12 İyun 22:15
836
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Cümhuriyyətinin işğalından sonra 1920-1930-cu illərdə mühacirətə gedən gənclər arasında Məhəmməd Axundzadə də olub.

Türkiyədə Burç soyadını qəbul edən Məhəmməd bəy 1908-ci ildə Bakıda doğulub. Atasının adı Muxtar, anasının adı Xədicə olub. İbtidai və orta təhsilini Bakıda alıb, eyni zamanda musiqiyə də maraq göstərib. Daha sonra Azərbaycan Ali Sənaye Məktəbinin makina bölümünü bitirib.

Azərbaycan Cümhuriyyətinin istilasından sonra əqrəbası Əbdülvahab Yurdsevər bəyin də qatıldığı Azərbaycan İstiqlal Komitəsinin yeraltı təşkilatının ən gənc üzvü olub. 1929-cu ilədək Bakıda gizli fəaliyyətini davam etdirib. Lakin repressiyaların artması nəticəsində Məhəmməd bəy Əşrəf Dəmircanla birgə Vətənini tərk etmək məcburiyyətində qalıb. Onlar əvvəlcə Ələt körfəzinə gəliblər, bir həftə burada çətin şəraitdə qalıblar, sonra beş gün yürüyərək 1929-cu ilin noyabr ayında Güney Azərbaycana keçiblər. Türkiyə səfirliyinə müraciət edərək bu ölkəyə mühacirət ediblər.

16 noyabr 1929-cu ildə Türkiyəyə gələn Məhəmməd bəy 20 yanvar 1930-da Türk vətəndaşlığı üçün müraciət edib. 8 oktyabr 1930-cu ildə müraciəti müsbət dəyərləndirilib və o, ömrünün sonuna qədər bu ölkədə yaşayıb. Hökumət onu Konyaya göndərib, orada Yusuf ağa kitabxanasında çalışıb, ardınca Konya muzeyinin müdiri olub.

1932-ci ildə Konyada Kübra xanımla ailə həyatı qurub. Bu evlilikdən 1934-cü ildə Gökçek, 1936-cı ildə Alyat və 1950-ci ildə Şahika adlı üç övladı olub.

1940-ci ilədək Konyada muzey müdiri olan Məhəmməd bəy həmin il Ankarada Elektrik Qaz Avtobus ümummidirliyində mühasib olaraq işə başlayıb. 1944-cü ildə teymən (leytenant) rütbəsi ilə orduya çağırılıb, baş teymən rütbəsi ilə tərxis olunub. Yenidən Ankaradakı işinə qayıdan Məhəmməd bəy 1970-ci ilədək həmin idarədə çalışıb, oradan təqaüdə çıxıb. Ardınca Kızılayda mühasibliyə başlayan Burç 1978-ci ildə əmək fəaliyyətini burada tamamlayıb.

Məhəmməd bəy Azərbaycan Kültür Dərnəyinin idarə heyətində yer alıb, istiqlalın yenidən qazanılması uğrunda mübarizə aparıb.

Mücadilə yoldaşı Sinan Baykalın yazdığına görə, 1920-ci ildə ruslar Bakını işğal edərkən Axundzadə ailəsinin evini də yağmalayıblar. Həmin vaxt bolşeviklərin evdəki pianonu qırmalarından və əsarətin ağrılı yükündən sonra Məhəmməd bəy musiqi ifaçılığını bir daha davam etdirməyib.

Burç 22 iyul 1984-cü ildə Kuşadasında infarkt nəticəsində vəfat edib. Cənazəsi Ankaraya gətirilib, Karşıyaka məzarlığında dəfn olunub.

Məhəmməd bəy Azərbaycan Milli Mərkəzinin sədri olmuş Əbdülvahab Məhəmmədzadənin (Yurdsevər) qohumu olub. “Əmizadəm” dediyi Əbdülvahab bəyin vəfatı münasibətilə yazı qələmə alıb, dəfnində iştirak edib.


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər