Cumhur Turana ithaf
Ötənlərdə mərhum professor Abbas Zamanovun fondunda çalışarkən ığdırlı mətbəəçi, jurnalist, naşir Həmid Turanla bağlı materiallara rast gəldim. İstanbulda yaşayan həmkarım, mərhum Həmid bəyin oğlu Cumhur Turan mütəmadi atasının fəaliyyəti ilə bağlı sosial mediada və yazılarında qiymətli məlumatlar verdiyi üçün həmin fonddakı materialların dərcinin ümumi işə faydalı olacağını düşündüm.
Həmid Turan 1938-ci ildə keçmiş İrəvan xanlığının Sürməli mahalında (Iğdır) doğulub. Türkiyədə naşir və jurnalist kimi tanınıb. Atasının adı Hüseyn, anasının adı Düriyyə idi. “Ədəbiyyat cəbhəsi” qəzetinin və “Xəzər” (“Hazer”) jurnalının imtiyaz sahibi olub. Həmid bəy 3 dəfə Şimali Azərbaycanda, 3 dəfə də Cənubi Azərbaycanda səfərdə olub, yazıçı Elçin, şairlər Rəfiq Zəka Xəndan, Nəbi Xəzri, Məmməd Aslan kimi şəxslərlə dostluq edib. Vaxtilə Elçinin rəhbəri olduğu “Vətən” cəmiyyətinin “Odlar yurdu” qəzetinə müsahibə verən Həmid bəy ailəsi ilə bağlı bunları bildirib:
“Mənim atam da, anam da irəvanlıdır. Həyat yoldaşımın əsli-nəsli də İrəvandandır. Mən Qarsın Iğdır qəsəbəsində anadan olsam da, özümü oralı sayıram. Bir atalar sözü var: “Əslini danan haramzadadır”. Iğdır ətrafında (oranın tarixi adı Sürməli mahalıdır) yaşayan camaatın çoxu İrəvan tərəfdəndir. Daşnaq hakimiyyəti dövründə oradan qaçıblar. Qalanlarını da Stalin köçürtdü. O ki qaldı mahnıya, bu bizim ən sevimli, nisgilli nəğməmizdir: “İrəvanda xal qalmadı, daha məndə hal qalmadı...”
Qars və Ərzurum tərəflərdə yaşayan azərbaycanlılar həmişə Bakı radiosuna qulaq asırlar. Burada evində azərbaycanca kitab, musiqi valları tapılmayan ailə yoxdur. Mənim oğlanlarım Cumhur qarmon, Əli isə nağara çalır, oxuyan-oynayan da nə qədər istəsən... Onu da deyim ki, evdə hamı azərbaycanca danışır. Mənim nəvələrim Göyçə, Gəncə, Natəvan elə danışırlar ki, elə bil Bakıdan bu dəqiqə gəliblər... 1979-1980-ci illərdə mən “Xəzər” adlı bir jurnal buraxırdım. Bu jurnalda ancaq Azərbaycan ədəbiyyatından bəhs edilirdi. Nizami, Məhsəti, Xaqani, Xətai, Nəsimi, Füzuli, Vazeh, Mirzə Cəlil, Firudin bəy Köçərli və bir çox başqa ədiblərə bütöv nömrələr həsr olunmuşdur. Orada onların həyat və yaradıcılığı, əsərlərindən nümunələr, Azərbaycan folklorundan parçalar verilirdi. Jurnalın tirajı 5 min nüsxə idi, ondan 488 ədədinə Türkiyə Mədəniyyət Nazirliyi abunə yazılmışdı. “Hacı Qara”, “İblis”, “Poçt qutusu”, “Hophopnamə”, “Sərgüzəşti-vəzir-xani Lənkəran” Türkiyədə ilk dəfə “Xəzər” jurnalında çıxıb. 17-ci nömrədən sonra jurnalı bağlamaq məcburiyyətində qaldım. Çünki Bakıdan material gəlmədi, kitab göndərilmədi, sifariş olunan məqalələr yazılmadı... Mən Timurtaş Ceyhunla birlikdə “Ədəbiyyat cəbhəsi” adlı bir qəzet də çıxarırdım. Orada Azərbaycan ədəbiyyatını təbliğ edirdim. Şimali Azərbaycanda, Allaha şükür, hər cür şərait var, qəzetlər, jurnallar, kitablar çıxır, xalq öz şairini, yazıçısını tanıyır. Cənubi Azərbaycanda vəziyyət başqa cürdür. Odur ki, mən qəzetdə cənuba daha çox yer verirdim. Əli Niqabi, Cavad Heyət, Səhənd, Səməd Behrəngi, ustad Şəhriyar haqda yazılar yazmışam. Mətbəəmdə “Aşıq Ələsgər”, “Azərbaycan el aşıqları” (I cild) və başqa kitablar buraxılıb... Daha naşirliklə məşğul ola bilmirəm. Mənim yolumu oğlum Cumhur Turan davam etdirir. O, “Tanıtım” jurnalında Azərbaycan ədibləri haqda yazır. Son nömrələrdə Mirzə Cəlil və Teymur Elçin haqda məqalələri çıxıb...”
Həmid Turan 28 may 2019-cu ildə İstanbulda vəfat edib. Onun yolunu özünün də dediyi kimi oğlu Cumhur bəy davam etdirib. Cumhur Turanın Üzeyir bəy Hacıbəyli haqqında qiymətli əsəri vardır. Eyni zamanda “Azərbaycan xalq kültüründə ənənəvi müalicə və şəfalı bitkilər”, “Azərbaycan üzərinə ümumi qaynaqlar (1912-2020)” kimi kitabları vardır. “Serhat” mədəniyyət dərgisində irəvanlı ədiblər, musiqiçilər haqqında qiymətli məqalələr qələmə alır.
Qeyd edək ki, Həmid bəyin çıxardığı “Xəzər” dərgisinin ilk sayı 20 aprel 1979-cu ildə işıq üzü görüb. Jurnalın 17 sayı nəşr edilib. İlk sayın qapağında Nizami Gəncəvinin təsviri verilib. Sonrakı sayılarda Cəlil Məhəmmədquluzadə, Mirzə Şəfi Vazeh, Qasım bəy Zakir, Məhsəti Gəncəvi, Şah İsmayıl Xətai, Füzuli və digərlərinin təsvirləri yer alıb. Jurnalın sahibi Həmid Turan, yazı işləri müdiri Kemal Güngören, redaktoru Haver Aslan, texniki katibi Cumhur Turan olub. Jurnalın məqsədi Azərbaycan ədəbiyyatı, mədəniyyətini tanıtmaq, elmi-nəzəri araşdırmalar aparmaq olub.
1970-ci illərdən etibarən azərbaycanlı bir çox mühacirlə (Əhməd Cəfəroğlu, Hüseyn Camal Yanar, Əli Vulkan və s. ) məktublaşan Abbas Zamanovun arxivində Həmid Turanla olan yazışmaları da mövcuddur.
Həmid bəy 20 noyabr 1979-cu il tarixli məktubunda yazıb:
“Hörmətli Abbas Zamanova
Sətirlərimə başlamazdan əvvəl ən dərin salam və hörmətlərimi təqdim edirəm. Dərgimiz “Xəzər”ə göstərmiş olduğunuz marağa görə təşəkkür edirəm. Sizə indiyə qədər çıxan saylardan hamısını göndərdik, hər halda gec aldınız. Sizin Türkiyədə basılan başqa kitab və məcmuələrə ehtiyacınız olarsa, bizə bildirin.
Xavər xanımın sizə salamı var.
Sizə aşağıdakı siyahıda adları göstərilən və ehtiyacımız olan kitabları imkan daxilində tapıb göndərməyinizi rica edirik. Sizin Sabir haqqında yazmış olduğunuz əsərlərinizi və Azərbaycan ədəbiyyatı ilə bağlı yeni kitabları da bizə göndərsəniz ayrıca məmnun olarıq.
Hörmətlə, Həmid Turan”
Abbas Zamanov 12 dekabr 1979-cu ildə Həmid bəyə əski əlifbada məktub göndərib. Təəssüf ki, həmin məktubun mətnini hələ ki oxuya bilmədik.
22 iyul 1981-ci ildə Həmid bəy Abbas Zamanova qısa məktub göndərib:
“Hörmətli, Abbas Zamanova.
Mənə Azərbaycanda göstərmiş olduğunuz marağa sonsuz təşəkkür edirəm. Heç unutmayacağım xatirələrim oldu. Sizə bir tərcüməli Quran göndərirəm. Sizə və yengəmə səhhətli uzun ömür diləyirəm.
Sağlıqla qalın”.
14 sentyabr 1981-ci ildə Abbas Zamanov Həmid bəyə aşağıdakı məktubu göndərib:
“Dostum Həmid bəy,
Lütf edib göndərdiyiniz kitabı aldım. Bu, mənim üçün ən qiymətli hədiyyədir. Sənə də və bu kitabı gətirənə də dərin təşəkkür edirəm. Kitabın içindəki kiçik məktubu da oxuyub sevindim. Çünki məktub gəlmədiyi üçün mən səndən nigaran idim. Şükürlər olsun ki, sağ-salamatsan. Aşağıdakı iki kitabı mənə göndərməyinizi acizanə rica edirəm:
Aşıq Ələsgərin sizin yayınladığınız kitabını.
Məcid Şamxalov. “Qayınana”
Bu gün sənin adresinə bir bağlama kitab göndərdim. Çatdığını bilsəm, şad olaram. Buradan sənə lazım olan kitabları yaz. Məmnuniyyətlə tapıb göndərərəm.
Sən məktub yazmaqda tənbəlsən. Əlbəttə, adəti tərgitmək çətindir. Buna baxmayaraq, rica edirəm, məktublarımı cavabsız buraxmayasan.
“Xəzər” dərgisinin aqibəti necə oldu? Yenidən yayınlayırsınızmı?
Dostlara salam.
Hörmətlə, Abbas Zamanov”.
Abbas Zamanovun arxivində “Xəzər” jurnalı haqqında da müsbət fikirlər mövcuddur.
Mərhum diplomat, mühacirətşünas Ramiz Abutalıbova yazdığı məktubda Abbas Zamanov “Varlıq”, “Xəzər” kimi jurnallar barədə məlumat verib:
““Xəzər” İstanbulda ayda bir dəfə nəşr olunan ədəbi jurnaldır. Ümumi başlığın altında aşağıdakı sözlər yazılmışdır: “Aylıq Azərbaycan ədəbiyyatı dərgisi”. Birinci nömrəsi 1979-cu ilin aprel ayında çıxmışdır. İlk nömrədə “Oxucularımıza” başlığı altında dərc edilən kiçik müqəddimədə deyilir: “Bu dərginin basılmasında başlıca amacımız Azərbaycan ədəbiyyatı və kültürünü tanıtmaq, köklü, əski ədəbiyyatımızı türk oxucularına sevdirməkdir. Oxucular dərgimizdə Azərbaycan ədəbiyyatı haqqında elmi-nəzəri araşdırmalarla yanaşı klassik və çağdaş şeir və nəsrimizdən sözlü, şifahi ədəbiyyatımızdan gözəl və dolğun örnəklərlə tanış olmaq imkanı bula biləcəklər”
Jurnalın naşirləri oxuculara verilən vədə əməl edərək hər nömrədə Azərbaycan folklorundan, klassik və müasir Azərbaycan yazıçılarının əsərlərindən nümunələr dərc edirlər.
Məsələn, jurnalda M. F. Axundovun “Hacı Qara” pyesi, C. Məmmədquluzadənin “Poçt qutusu”, “İranda hürriyyət”, “Konsulun arvadı” hekayələri, Vaqifin, Sabirin, Natəvanın bəzi şeirləri çap olunmuşdur. “Xəzər” Azərbaycan sovet yazıçılarının əsərlərinə də öz səhifələrində geniş yer verir. Məsələn, mənim əlimdə olan səkkiz nömrəsində müasir Azərbaycan şairlərindən S. Vurğun, H. Cavid, R. Rza, M. Müşfiq, S. Rüstəm, B. Vahabzadə, N. Xəzri kimi şairlərin fotoşəkillərini, haqlarında qısa məlumat və şeirlərindən ayrı-ayrı parçalar buraxmışdır.
Bir cəhəti də ayrıca qeyd etmək lazımdır ki, bütün buraxılan şeirlər olduğu kimi dərc edilir. Şairlər haqqında verilən məlumatlar tam obyektivdir. Heç bir artıq-əskik söz yoxdur. Buraxılan materialların dilinə toxunulmur.
“Xəzər”in səhifələrində ədəbi-tənqidi məqalələrə də rast gəlirik. Lakin məqalələrin elmi səviyyəsi aşağıdır.
Jurnalın yönətməni, yəni yazı-pozu işlərini idarə edən Xavər Aslan bizim universitetin Şərqşünaslıq fakültəsinin fars bölməsində təhsil almışdır. Mən ona dərs demişəm. Yaxşı oxuyurdu, ancaq xasiyyəti tünd idi.
Mən əldə olan nömrələrinə əsaslanaraq təsdiq edə bilərəm ki, “Xəzər”in nəşri müsbət hadisədir”.
Həmid bəyin xatirələri oğlu Cumhur Turanın arxivində qorunmaqdadır. Ümid edirəm ki, bu xatirələrin nəşri Azərbaycan sevdalısı olan mərhum Həmid bəyin fəaliyyətinə daha geniş işıq salacaqdır.