Avqustun 26-da Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda Xüsusi Nümayəndəliyinin təşkilatçılığı və "Bakı Abadlıq Xidməti" MMC-nin dəstəyi ilə Laçın Şəhəri Günü növbəti dəfə təntənə ilə qeyd olunacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.
Ötən il olduğu kimi, Laçın şəhərinin yenidən doğuluşunun ikinci ildönümünə də geniş bayram proqramı tərtib edilib. Üstəlik, budəfəki Laçın Şəhəri Günü Azərbaycanın bütün ərazilərində suverenliyinin tam bərqərar edilməsindən sonra, 2023-cü ilin 19-20 sentyabrında keçirilmiş antiterror əməliyyatının nəticəsi olaraq Qarabağda bayrağımızın dalğalandığı bir vaxtda daha böyük anlamla qeyd ediləcək.
Qeyd edək ki, 2023-cü ildə Azərbaycanın əlamətdar günlər təqviminə yeni bir gün - 26 avqust - Laçın Şəhəri Günü daxil olub. İlk dəfə ötən il qeyd edilən bu gün Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında" 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə təsis olunub.