17 Avqust 18:18
954
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Afrika qitəsində yayılan meymunçiçəyi virusuna görə qlobal ictimai sağlamlıq üzrə fövqəladə vəziyyət elan edib. Konqoda başlayan və sürətlə qonşu ölkələrə yayılan bu yoluxucu xəstəlik ən azı 524 nəfərin ölümünə səbəb olub. Səhiyyə Nazirliyinin açıqlamasına görə Azərbaycanda meymunçiçəyi virusuna yoluxma hadisəsi qeydə alınmayıb.

Teleqraf.com xəbər verir ki, "Meymunçiçəyi" kimi tanınan “Mpox” yaxın fiziki təmasla ötürülür. Xəstəlik qripə bənzər simptomlarla dəridə irinli yaralara səbəb olur və adətən yüngül keçir, lakin ölümcül də ola bilər.

Uşaqlar, hamilə qadınlar və immun sistemi zəif olan insanlarda fəsad riski daha yüksəkdir. “Monkeypox” virusu əsasən Mərkəzi və Qərbi Afrikada baş verən nadir xəstəlikdir. Lakin 2022-ci ildən başlayaraq bu xəstəliyin geniş yayılmadığı ölkələrdə, o cümlədən ABŞ və Avropada qeydə alınmağa başladı.

“Meymunçiçəyi” virusuna yoluxma ona yoluxmuş insan və ya heyvanla yaxın təmasdan mümkündür. Virusun simptomları ona məruz qaldıqdan 3-17 gün sonra başlaya, simptomlar 2 ilə 4 həftə davam edə bilər.

“Meymunçiçəyi”ni bədən mayeləri ilə birbaşa təmas da yaya bilər. Xəstəlik həmçinin virusa yoluxmuş yataq dəstləri, paltar və dəsmal kimi əşyalara toxunmaqla da yayılır.

İlkin simptomlara hərarət, baş ağrısı, şişlik, bel və əzələ ağrıları daxildir.

İnfeksiya adətən öz-özünə yox olur və təxminən 14-21 gün çəkir. Ağır hallarda səpkilər bütün bədənə, xüsusən ağız, göz və cinsiyyət orqanlarına da yayılır. Yoluxmuş şəxslə sıx təmasda olduqdan sonra insandan insana keçir. Buna cinsi əlaqə, dəri təması, yoluxmuş şəxsin yanında danışmaq və ya nəfəs almaq daxildir.

Virus açıq yaralar, tənəffüs yolları, göz, burun və ya ağız vasitəsilə də ötürülür. Meymun, siçovul və dələ kimi yoluxmuş heyvanlarla sıx təmasda olmaq da təhlükədir.

"Meymun çiçəyi" ilə suçiçəyi arasındakı fərq nədir?

Oxşar simptomları olan iki xəstəlik arasında aşağıdakı əsas fərqlər var. Mpox ortopox virusudur, suçiçəyi isə herpes virusudur. Suçiçəyi çox daha yoluxucudur və daha sürətli yayılır. Suçiçəyi adətən 2 həftə ərzində sağaldığı halda, meymun xəstəliyinin sağalma müddəti 2-4 həftədir.

Monkeypox virusunu müəyyən etmək çətin ola bilər, çünki digər infeksiyalarla oxşar görünə bilər. Bu virusu suçiçəyi, qızılca, bakterial dəri infeksiyaları, qaşınma, herpes, sifilis, cinsi yolla keçən digər infeksiyalar və dərmanlarla əlaqəli allergiyalardan ayırmaq vacibdir.

Mpox olan şəxsdə herpes kimi cinsi yolla ötürülən başqa bir infeksiya da ola bilər. Bundan əlavə, "meymunçiçəyi" virusundan şübhələnən uşaqda suçiçəyi də olması da mümkündür. Bu səbəblərə görə insanların mümkün qədər tez müalicə olunması və yayılmasının qarşısını almaq üçün müayinədən keçmələri vacibdir.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər