs, eləcə də ötən il növbəyə dayananlardan 67 nəfəri avtomobillə təmin olunub: “Eyni zamanda, keçən il 174 nəfər müharibə əlili və şəhid ailəsinə mənzil verilib. 2014-cü il yanvar ayının 1-dək mənzil növbəsinə dayanmış 5731 nəfər əlil və şəhid ailəsi 2014-2018-ci illərdə mənzil və ya fərdi evlə təmin ediləcək. Hazırda əlil və şəhid ailələri üçün paytaxtda və daha 4 rayonda çoxmənzilli binalar, habelə 52 rayonda 353 fərdi ev tikilir. Ayrılmış vəsait hesabına 2015-ci ildə 1031 ədəd, o cümlədən 487 ədəd fərdi evin və 544 ədəd mənzilin əlil və şəhid ailələrinə verilməsi nəzərdə tutulur”.
Nazir bildirib ki, ünvanlı yardım alan ailələrin sayı 35,5 faiz azalaraq 92 514-ə enib. Bu azalma digər tərəfdən hər ailəyə düşən ünvanlı yardımın orta aylıq məbləğinin 23,5 faiz artaraq 155 manata çatması ilə müşaiyət olunub:“Ünvanlı dövlət sosial yardımının təyinatı mexanizminin avtomatlaşdırılması işləri artıq yekunlaşır. Yaxın 3-4 ay ərzində bu yardımlar üçün müraciətlərin elektron qaydada qəbuluna və yardım təyinatlarının avtomatlaşdırılmasına başlanacaq”.
Nazir hesabat dövründə həyata keçirilən dövlət nəzarəti zamanı işəgötürənlər tərəfindən 20417 halda əmək qanunvericiliyinin pozulması faktının aşkar edildiyinə toxunub: “Həmin hüquq pozuntularına yol vermiş işəgötürənlərə qarşı qanunvericiliyə əsasən cərimələr tətbiq olunub. Qeyd olunan cərimələrin 44,6%-i, yəni 1915347 manatı artıq dövlət büdcəsinə ödənilib ki, bu da 2013-cü illə müqayisədə 24 dəfə çoxdur. Həmçinin ötən il işəgötürənlər tərəfindən gecikdirilmiş ümumilikdə 527574 manat məbləğində sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin edilib”.
Kollegiya iclasında ƏƏSMN-nin fəaliyyət sahələrinə dair hesabatlar təqdim edilib. Aparılan müzakirələr zamanı görülən işlərin müsbət nəticələri ilə yanaşı, yol verilən ayrı-ayrı nöqsan və çatışmazlıqlardan da bəhs olunub. İclasda fəaliyyətlərində nöqsanlar aşkar edilən vəzifəli şəxslər barəsində intizam tənbehi tədbirlərinin görülməsinə dair qərarlar qəbul olunub və nazirliyin struktur bölmələrinin məsul şəxslərinə müvafiq göstərişlər verilib.
Naibə QURBANOVA