Xəzər dənizinin ən mühüm xüsusiyyəti səviyyəsinin mütəmadi olaraq qalxıb-enməsidir. Buna səbəb dənizin sutoplama hövzəsində baş verən hidrometeoroloji proseslərdir.
Bu sözləri Teleqraf.com-a coğrafiya üzrə fəlsəfə doktoru Ənvər Əliyev deyib.
O bildirib ki, Azərbaycanda sudan lazımi şəkildə istifadə olunsa, qıtlıq hallarının yaranması qeyri-mümkünə çevrilər.
Builki yağıntı miqdarının çoxluğundan danışan coğrafiyaşünasın sözlərinə görə, yaz aylarında ölkə ərazisində, xüsusən, Naxçıvanda yağıntının miqdarının 60 faiz artdığı müşahidə olunub:
“Bunun bir sıra müsbət və mənfi tərəfləri var. Yağıntının artması su hövzələrimiz və su anbarlarımızın dolması üçün əlverişlidir. Mənfi cəhəti odur ki, yağış sel şəklində gəlir və torpağın üst qatını yuyur. Yağınlığın çoxluğu suvarma sistemlərinə də təsir göstərir.
Bildiyimiz kimi, Xəzər dənizinin hövzəsi 4 milyon kvadrat kilometrdir, bu da Avropanın 40 faizi hesab olunur. Ötən əsrin 70-ci illərində Xəzər dənizində quraqlıq baş qaldırmış və suyun səviyyəsi həddindən çox düşmüşdü. Lakin növbəti illərdə səviyyə qalxmağa başlamışdı. Gələcək illərdə də ölkəmizdə yağıntılı dövr tendensiyası baş verə bilər. Nəticə etibarilə, Xəzərin qalxması üçün yenidən şərait yaranar".
Quraqlığın qlobal problemlərdən biri olduğunu vurğulayan Ənvər Əliyev deyir ki, bu problem Azərbaycanda da mövcuddur: "Dünya üzrə əhalinin sayı artdıqca şirin su ehtiyatları azalır. Su ehtiyatlarının azalma səbəbləri çoxdur, əsasən də, gündəlik istifadədə, suvarma sistemlərində israfçılıq əsas göstəricilərdəndir”.