Ötən əsrin birinci yarısında Azərbaycandan Türkiyəyə köçüb ziraət (kənd təsərrüfatı) sahəsində çalışan bir neçə mühacir soydaşımız olub. Onlardan ən məşhuru buğdaçılıqla bağlı xeyli kitab ərsəyə gətirmiş Mirzə Göygöl idi. Türkiyə hökumətinin xüsusi dəvəti ilə Almaniyadan qardaş ölkəyə gələn Göygöl bu sahədə mühüm xidmətlər göstərib, elmi əsərləri ilə diqqət mərkəzində olub.
Ziraət sahəsində çalışan mühacirlərimizdən biri də Hüseyn Gencer idi. O, Gəncədə Hacı Əli bəylə Həlimə xanımın ailəsində doğulub. Rusiyanın Azərbaycanı işğalından sonra Türkiyəyə mühacirət edib, ömrünün sonuna qədər orada yaşayıb.
Hüseyn bəy 1935-ci ildə Türkiyə Ali Ziraət İnstitutu Ziraət Fakültəsindən ali ziraət mühəndisi ixtisası ilə məzun olub. Əvvəlcə Mərkəz Ziraət Mücadilə İnstitutunda assistent, baş assistent, mütəxəssis olaraq çalışıb, daha sonra ziraət müəllimi kimi, taxıl, pambıq və toxum islahı işlərində çalışıb. Rus və alman dillərini bilib.
Sahəsi üzrə müxtəlif yerlərdə işləyən Hüseyn bəy axırıncı iş yeri kimi Torpaq Məhsulları Ofisində çalışıb, buradan da təqaüdə çıxıb.
18 noyabr 1943-cü ildə Gencer Türk Ali Ziraət Mühəndisləri Birliyinin Yenişehirdəki mərkəzində “Tunceli ziraəti və süne problemi” mövzusunda mühazirə oxuyub. Həmin il işıq üzü görən birliyin “Ziraət” dərgisinin 41-42-ci qoşasayında Hüseyn bəyin “Iğdır pambıqlarında yarpaq uyuzu” adlı məqaləsi dərc edilib.
Hüseyn Gencer iki kitab müəllifidir. 1951-ci ildə Torpaq Məhsulları Ofisinin nəşrləri seriyasından “Anbar zərərliləri və bunlarla mücadilə” adlı kitabı çıxıb. 1954-cü ildə eyni silsilədən “Eksperinin əl kitabı” adlı ikinci əsəri işıq üzü görüb.
Hüseyn bəyin həyatı ilə bağlı əldə etdiyimiz ən maraqlı məlumat onun Əfqanıstan hökumətinin dəvəti ilə iki il həmin ölkədə müşavir olaraq çalışmasıdır. 1955-ci ildə Türkiyəyə gələn Əfqanıstanın maliyyə naziri Torpaq Məhsulları Ofisi Ümummüdirliyini ziyarət etdiyi zaman oranın ümumi müşaviri Hüseyn bəylə tanış olub, onun yüksək qabiliyyətinə görə öz ölkəsində iki il çalışmağa dəvət edib. Bu təklifi qəbul edən Gencerin Əfqanıstana getməsi üçün rəsmi yazışmalar başladılıb. 12 oktyabr 1955-ci ildə Əfqanıstanın Ankaradakı səfirliyi bu hadisə barədə Türkiyə Xarici İşlər Nazirliyini məlumatlandırıb, mühəndisin fəaliyyəti ilə bağlı detallı bilgi istəyib. Noyabr ayında Gencerin təhsili və çalışdığı yerlər barədə səfirliyə məlumat verilib. Nəhayət 1956-cı ilin iyul ayında Türkiyə prezidenti Cəlal Bayarın imzaladığı qərarnamə ilə Hüseyn bəyin iki il müddətinə Əfqanıstan Maliyyə Nazirliyi Taxıl İkmal Rəyasətində mütəxəssis müşavir kimliyi ilə xidmət göstərməsinə icazə verilib.
Hüseyn bəy elmi fəaliyyəti ilə yanaşı Azərbaycan istiqlal mübarizəsinə də dəstək olub, Azərbaycan Kültür Dərnəyinin üzvü kimi bu səpkidə fəaliyyət göstərib.
Gencer 2 avqust 1974-cü ildə Ankarada rəhmətə gedib, Karşıyaka məzarlığında dəfn edilib. Onun Səlma xanımla evliliyindən Səmra və Səlcuq adlı iki övladı olub.