11 Sentyabr 12:24
953
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Ermənistan tərəfi növbəti dəfə razılaşdırılmış məsələlər ətrafında Azərbaycanla sülh sazişi imzalamağa hazır olduğunu bildirib. İrəvanı bütün məsələlər həll edilmədən yekun razılaşmanı əldə etməyə tələsdirən amil nədir?

- Əgər sülh müstəvisində işlər davam edirsə, yekun razılaşma əvəzinə digər bir sənəd imzalamaq mümkündür. Bunu ümumilikdə sülh razılaşması adlandırsalar da, çərçivə və yaxud prinsiplər sazişinə imza atmaq olar. Görünən odur ki, tərəflər arasında həllini tapmamış 3-4 prinsipial mövzu qalıb. Ermənistan isə bu məsələlərdə məntiqə uyğun olmayan mövqedədir. Bu da prosesin irəliyə aparılmasında çətinliklər yaradır.

- Azərbaycan Prezidenti də sülh sazişi ilə bağlı 80 faizlik bir nəticədən bəhs etdi. Bu halda prosesin qısa zamanda yekunlaşması ehtimalı varmı?

- Hazırda tərəflər arasında sənədlərin mübadiləsi gedir. Bu baxımdan danışıqların gedişi və digər məsələlərə istinad edərək 80 faizlik nəticədən danışılır. Ermənistanın baş naziri də eyni məsələləri açıqlayaraq, yekun razılaşmaya yaxın olduqlarını bildirsə də, hələ bəzi həllini gözləyən məsələrin qaldığını vurğulayıb.

- Sülhə prosesinə başlıca maneə - Ermənistan Konstitusiyasında əksini tapan məsələlər həll edilməyincə tərəflərin yekun razılaşma əldə etməsi nə dərəcədə real görünür?

- Ermənistan Konstitusiyasında dəyişikliklər uzun prosedurdur. Erməni tərəfi 3 ilə bu məsələni həll edəcəklərini iddia edir. Amma çərçivə sülh sənədində Ermənistan üzərinə öhdəlik götürə bilər.

- Əsas öhdəlik nədən ibarət olmalıdır?

- Rəsmi İrəvan əldə ediləcək razılaşma ilə üzərinə öhdəlik götürür ki, konstitusiyasında sülh prosesinə maneə olan müddəaları aradan qaldıracaq. Görünən odur ki, Ermənistan bu öhdəliyi götürmək istəmir.

- İrəvan bu məsələdə hansı arqumentlə çıxış edir?

- Ermənistan ərazi bütövlüyünün qarşılıqlı olaraq tanınmasını istəyir. İki ölkə arasında delimitasiya və demarkasiya prosesi tam başa çatmadan heç bir ərazi bütövlüyündən, konkret sərhəd xəttindən danışmaq olmaz. Sadəcə olaraq çərçivə sülh razılaşmasında belə bir qeyd ola bilər ki, məhz delimitasiya və demarkasiya nəticəsində dəqiqləşmiş ərazi və sərhədləri tərəflər tanıyacaqlar və buna hörmətlə yanaşacaqlar.

- Son zamanlar Zəngəzur ətrafında artan fəallıq fonunda İran daha çox narahat görünür. Tehranın dəhlizlə bağlı narahatlığına səbəb nədir?

- Ermənistan ərazisindən keçən kommunikasiya xəttlərinin İrana heç bir aidiyyatı yoxdur. Azərbaycanla Ermənistan hansı razılıq əldə edəcəksə, ona da riayət ediləcək. İran sadəcə olaraq məsələ ilə bağlı mövqeyini bildirə bilər. Onun bu dəhlizi istəyib-istəməməsi hər şeyi həll etmir. Eyni zamanda Tehran digər ölkələrin daxili işlərinə müdaxilə edə bilməz.

- İranın dəhlizlə bağlı israrlı davranışları nəyə səbəb ola bilər?

- Zəngəzur dəhlizinin açılmasına Azərbaycan, Türkiyə ilə yanaşı Rusiya və ABŞ-da dəstək verir. Ermənistan da dəhlizin hansı formada istifadəsi barədə bəyanatlar səsləndirir. İranın isə ortaya düşüb bunu istəmirəm deməsi mənasızdır. Sadəcə olaraq İsraillə olan məsələdən Tehran mövzunu başqa səmtə aparmağa çalışır. Ona görə də, buna ciddi yanaşmaq lazım deyil.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər