Sabah Azərbaycanda Qurban bayramı qeyd ediləcək. Qurban bayramı İslam aləmində ən müqəddəs bayramlardan biri sayılır. Bayram hər il Hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır. Bu il Azərbaycanda Qurban bayramı 16-17 iyun tarixlərinə təsadüf edir.
Bayramın keçirilməsi ilə yanaşı qurbanlıq heyvanların satışı, kəsimi xüsusi yanaşma tələb edir. Ölkə ərazisində 147 ünvanda qurbanlıq heyvanların satış və kəsim yerləri yaradılıb. Həmin satış məntəqələrində baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunacaq. Artıq bayrama hazırlıq işləri başa çatmaqdadır
Teleqraf.com hazırlıq prosesi ilə tanış olmaq üçün Bakının Binəqədi rayonunda yerləşən ət kəsim və satış məntəqələrindən birinə yollanıb. Məntəqədə bayramla əlaqədar canlanma müşahidə olunur. Həmsöhbət olduğumuz qəssab Zaur Salmanov bazar günündə məntəqəyə gələnlərin daha çox olacağını deyir:
“Mən 30 ildir burada qəssablıqla məşğulam. Heyvanları rayonlardan diri gətirib, burada kəsirik. Kim istəyir kəsdirib aparır, kəsdirmək istəməyən heyvanı maşına qoyub gedir. Həmçinin kilo ilə də satış edilir. Heyvanları Beyləqan, Ağcabədi, Bərdə rayonlarından fermerlərdən alıb gətiririk. Qiymətlər köhnə qiymətlərdir. Qoyun ətinin kilosu 18-19 manatdır. Hələ ki qiyməti qaldırmamışıq. Yerlərdə - rayolarda qiymət qalxıb, ancaq biz qaldırmamışıq. Rayonlarda ətin qiymətinin qalxması Qurban bayramı ilə əlaqəli ola bilər. Biz 18-19 manata satırıq. Eləsi var deyir, “18-ə verirsənsə alıram” , eləsi də var alıb gedir. Alış normaldır, hələlik pis deyil. Alırlar, qiymətlərlə maraqlanırlar, soruşurlar. Bayram günü gəlib alacaqlarını deyənlər də var”.
Qəssab hansı heyvanları qurbanlıq olaraq seçdiklərindən də danışıb:
“İsmayıl qurbanına bir illik heyvanları seçirik. Niyyət qurbanına isə 6 aylıq heyvanları. Əsasən 6 ay və 1 illik heyvanlar kəsilir. İslam şəriətinə görə, dəvə, inək, keçi və qoyun cinsindən qurban kəsmək olar.
Burada qoyun, mal, dana, camış əti kəsilib satılır. Heyvanın ətinin sağlam olması daha önəmlidir. Təmiz olsun, şikəst olmasın, bunlara fikir verilir. Əsas olan heyvanın sağlamlığıdır. Qurbanlıq üçün kəsilən heyvanın zahiri əlamətləri də vacib sayılır. Görüntüsünə, kilosuna, iri çəkisinə görə seçirik.
Təbii ki, heyvan gözəgəlimli olmalıdır. Əsasən 15-20 kilolu heyvanları seçirik. Qurbanlıq heyvan hər şeydən öncə sağlam və nöqsansız olmalıdır. Kor, şikəst, hər hansı bədən üzvündə qüsur olan heyvanı qurban kəsmək olmaz. Xəstə və ya qocalıb əldən düşmüş heyvanı da kəsmirik”.
Qurbanın necə kəsilməsinə də xüsusi diqqət etmək lazımdır. Elə Zaur bəy də bu fikri təsdiqləyərək qurbanın necə kəsilməli olduğunu izah edir:
“Qurbanlıq heyvan üzü qibləyə yerə uzadılır. Boğazındakı 4 iri damar iti kəsən bıçaqla birdəfəyə kəsilir. Damarların bəzisini kəsib gözləmək, sonra o birilərini kəsmək olmaz. Qurbanlıq heyvanı müsəlman olan şəxs kəsməlidir. Heyvan üzü və ayaqları qibləyə sarı olmaqla yatırılır. Qurbanı kəsən zaman Allahın adı çəkilməlidir. Yəni qurban kəsən adam heyvanın boğaz damarlarını kəsəndə “Bismillah”, “Allahu əkbər” sözlərini deməlidir.
Qurban kəsərkən bəzi şərtlərə riayət etmək lazımdır. Məsələn, qoyunun qabaq ayaqlarını və arxa ayaqlarından birini bağlamaq, bir ayağını açıq saxlamaq kimi. Qurban kəsən adamın özünün də üzü qibləyə durması, heyvanı kəsməzdən əvvəl qabağına su qoyaraq içməsinə imkan verməsi də şərtdir. Heyvanın duzu, suyu verilir, duası oxunub sonra kəsilir. Dini qaydalara riayət olunur. Halallıq olmalıdır. Heyvana əziyyət olmaması üçün boğazını tez kəsmək məsləhətdir. Buna görə də, bu işi təcrübəli şəxsə həvalə edirik".
Qəssabın sözlərinə görə, insanlar adətən qurbanlıq üçün qoyuna üstünlük verirlər.
“Lakin keçi, inək və dəvəni də qurbanlıq üçün seçmək olar. İmkanı yaxşı olanlar iribuynuzlu heyvanlardan kəsdirirlər. Biz heyvanları bura gətiririk, xidmət yerlərində boşaldılır. Suyu, otu qabağında sərin yerdə saxlayırıq. İsti yerdə qalmamalıdır. Gərək heyvanı qoruyasan ki, ölməsin, xəstələnməsin”.
Məntəqədə ətrafında fikirlərini öyrəndiyimiz sakinlər Qurban bayram günlərində qurbanlıq heyvanların qiymətinin bahalaşacağının qaçılmaz olduğunu da deyirlər. Bayram günlərində ətə artan tələbat qiymət bahalaşmasına səbəb olacağını vurğulayırlar. Qiymətin olduğu kimi qaldığını söyləyənlər də var.