25 İyun 09:23
452
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzi ölkələrdən fərqli olaraq Azərbaycan toyları təmtəraqlı keçirilir. Azərbaycan toyları yeməklərin bolluğu və çeşidlərinə görə də fərqlənir. Ancaq tez-tez toylarda kütləvi zəhərlənmələrin də şahidi oluruq. Ötən gün Ağstafa rayonunda toyda bəy və gəlin daxil olmaqlar 46 nəfər zəhərlənib.

Qida eksperti Məhsəti Hüseynova Teleqraf.com-a toylarda nələrə diqqət etməli olduğumuz məqamlardan danışıb:

“Yay aylarında zəhərlənmələrin sayı digər fəsillərə görə daha çox olur. Xüsusilə də bu, kütləvi qidalanma yerlərində, restoranlarda özünü daha çox göstərir. Çünki çox miqdarda xüsusən temperaturun yüksək olduğu vaxtda soyuducuda saxlanılmalı olan, risk qrupuna aid qidalar açıq hava şəraitində saxlanılır. Nəticədə masaya təqdim olunan yeməklərin tərkibi pozulur. Qidalardakı kimyəvi, bioloji dəyişikliklər zəhərlənmə ilə nəticələnir. Toylarda ən çox istifadə olunun yüksək risk qrupuna aid olan qidalar mayonezli salatlardır.

Mayonez açıq havada qaldıqda təhlükəli hesab edilir. Mayonezin yay mövsümündə istifadəsini mümkün qədər azaltmaq lazımdır. Tərkibində mayonez olan qidalar soyuq temperaturda saxlanılmalıdır. Toylarda salatların süfrəyə verildiyi zaman qarışdırılması tövsiyə olunur. Ancaq məclislərdə bir neçə saat, bəzən bir gün əvvəldən hazırlanır. Nəticədə mayonezin keyfiyyəti aşağı düşür.

Mayonezlərin üzərində 3-6 ay istifadə olunması göstəriləsə də, bəzən məclislərdə böyük çəkilərdə olan qablaşdırmadan istifadə olunur. Belə olan halda digər məhsullarla qarışdığı halda ağırlaşma riskləri artır. Eyni zamanda da bir çox qarışıq yeməklərin, bir-biri ilə uyğun olmayan qidaların qəbulu həzm sistemin çətinləşməsinə, sağlamlıq problemlərinin yaranmasına səbəb olur”.

Ekspert deyir ki, toylarda ət, toyuq, balıq kimi ət məhsullarının eyni saatda qəbul edilməsi olduqca təhlükəlidir:

“Qızartmalardan toylarda çox istifadə olunur. Eyni zamanda bir neçə çeşid məhsulun eyni anda qəbulu həzm problemi yaradır. Qovurma, qızartmalar bir-birinə qarışdırılır. Bunlar da bir neçə gün öncədən hazırlandığı üçün risk qrupuna daxildir. İmmun sistemi zəif olanlar, azyaşlılar, xroniki xəstəliyi olanlar üçün daha təhlükəlidir. Toylarda bu qidalar ilə birlikdə qazlı, rəngli içkilərdən istifadə vəziyyəti daha da ağırlaşdırır. Çünki həmin qidaların tərkibindəki kimyəvi qatqı maddələri səbəbindən insan orqanizmində zəhərlənmə baş verir. Buna görə də əksər hallarda insanlar toy məclislərindən sonra mədədə ağırlıq, şişkinlik, baş ağrısı, qarın nahiyyəsində ağrılara görə şikayət edirlər. Yaxşı olar ki, toy məclislərində zəhərlənmələrdən qorunmaq üçün qarışıq tərkibli qidalardan uzaq dursunlar. Az yağda hazırlanan yeməkləri seçsinlər”.


Müəllif: Şəbnəm Zahir