"Saf Həyat Naminə" Gənclər İctimai Birliyi Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Maraqlı peşə - uğurlu karyeranın təməlidir” adlı layihə həyata keçirir.
Bu barədə Teleqraf.com-a məlumat verən birliyin sədri Səbinə Abbasovanın sözlərinə görə layihənin əsas məqsədi ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan və internat məktəbini bitirmiş uşaqların peşə təhsilinə cəlb olunması işində yeni bir mexanizmin yaranmasına nail olmaq və bu uşaqların peşə təhsilinə cəlbi ilə bağlı təşəbbüslərlə çıxış etməkdir: “Ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan və internat məktəbini bitirmiş uşaqların peşə təhsilinə cəlb olunması işində təşəbbüs ortaya qoyan bu layihənin icrası zamanı bu qism uşaqların müəyyən sayı əhatə edilməklə xüsusi kataloq yaradılacaq, kataloqda bu uşaqlar haqqında məlumatlar öz əksini tapacaq, həmçinin layihə zamanı bu uşaqların peşə təhsilinə yiyələnməsi ilə bağlı maarifləndrimə işi həyata keçiriləcək, xüsusi məlumatverici bukletlər hazırlanaraq onlara paylanılacaq, müəssisələr və peşə təhsili verən təşkilatlarla internat məktəbləri arasında rabitə yaradılacaq”.
Birlik rəhbərinin sözlərinə görə, layihədən əsasən müəyyən sayda xüsusi qayğıya ehtiyacı olan və internat məktəbini bitirmiş uşaqlar, yeniyetmə və gənclər, həmçinin internat məktəbləri faydalanacaq: “Xüsusi qayğıya ehtiyacı olan və internat məktəblərini bitirmiş uşaqların peşə təhsilinə cəlbi ilə bağlı hazırlanmış yeni işləmə mexanizmini və təşəbbüsləri əlaqədar qurumlara təqdim edəcəyik".
S. Abbasova onu da qeyd etdi ki, artıq layihə çərçivəsində Şəki şəhərində tədbirlərə başlanılıb.
NİGAR