15 Avqust 18:42
391
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 15-də Füzuli şəhərindəki Kurmanqazı adına Uşaq yaradıcılıq mərkəzində “Füzulidə yay məktəbi” layihəsinin açılış mərasimi keçirilib. Layihənin məqsədi yay tətili müddətində doğma yurda qayıtmış Füzuli məktəblilərinin asudə vaxtının maraqlı və əyləncəli təşkilidir.

Teleqraf.com xəbər verir ki, avqustun 18-dək davam edəcək layihə Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, Ağdam, Füzuli və Xocavənd üzrə Prezidentin xüsusi nümayəndəliyinin dəstəyi ilə gerçəkləşir.

Özbəkistan Respublikası Prezidentinin hədiyyəsi olan, 2023-cü ilin avqust ayında istifadəyə verilmiş Füzuli şəhər Uluqbəy adına 1 nömrəli tam orta məktəbinin şagirdləri də layihədə iştirak edir.

Açılış mərasimində əvvəlcə Dövlət Himni səsləndirilib, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mədəniyyət Nazirliyinin əməkdaşı və yay məktəbinin koordinatoru Rəfiqə Baxşiyeva layihənin məqsədi, nəzərdə tutulan fəaliyyətlər barədə söz açıb. O, yay məktəbinin keçirilməsinə dəstək göstərən bütün qurumlara təşəkkürünü bildirib.

Daha sonra Kurmanqazı adına Uşaq yaradıcılıq mərkəzinin kollektivi Azərbaycan və qazax dillərində əbədi-bədii kompozisiyalarla çıxış ediblər. Füzuli məktəblilərinin ifasında Azərbaycan muğamları, qazax folklor nümunələri dinlənilib, hər iki xalqın rəqsləri nümayiş olunub, həmçinin mərkəzin xor kollektivi tərəfindən musiqi nömrələri səsləndirilib.

Gün ərzində məktəblilər üçün rəsm dərsləri, taxta üzərində oyma üzrə ustad dərsi və əyləncəli oyunlar keçirilib.
Sonda tədbirin təəssüratlarını öyrənmək üçün məktəblilərlə sorğu sessiyası təşkil olunub.

Qeyd edək ki, yay məktəbi dövlət və özəl sektorun əməkdaşlığı ilə reallaşır. "Sirab", "Azərçay" və "Nort Vest" şirkətləri də layihəyə dəstək verir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər