Azərbaycan son illərdə öz tarixinin ən möhtəşəm dövrlərindən birini yaşayır.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Soltan Məmmədov bildirib.
Deputat deyib ki, 2020-ci ildə Vətən müharibəsində əldə etdiyimiz zəfər və 2023-cü ildə həyata keçirilmiş antiterror tədbirlərinin nəticələri xalqımızın tarixində yeni bir səhifə açıb: “Dövlətimizin artan gücü və beynəlxalq aləmdə yükəsələn nüfuzu bizə olan etimadın daha da dərinləşməsinə səbəb olub. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un Azərbaycanda keçirilməsi barədə ötən ilin dekabrında qəbul edilmiş qərar məhz Azərbaycana beynəlxalq ictimaiyyətin yüksək etimadının daha bir göstəricisi idi.
Respublikamız bu ilin noyabrında COP29-la yanaşı Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyası və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyası kimi mötəbər beynəlxalq tədbirlərə də evsahibliyi edəcək.
Qlobal problemlərin müzakirə olunacağı bu mötəbər tədbirlər hazırlıq kifayət qədər vaxt və enerji tələb edir.
Təbii ki, bir çox yüksək səviyyəli beynəlxalq forumları, idman yarışlarını və digər tədbirləri ən yaxşı şəkildə təşkil etmək təcrübəsinə malik olan ölkəmizin bu dəfə də üzərinə götürdüyü missiyanı uğurla yerinə yetirəcəyi şübhəsizdir. Bununla yanaşı, onu da nəzərə almalıyıq ki, belə qlobal əhəmiyyətli beynəlxalq tədbirlərlə eyni vaxtda seçki kampaniyasının təşkili kifayət qədər çətin prosesdir.
Ona görə də hesab edirəm ki, Yeni Azərbaycan Partiyasını təmsil edən deputatların altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə təşəbbüsü mövcud reallıqları nəzərə alan, ölkəmizin qarşısında duran vəzifələrin miqyasını düzgün qiymətləndirən yanaşmanın ifadəsidir. Seçkilərin vaxtının irəli çəkilməsi COP29-un təşkili ilə bağlı bütün məsələlərin uğurla həll edilməsinə imkan verəcək, eyni zamanda, belə bir yüksək səviyyəli tədbir zamanı parlamentin tam gücü ilə fəaliyyət göstərməsinə şərait yaradacaq. Bildiyinzi kimi, COP29 sessiyası çərçivəsində Parlament Konfransının təşkili nəzərədə tutulur. Bu barədə Milli Məclislə Parlamentlərarası İttifaq arasında Anlaşma Memorandumu imzalanıb. Parlament iclası COP29-un ən mühüm tədbirlərindən biridir və bu iclasa hazırlıq üçün Milli Məclisdə deputatlardan ibarət işçi qrupları yaradılmalıdır. Bundan başqa, Parlament konfransının yekun sənədinin hazırlanması da uzun və çətin bir prosesdir. Ona görə də Azərbaycan Milli Məclisinin yeni tərkibinin COP29 sessiyasına qədər formalaşması çox mühüm əhəmiyyət kəsb edir”.
Soltan Məmmədov qeyd edib ki, Azərbaycan Respublikası Konstitusiyasının 98.1. maddəsinin II hissəsinə əsasən Milli Məclisə növbəti seçkilərin 2024-cü ilin noyabr ayında keçirilməsi nəzərədə tutulur. Parlament seçkiləri ölkənin ictimai-siyasi həyatında çox mühüm hadisələrdən biridir: “Belə bir əhəmiyyətli məsələyə hazırlıq isə olduqca ciddi yanaşma, gərgin iş və zaman tələb edir. Bu baxımdan, iki böyük miqyaslı və mühüm prosesin eyni vaxta təsadüf etməsi həm dövlət orqanlarının səmərəli fəaliyyətinə, həm də cəmiyyətin normal həyatına müəyyən təsir göstərə bilər. Düşünürəm ki, bütün bunları nəzərə alaraq biz seçkilərin vaxtının dəyişdirilməsi barədə təşəbbüsü dəstəkləməliyik. Milli Məclisin buraxılacağı və növbədənkənar seçkilərin keçiriləcəyi təqdirdə müstəqillik dövründə ilk dəfə olaraq Qarabağ və Zəngəzuru təmsil edən millət vəkilləri məhz bu ərazilərdə keçirilən səsvermə zamanı seçiləcəklər. Müstəqillik tariximizdə ilk dəfə bütün ölkə ərazisində 2024-cü ildə keçirilmiş Prezident seçkilərindən sonra bu Azərbaycan tarixinin daha bir mühüm siyasi hadisəsi olacaq. Hesab edirəm ki, dəyərli həmkarlarım Yeni Azərbaycan Partiyasını təmsil edən deputatların Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə təşəbbüsünü dəstəkləyəcəklər”.