30 Avqust 10:05
346
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni tədris ilinin başlamasına iki həftə qalıb. Paytaxtdakı təhsil müəssisələrinə qəbul olunan tələbələr kirayə ev axtarışına başlayıblar. Ev tapmaq isə işin ən çətin tərəfidir. Sosial şəbəkələrdə kirayə ev elanlarının sayının çoxluğu da bunu təsdiqləyir. Kirayə ev tapmaq tələbələr üçün çətinləşib. Bəzi ev sahibləri onlara, xüsusən də oğlan tələbələrə ev vermək istəmirlər. Verilən evlər də metrodan çox uzaq, şəraiti bərbad mənzillər olur. Cəmiyyətdə müzakirə olunur ki, Bakıda məcburi köçkünlərin yaşadığı yataqxanalar bərpa olunub tələbələrin istifadəsinə verilməlidir.

Mövzu ilə bağlı Teleqraf.com-a danışan əmlak eksperti Elnur Fərzəliyev deyir ki, kirayə mənzil bazarında bir sıra çətinliklər özünü göstərməkdədir:

“Qiymət artımı daha çox ali məktəblərin yerləşdiyi ərazilərdə olur. Metroətrafı, Yasamal, Elmlər Akademiyası və "20 Yanvar" əraziləri tələbələri üçün ən bahalı ərazilərdir. Əks halda onlar Bakıətrafı ərazilərə Binəqədi, Xırdalan, Abşerona üz tutmalı olurlar. Bu da yol uzunluğu səbəbindən, nəqliyyat xərci baxımından çətinliklər yaradır. Minlərlə tələbə bölgələrdən paytaxta təhsil almaq üçün gəlir. Elə kirayə qiymətlərini artıran səbəb kirayəyə daha çox ehtiyacı olan tələbələrdir. Tələbələr kirayə mənzil bazarının böyük bir hissəsini təşkil edirlər”.

Elnur Fərzəliyev qeyd edir ki, oğlan tələbələr həmişə ev tapmaqda çətinlik çəkiblər:

“Onunla əlaqədardır ki, bəzi tələbə oğlanlara verilən evlərdə problemlər olur. Ev sahibləri tələbə oğlanlara ev verəndə evin natəmiz saxlanıldığını, iki nəfərə kirayə verilən mənzildə 5-6 nəfərin qaldığını deyirlər. Tələbə yataqxanalarında yaşayan məcburi köçkünləri dövlət evlə təmin etdi. Hesab edirəm ki, o tələbə yataqxanaları sökülərək, daha müasir və daha hündür mərtəbəli yataqxanalarla əvəzlənərsə, tələbələrin ev problemini həll olunar”.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər