24 İyul 12:29
545
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş nazir “Valyuta sərvətləri və milli valyutanın transsərhəd daşınması zamanı onların hərəkətinin dayandırılmasına dair Qaydalar”da dəyişiklikləri təsdiq edib. Yeni qaydalarla bu ilin fervalında Nazirlər Kabinetinin təsdiq etdiyi sənədə bir sıra dəyişikliklər edilib. Həmin sənədlə qaydaların tam siyahısı müəyyən olunub.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, yeni qaydalarla valyuta sərvətləri və milli valyutanın hərəkətinin dayandırılması ilə bağlı indikatorların siyahısını və qaydaların miqyasını daha da dəqiqləşdirilir:

“Belə ki, valyuta sərvətləri və milli valyutanın bəyan edilməsi rejiminin tələbləri çərçivəsində bəyan edilməmiş və ya düzgün bəyan edilməmiş valyuta sərvətləri və milli valyutanın aşkar edilməsi hallarında da onların hərəkəti dayandırılır, yəni aparılmasına icazə verilmir. Burada söhbət eyni zamanda inzibati araşdırmanın və ya cinayət təqibinin aparılması zamanı valyuta sərvətləri və milli valyutanın maddi sübut qismində götürülməsi halları istisna olmaqla onların bəyan edilməməsi və ya düzgün bəyan edilməməsi hallarından gedir.

Digər dəyişiklik valyuta sərvətləri və milli valyutanın hərəkətinin dayandırılması ilə bağlı indikatorların siyahısı ilə bağlıdır.

Yeni qərara əsasən, valyuta sərvətləri və milli valyutanı gömrük sərhədindən keçirən şəxsin gömrük işi sahəsində cinayətlərə görə məhkumluq müddətində və ya gömrük qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati tənbehin icra olunduğu vaxtdan sonrakı bir il ərzində şəxsin müvafiq hüquqpozmalarla əlaqədar əvvəllər məsuliyyətə cəlb edilməsi faktının müəyyən olunması da indikatorlardan biri kimi götürüləcək. Bu maddə üzrə əvvəlki redaksiyada yalnız gömrük işi sahəsində hüquqpozmalarla əlaqədar əvvəllər məsuliyyətə cəlb edilməsinin müəyyən olunması nəzərdə tutulurdu".

Vüqar Bayramov qeyd edib ki, bütövlükdə qərarın qəbulunda məqsəd ölkədən qanunsuz valyuta çıxarılmasına qarşı mübarizənin gücləndirilməsi, aydın və ölçülə bilən indikatorlarla prosesdə şəffaflıq və hesabatlığı daha da artırmaqdır:

"Bu qaydalar “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq müəyyənləşdirilmişdir”.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər