Yaxın Şərqdə bir çox insan Donald Trampın yenidən ABŞ prezident seçiləcəyinə ümid edir. Çünki onun təhlükəsizlik və sabitliyi bölgəyə qaytara biləcəyini düşünürlər.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo deyib.
Siyasətçinin sözlərinə görə, bu gün xaosa qərq olan Yaxın Şərq Tramp dönəmində daha dinc və sabit idi:
“Məhz bu səbəbdən Yaxın Şərqdə yaşayan insanlar Trampın yenidən seçilməsinə ümid edirlər, çünki bu, daha təhlükəsiz, dinc və sabit həyat ehtimalını artırır. Bu, bu gün gördüyümüz xaosla ziddiyyət təşkil edir”.
Pompeo ABŞ-ın İrana yanaşması, Qəzzada davam edən münaqişə və İsrailin təhlükəsizliyinin gücləndirilməsinin vacibliyinə də toxunub.
ABŞ-ın İsrailin İrana qarşı addımlarına necə reaksiya verə biləcəyi ilə bağlı suala Pompeo hakimiyyətdəki administrasiyadan asılı olaraq iki potensial ssenari barədə danışıb:
“İki ssenari var: biri ABŞ administrasiyasının İsrailə İrana qarşı hərəkət etməməyi, digəri isə administrasiyanın “buna get” deməsi. Bayden administrasiyası bunun Üçüncü Dünya Müharibəsini başlatma riski olduğunu iddia edəcək, Tramp administrasiyası isə lazımi dəstəyi və daha çoxunu verməyə hazır olacaq”.
Qəzzadakı müharibə ilə bağlı sabiq dövlət katibi İsrailin qəti qələbə qazanması və davamlı təhlükəsizliyin təmin edilməsinin vacibliyini vurğulayıb. Pompeo hesab edir ki, İsrailin öz təhlükəsizlik ehtiyaclarını təmin edəcək əsas amil onun Qəzzada qələbə qazanması olacaq.