25 İyun 12:41
554
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkə hüdudlarından kənarda yaşayan Azərbaycan Respublikası vətəndaşları arasında nikah bağlanılması məqsədilə həmin vətəndaşların tələb olunan tibbi müayinədən keçmələri üçün yeni prosedur müəyyənləşir.

Teleqraf.com xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

Mövcud ailə qanunvericiliyinə uyğun olaraq nikaha daxil olmaq istəyən şəxslər siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xəstəliklər üzrə tibbi müayinədən keçirlər.
Lakin həmin şəxslərin tibbi müayinəsi və onlara müvafiq məsləhətlər verilməsi ilə bağlı nəzərdə tutulan qayda Azərbaycan Respublikasının səfirlikləri və konsulluqlarının akkreditə olunduğu ölkələrdəki hallara şamil edilmir. Eyni zamanda Nazirlər Kabinetinin 2015-ci il 28 aprel tarixli 122 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə Qaydası”nın 2.1-ci bəndinə əsasən tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən müəyyən edilmiş dövlət və (və ya) bələdiyyə tibb müəssisəsində həyata keçirilir.
Bu baxımdan, ölkə hüdudlarından kənarda yaşayan Azərbaycan Respublikası vətəndaşları arasında nikah bağlanılması məqsədilə həmin vətəndaşlar tələb olunan tibbi müayinədən keçmələri üçün Azərbaycan Respublikasına gəlməlidirlər. Bu isə nikaha daxil olmaq istəyən şəxslər üçün maliyyə və vaxt itkisinə səbəb olur.

Məhz bu müddəalardan irəli gələrək təqdim olunan qanun layihəsində Ailə Məcəlləsinin 13-cü maddəsində dəyişiklik edilməsi nəzərdə tutulur.

Həmin dəyişikliyə əsəsən Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və ya konsulluq idarələrində nikah bağlamaq istəyən şəxslərin siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş xəstəliklər üzrə tibbi müayinədən öz vəsaitləri hesabına müraciət etdikləri diplomatik nümayəndəliyin (konsulluq idarəsinin) akkreditə olunduğu, yaxud yerləşdiyi xarici dövlətdə seçdikləri tibb müəssisəsində keçmələri, habelə Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və ya konsulluq idarələrində nikaha daxil olmaq barədə ərizəyə həmin tibb müəssisələri tərəfindən verilmiş tibbi müayinədən keçdiklərini təsdiq edən sənədin əlavə edilməsi təklif olunur.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər