26 İyun 14:38
1 991
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxın vaxtlarda Azərbaycanda “Aİ-92” markalı benzin və dizel bahalaşacağı ilə bağlı xəbər yayılıb. Məlumatlara görə, belə addım zərurətdən irəli gəlir, çünki “Aİ-92” və dizel ciddi ekoloji problemlər yaradır ölkəmizdə dünyada geniş vüsət almış elektrik mühərriklərə keçidi ləngidir.

Məsələ ilə bağlı Teleqraf.com-a danışan iqtisadçı Xalid Kərimli bahalaşmanı gözləmir:

“Aİ-92” benzinin məhz indi bahalaşacağının heç bir əsası yoxdur. İqtisadi cəhətdən baxsaq, “Aİ-92” markalı benzinin qiymətini bazar deyil, Tarif Şurası tənzimləyir. Ancaq düşünürəm ki, xammalın qiyməti neftin qiymətinə uyğun olduğuna görə burada qiymət bahalaşmasından söhbət getmir. Əgər qiymət bahalaşacaqsa, “Aİ-92”dən əvvəl dizel yanacağı var, o, daha ucuzdur. Dizel yanacağının bahalaşması isə sərnişin daşımalarının, yükdaşımaların qiymətini artıracaq. Bu da inflyasiya prosesini yarada bilər. Ona görə düşünmürəm ki, hazırkı məqamda dizelin qiyməti bahalaşsın. Fikirləri əsassız hesab edirəm”.

İqtisadçı qeyd edib ki, elektromobilə keçmək üçün hökumət kifayət qədər stimullaşdırıcı addımlar atıb:

“Yaşı üç ildən az olan elektrik mühərrikli avtomobillərin ölkəyə idxalı zamanı heç bir vergi rüsumu yoxdur. Hibrid mühərrikli avtomobillərdə də geniş güzəştlər var. Elektrik mühərrikli avtomobillər üçün 200-300 dollar bəyannamə xərci ödənilir. Daxili yanma mühərrikli avtomobillərin idxalı zamanı isə kəskin vergilər var. Elektrik mühərrikli avtomobillərin genişlənməsi üçün mühərriki dolduran stansiyalara avadlanlıqların gətirilməsi vergidən azad edilib. Bu ilin əvvəlində “Azərenerji” və “Azərişıq”a sərəncam verildi ki, elektromobillərin mühərrikinin doldurulması üçün şəraiti yaxşılaşdırsınlar. Yəni stimullaşdırıcı addımlar atılır. Benzinin qiymətinin qalxması doğru məsələ deyil.
Əgər neftin qiyməti kəskin qalxarsa, “Aİ-92” markalı benzinin qiymətinə baxıla bilər. İndiki məqamda bu gözlənilmir”.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər