24 İyun 11:44
695
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mənim atam içərişəhərlidir. Bakını birinci rus inqilabı illərində tərk edib, bir müddət Rusiyada yaşayıb, sonra Parisə köçüb. Mən də orada doğulmuşam. Şərqə, xüsusilə Azərbaycana uşaqlıqdan böyük maraq bəsləyirdim. Odur ki, Sorbonnanı bitirdikdən sonra Şərq dilləri məktəbinə daxil oldum. Burada türk, fars və ərəb dillərini öyrəndim”.

Bu fikirləri 1989-cu ildə məşhur türkoloq İrene Melikoff həmkarı mərhum Ramiz Əsgərə müsahibəsində bildirib. Şərqə, atasının məmləkətinə, xüsusilə qızılbaşlıq tarixinə böyük marağı olan İrene xanım 7 noyabr 1917-ci ildə Peterburq şəhərində doğulub. Atası bakılı İskəndər Məlikov, anası rus balerina Yevgeniya Mokchanov olub.

İslam Ensiklopediyasına görə, bolşevik inqilabından sonra İskəndər bəyin malı, mülkü əlindən alınıb, ona görə də əvvəlcə Finlandiyaya, oradan İngiltərəyə, 1919-cu ildə də Parisə yerləşib. Atasının çevrəsindən dolayı rus, türk, fransız, ingilis dillərini öyrənib. Sorbonna Universitetinin Ədəbiyyat fakültəsini qazanıb, eyni zamanda Yaşayan Şərq Dilləri Milli Məktəbinə daxil olub. Burada iranşünas Anri Massedən fars dili və ədəbiyyatı dərsləri alıb, bu dili mənimsəyib.

“İxtilal gecəsində doğulmuşam”

İrene xanım 1990-cı ildə jurnalist Hacı Hacıyevə müsahibəsində özü və atasının mühacirəti ilə bağlı maraqlı bilgilər verib:

“Mən Peterburqda doğulmuşam. İxtilal gecəsində. Oktyabrın 25-də (yeni təqvimlə 7 noyabr - D.Ə) gecə Petroqradda doğuldum və bir neçə gün sonra anam və atam, təbii ki qaçdılar. Əvvəlcə Helsinqforsa qaçdılar. Çünki o zaman yaxın idi, sərhəd də yox idi. Sonra hər kəs kimi İngiltərə yolu ilə Fransaya gəldilər… Atam neft sahibi idi. İskəndər Məlikov. Bakıda yaşayarmış. 1905-ci ildə Bakıda olduğunu bilirdim, özü söyləyirdi. Hər halda ondan sonra Peterburqa köçmüş. Bakıdakı mədənlərini Nobelə satdı. Anamın adı Yevgeniya idi, 1973-cü ildə rəhmətə getdi. Qızlarımı anam böyüdüb, ataları türkdür. Qızımın biri – Şirin də türkə ərə gedib. O biri qızımın adı Bilqeyisdir. Birininki də Laden. Türkcə çiçək adıdır. Beş nəvəm var”.

İrene xanım Sorbonnada oxuduğu zaman riyaziyyatçı Salih Zekinin oğlu Faruk Sayarla tanış olub, onunla ailə həyatı qurub. Bu evlilikdən üç qız övladı dünyaya gəlib. 1940-cı ildə almanlar Fransanı işğal etdiyi üçün ailə Türkiyəyə gəlib, İstanbul, Ankara, İzmir və Mersin şəhərlərində yaşayıblar. Bir müddət sonra Faruk Sayardan ayrılan İrene xanım 1948-ci ildə qızları ilə birlikdə Fransaya qayıdıb.

İrene xanım təhsili və yaradıcılığı ilə bağlı müsahibəsində bunları bildirib:

“Mən Paris Universitetini bitirdim. Orada Şərq dilləri məktəbi var. Türkcə, farsça oxudum. Bir az da ərəbcə. Fəqət ərəbcəni sevmirəm. Ancaq türkcəni çox sevirəm. Farsca da çox gözəl dildir. Orada oxudum, oranı bitirdim, ondan sonra Sorbonnada oxudum. Orada doktorluq dissertasiyamı yazdım. Dissertasiyam türk dastanı haqqındadır. Bir neçə kitabım var. Məsələn, “Məlik Danişmənd dastanı”. İki cilddir. Ondan sonra Əbu Müslim Xorasani haqqında bir kitabım çıxıb. Sonra da “Umur paşa dastanı” kitabı. Dastan ədəbiyyatı ilə məşğul oldum və “Əbu Müslim Xorasani” kitabını yazdığım zaman çox həyəcanlandım, çünki orada dini motivlər vardı, xoşuma gəlirdi. Bundan sonra “Hüseyn dastanı” üzərində çalışmağa başladım və bundan böyük zövq duydum. Kərbəla hadisəsidir. Gördüm ki, bəzi hadisələri anlaya bilmirəm. Yəni ikimənalı şeylər var. Anladım ki, bunu dərk etmək üçün sufiliyə baş vurmaq lazımdır. Türkiyədə dərvişlər var və bu dərvişlər Bektaşilik təriqətinə mənsubdurlar. Başa düşdüm ki, istədiyimi orada tapacağam. Həqiqətən də, belə oldu. Fəqət içinə girdim, iyirmi ildən bəri ayrıla bilmirəm, çünki məni həyəcana gətirir”.

İrene xanım doktorluq işi olan “Danişməndnamə” ilə bağlı tədqiqatını 1957-ci ildə bitirib. 1970-ci illərdən etibarən qızılbaşlıq, ələvilik üzərinə çalışmalara başlayan Melikof “Əbu Müslümnamə” dastanı ilə bağlı geniş tədqiqatlar aparıb. 1968-1986-cı illərdə Strasburq Universitetində Türkoloji İnstituta rəhbərlik edib, 1969-cu ildə “Turcica” jurnalını çıxarıb. Bu dövrdəki elmi fəaliyyəti ilə bağlı Melikof bunları bildirib:

“1957-ci ildə elmlər doktoru oldum və həmin vaxt Parisdə Elmi Araşdırmalar Milli Mərkəzinin Şərqşünaslıq bölməsində çalışırdım. 1964-cü ildə Strasburq Humanitar Elmlər Universitetində türk şöbəsi açıldı. 4 il sonra məni oraya professor dəvət etdilər. Türk dilləri, ədəbiyyatları sahəsində böyük elmi mərkəz yaratmaq məqsədilə işə girişdim və indi Avropada ən nüfuzlu Türkoloji mərkəzlərdən biri olan Türkiyyat Araşdırmaları İnstitutunu qurdum. Bu işdə həmkarlarım mənə çox kömək etdilər. Mən Strasburqa gələndə türk şöbəsində cəmi iki tələbə vardı. Bir neçə il sonra onların sayı 350-yə çatdı”.

İrene xanımın qurduğu bu elmi mərkəzdə çalışmış alimlərdən fransız türkoloq Loise Bazin M.F. Axundzadənin əsərlərini fransız dilinə çevirib. Qızı Şirin xanım “Dastandan operaya qədər Koroğlu” adlı kitab yazıb və dilimizə də tərcümə olunub. İrene xanım eyni zamanda 1984-cü ildə Avropada “Azərbaycan Mədəniyyətini və Sivilizasiyasını Öyrənən Mərkəz” də yaradıb.

“Ələviliyin əsası qızılbaşlıqdır”

İrene xanım müsahibəsində Şah İsmayıl Xətaiyə böyük sevgisi olduğunu bildirib: “Strasburq Universitetində daha çox dil və ədəbiyyatdan dərs verirəm. Türk dili, türk ədəbiyyatı. Sufilikdən də danışıram. Türk ədəbiyyatından hər kəsdən bəhs edirəm. Fəqət Xətaini çox sevirəm. Ələviliyin əsası qızılbaşlıqdır. Qızılbaşlar Şah İsmayılın tərəfdarları idilər. Ələvilik, yəni qızılbaşlıq üçün Şah Xətai böyük rol oynamışdır və bütün divanlarından da bu görünməkdədir. Bunun üçün mən Təbriz yaxınlığındakı İlxıçıya getmişəm. Mənə demişdilər ki, İlxıçıda Şah Xətainin divanı var. Çox əski divan, fəqət mənə göstərmədilər. Çünki onlar bu divanı din kitabı kimi saxlayırlar, kimsəyə göstərmirlər və mən də bu divanı görmədim”.

İrene xanım azərbaycanşünaslıq sahəsindəki xidmətlərinə görə Bakı Dövlət Universitetinin fəxri professoru seçilib. Bakıda bir neçə dəfə olub. Üçüncü səfərində Mirzə Fətəli Axundzadə ilə bağlı keçirilən tədbirdə iştirak edib.

Melikoff 8 yanvar 2009-da Strasburqda vəfat edib, 14 yanvarda Parisdə ailə məzarlığında dəfn edilib.

İki maraqlı fotoşəkil

1984-cü ilin noyabrında Strasburq Universitetində “Azərbaycan: Dünən, bu gün, sabah” mövzusunda elmi konfrans keçirilib. Həmin tarixi tədbirdən yadigar qalan fotoşəkildə İrene xanımın yanında mərhum diplomatımız, YUNESKO-da işləmiş Ramiz Abutalıbov, şeyxülislam Allahşükür Paşazadə və digərləri də var.

1988-ci ildə çəkilmiş digər fotoşəkildə isə İrene xanım Azərbaycan və Türkiyənin tanınmış türkoloq, tarixçi və ədəbiyyatçıları ilə bir aradadır. Həmin fotoşəkildə bu şəxslər yer alıblar:

Şəkildə soldan ayaqüstə duranlar: Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, “Vətən” Cəmiyyətinin əməkdaşı Hüseyn Heydərov, yazıçı, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Əzizə Cəfərzadə , Xalq yazıçısı, “Vətən” Cəmiyyəti Rəyasət Heyətinin sədri Elçin, “Vətən” Cəmiyyətinin əməkdaşı Elxan müəllim, “Dağyeli-Ferlaq” nəşriyyatının (Almaniya) direktoru İldırım Dağyeli, “Odlar yurdu” qəzetinin məsul katibi Abid Tahirli, Poliqrafiya və Kitab Ticarəti Komitəsinin (Mətbuat və İnformasiya Nazirliyi) sədri Nazim İbrahimov, Xalq şairi Bəxtiyar Vahabzadə, prof. İren Məlikova (Fransa); Əyləşənlər (soldan): prof. Sərvər Tanilli (Fransa), tarixçi İlbər Ortaylı.


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər