17 Noyabr 2016 01:14
2 817
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Səfəvi-Osmanlı qarşıdurması Mustafa Kamalın milli dövləti ilə bitmişdir”

Ötən il Türkiyənin “İleri” yayın evindən türk tədqiqatçı Cumhur Turanın “Çırpınırdı Karadeniz'in Bestecisi Üzeyir Hacıbeyli” adlı kitabı çap olundu. Bu kitab Türkiyədə Üzeyir bəy haqqında yazılmış ilk əsərdir. Bu məqsədlə İstanbul Azərbaycan Kültür Evində keçirilən 29 oktyabr – Cumhuriyyət bayramı ilə bağlı tədbirdə Cumhur bəylə görüşdük və kitab haqqında ətraflı söhbət etdik. Əslən Azərbaycanın tarixi şəhəri İrəvandan olan Cumhur bəy Azərbaycan mühacirəti haqqında da yeni bilgilər verdi.

Teleqraf.com türk yazar, tədqiqatçı Cumhur Turanla müsahibəni təqdim edir:

- Cumhur bəy, Türkiyədə Üzeyir Hacıbəyli haqqında yazılmış ilk kitabın müəllifisiniz. Niyə Üzeyir bəy?

- İstəyirəm ki, söhbətə kitaba yazdığım ön sözdən başlayım. Ön sözü 3 ay ərzində yazmışam. Bunun üçün Üzeyir bəyin əksər məqalələrini oxumuşam. Üzeyir bəy haqqında Türkiyədə heç bir tədqiqat aparılmayıb. Mənə desələr ki, Azərbaycanda 3 nəfər yaradıcı insan say, onların başında Üzeyir bəyi deyərəm. Digərləri Mirzə Cəlil və Hüseyn Caviddir. Əlbəttə ki, Cəlil Məhəmmədquluzadəni Üzeyir bəydən ayırmıram, bir tərəzinin iki gözüdürlər. Qarabağdan Üzeyir bəyin, Naxçıvandan Mirzə Cəlilin, Hüseyn Cavidin gəlmələri Bakının türkləşməsinə xeyli təsir göstərmişdi. Əlbəttə ki, digər fikir adamlarını, yazıçıları kənarda tutmuram. Sürməli mahalında böyümüş bir şəxs kimi Üzeyir bəyi biz öncə əsərləri vasitəsilə tanıdıq. Ön sözdə də yazmışam ki, Üzeyir bəyin obrazları onun özünün şöhrətini ötüb. Təsəvvür edin ki, İrəvan xanlığından yüz il ərzində qopmuş bir mahalda indi də Üzeyir bəyin obrazları, xüsusilə, Məşədi İbad üzərindən zarafatlar edilir. Uzundərəni Məşədi İbadın sözləri ilə oxuyuruq, halbuki, Üzeyir bəy Uzundərədən yararlanıb.

Mənim “Danışır radio” adlı məqaləm var. Orada da qeyd etmişəm ki, iki radio vardı. Biri Bakıdan, digəri Naxçıvandan yayımlanan “Araz” idi. Bunlar Şorəgəl dediyimiz Qars coğrafiyasındakı Azərbaycan türklərində, sonra isə İrəvanın 15 bölgəsindən biri olan Sürməli mahalında dili qoruyurdu. Sürməli mahalını birlikdə araşdırmağımız lazımdır. İrəvan xanlığından əlimizdə qalan tək yerdir. Cumhuriyyət qurulanda baş verir bu. Mən bir yazımda da yazmışdım ki, Səfəvi-Osmanlı qarşıdurması Mustafa Kamalın milli dövləti ilə bitmişdir. Milli dövlətlə məzhəb məsələləri geridə qaldı. Çünki Mustafa Kamal millət üzərindən dövlət qurdu. Üzeyir bəyi Azərbaycanın kültür-sənət dünyasının Mustafa Kamalı kimi görürəm.

- Niyə?

- Baxın, “Tərəqqi” qəzetində Üzeyir bəyin yazılarını oxuyanda, bir an düşünürsən ki, bu insan 50 yaşında ola bilər. Halbuki, 23 yaşındadır. 30 yaşına qədər neçə opera yazıb. Hər obraza ayrı sözlər, musiqiyə partituralar yazıb. Üstəlik ali təhsil də almayıb. Amma Üzeyir bəyin qaynaqlandığı yerlər vardı. Biri atasının Xurşudbanu Natəvanın mirzəsi olması idi. Yəni Şuşadakı sosial-mədəni bünövrə. İkinci qaynaq kimi Haqverdiyevi demək olar. Haqverdiyev orada bir əsər yayımlayır, Üzeyir bəy də rol alır. Üçüncü qaynaq Əhməd Ağaoğludur. Burada bir adam da önəmlidir. Bəzən biz şəxsiyyətlərimizi üz-üzə qoyuruq. Mən Azərbaycanda olsam, heç kompleks duymadan Nəriman Nərimanovun adını pula həkk edərəm. Nərimanov Üzeyir bəyə deyir ki, siz bizim milli sərvətimizsiniz, İrana gedin. Nərimanovun fotolarına baxdım, qərib bir adama oxşayırdı. Sovet dönəmində Üzeyir bəyin yaradıcılığında böyük bir susqunluq olur və bu, sükut “Koroğlu” ilə sona çatır. “Koroğlu” aprel ayında səhnəyə qoyulur.

Üzeyir bəyin bu əsəri apreldə təqdim etməsi qocaman bir mərkəzi sistemə cavab kimidir. Bu, mənim təsbitimdir, yenə də araşdırmaq lazımdır. Yəni o, həm də bir siyasi duruş sərgiləyir. Üzeyir bəyin mətbuata gəldiyi vaxtlarda Əhməd Ağaoğlu, Nəriman Nərimanov, Əlimərdan bəy Topçubaşov kimi nəhəng adamlar vardı. Üzeyir bəy Azərbaycan Cümhuriyyətinin qurulmasına çox sevinir. Sovet dönəmində Kommunist Partiyasında olan milli şəxslər onu qoruyur. Yəni KP-də Əliheydər Qarayevlərdən fərqli adamlar da vardı. Üzeyir bəy yazırdı ki, Azərbaycan Cümhuriyyəti sağlam bir ulus düşüncəsi və türklük düşüncəsi üzərində qurulub. Mustafa Kamal da eyni şeyi söyləyirdi. Mənim atam orduda Üzeyir bəyin bir əsərinin marş olaraq oxunduğunu söyləyirdi. Təsəvvür edin, türk əsgəri Üzeyir bəyin marşını söyləyir. Çox maraqlı analogiyadır. Hər ikisi çağdaş bir cəmiyyət qurmaq uğrunda çalışıblar. Üzeyir bəylə bağlı Azərbaycanda xeyli araşdırma aparılıb, lakin təəssüf ki, son 20 ildə sizdə də elm geriyə doğru gedir.

- Üzeyir bəyi Türkiyədə ilk kimlər kəşf edir?

- Ermənilər. Çünki Cümhuriyyətdən öncə bizdə darul-bədayi kimi adlandırılan teatrlarda Azərbaycandakı kimi qadın aktrisalar olmadığına görə, ermənilər öz əsərləri kimi İstanbulda səhnəyə qoyurdular. Türkçə öz şivələrində oynayırdılar. Amma ümumilikdə Üzeyir bəy Türkiyədə təəssüf ki, tanıdılmadı.

- Mən sadəcə “Azərbaycan xalq musiqisinin əsasları” adlı kitabı “Avesta” yayınlarından görmüşdüm. Qəribədir ki, o kitabın içində tərcümə ingiliscədən göstərilib...

- “Avesta” onu tələbələrin Azərbaycan musiqisini bilməsi üçün çap edib.

- Yeri gəlmişkən, Üzeyir bəylə bağlı Türkiyədə çap olunan bu ilk kitab nə qədər maraq doğurdu, satıldımı?

- Bu kitab üzərində bir heyət çalışıb. Bu kitabda Azərbaycan üçün yeni olan Rəşad Nuri Güntəkinin “Böyük məcmuə”dəki Azərbaycan teatrı haqqındakı məqaləsidir. Mənim üçün şərəfli olan o oldu ki, ilk kitabı yazdım. Azərin xanım “Çırpınırdı Qara dəniz”i burada çox tanıtdı, onun da kitabda ön sözü var. Bir-birimizin gücündən yararlanmalıyıq. Bu kitab 50-dən çox kitab sərgisi gördü. “Amazon” da bu kitabı satır. Türkiyədə də ən yaxşı internet mağazalarında var. Çox yaxşı satılır. Çünki bioqrafiya kitablarına böyük maraq var. “Çırpınırdı Qara dəniz”i Ədirnədən Qarsa qədər hamı bilir. Kitabın adını da buna görə nəşriyyat o cür qoydu. Bu da onların bildiyi bir sahədir. Məndən olsa “Üzeyir Hacıbəyli – məqalələr” qoyardım.

- Bu kitabdan öncə hansı işləriniz oldu?

- Türkiyə türkcəsinə Elçin Hüseynbəylinin iki kitabını çevirdim. “Don juan” və “Şah Abbas”. Elçin bəylə tanış olmaq istəyərəm. Gələcək üçün çox ümidli olduğum bir insandır. Abid Tahrilinin “İsmayıl bəy Qaspıralının dünyası” əsərini çevirdim. Cahangir Hüseynovun Nadir şahla bağlı əsərini yayına hazırlayırıq. Bir neçə kitaba redaktorluq etmişəm.

- Cumhur bəy, Azərbaycan mühacirətini bilən şəxslərdənsiniz. O zamanlar kimləri görmək imkanınız oldu?

- Öncəliklə sizə bir məsələdə etirazım olacaq. Siz burada Azərbaycan mühacirlərinin bəzilərinin övladlarını tapırsınız, görüşürsünüz. Amma onlar heç zaman Azərbaycan davasının yanında olmadılar, bizim dərnəklərimizə gəlmədilər. Ona görə də onları tərifləmək olmaz. Mənim kimləri gördüyümə gəldikdə, birinci nəsildən Əziz Önər bəyi gördüm. Əziz bəy “Azərbaycan Yurd bilgisi” dərgisində musiqi ilə bağlı yazılar yazan, pianoçu bir şəxs idi. Yeşilçamda bir filmin rejissorluğunu da edib. Bakılı idi. Əziz bəy Amerikadan gəlmişdi bizim evə. Azərbaycan mühacirləri burda qəribçilik çəkərdilər, atam da özündən yaşca böyük adamlarla söhbət eləməyi xoşladığı üçün onları evimizə çağırardı, anam bozbaş, piti bişirərdi ki, burda yemək imkanları yoxdur. Əziz bəyi belə tanıdım evimizdə. Boynunda o zaman üçün çox müasir sayılan maqnitafon vardı (gülür). Hər kəs danışırdı, o isə qulağını ona zilləyirdi. Musiqiyə qulaq asırdı. 70-ə yaxın yaşı vardı. Əziz bəy Azərbaycan balolarına pianoçu kimi qatılırdı. Bilirsiniz ki, bizdə - Qars, Şorəgəl, Iğdırda muğam yoxdur. Muğam Bakı və Qarabağ mərkəzlidir. Sürməli və Şorəgəldə camaat bütün muğamlara segah deyər, ağlayardılar.

Mənimsəyərdilər, amma oxuya bilməzdilər. Bir az oxuya bilənlər vardı, onlar haqqında yazılar yazmışam. Hələ yayımlamamışam. Maraqlı məlumatlar görəcəksiniz, məsələn, “Hoş gəlişlər ola Mustafa Kamal paşa”nın musiqi heyəti tamamilə azərbaycanlılardır. Mühacirlərə qayıdaq. “Azərbaycan” jurnalını mən oxumağa başlayanda Mirzəbala Məhəmmədzadə vəfat etmişdi, amma Əbdülvahab Yurdsevər yaşayırdı. Onun yazılarını oxuyurdum. Türkiyəyə bir də İkinci Dünya müharibəsi bitdikdən sonra Avropa üzərindən gələnlər oldu. Süleyman Tekinər, Məhəmməd Kəngərli kimi. O irsdən Feyzü Aküzüm və Ahmet Karaca qalmışdı. Onlar da vəfat etdilər. Mənim tanıdığım digər mühacir Əli Volkan bəy idi. O da çox yaşlıydı. “Hazer” dərgisini almağa gəlirdi, mən o zaman 18-19 yaşımdaydım, o dərgidə çalışırdım. Gəlib mətbəədən götürərədi. İki sözü yadımda qalıb: Ruslar Dondan, yəni Volqadan yuxarıda yaşamalıdır. İkincisi, deyirdi ki, Nuru paşaya yolu mən göstərdim.

Digər tanıdığım mühacir Əhməd Cəfəroğlunun bacısı oğlu Saleh Gəncəli idi. O da İstanbul Kabataş liseyində müəllim idi. Saleh Gəncəlinin dəfnində böyük izdiham olub. Orada iştirak edən o zamankı türkçü tələbələr danışıb bunu. Mühacir Oruc Vurğunu Iğdır anbarında görmüşdüm. Iğdır anbarı dediyimiz yer əşyaların verildiyi, daşındığı yer idi. İrəvanlılar və ığdırların məkanı sayılırdı ora. Oruc Vurğunun Azərbaycan sevgisi çox güclü idi. O zamanlar Zeynəb Xanlarova gələrdi. Onun konsertləri bizləri birləşdirən bir yer olurdu. 30-40 il bir-birini görməyənlər konsertdə görüşürdülər. Oruc bəy Zeynəb xanımı Türkiyəyə gətirən heyətdə olardı. Rejissor Sinan Çetinin dədəsi irəvanlı pinəçi Əbdüləli kişi idi.

- Hazırda nə kimi planlarınız var?

- Bir roman yazıram. Böyüklərimizin həyatı ilə bağlı. Mənim babam və nənəm Sürməli mahalında doğulublar, amma İrəvanda böyüyüblər. Mən uşaq idim, yadıma gəlir ki, hansı məhəllənin daha yaxşı olması ilə bağlı mübahisə edərdilər. Romanda İrəvan, Tiflis, “Hoş gəlişlər ola, Mustafa Kamal paşa”nın tarixçəsi olacaq. İrəvandan gələn qaçqınların Iğdırdakı həyatından da bəhs ediləcək. Hər ığdırlı İrəvanı Azərbaycan kimi görüb. Atam heç vaxt Bakını görmək üçün həyəcanlanmadı, amma İrəvan üçün həyəcanlanırdı... Iğdırdakı bütün hekayələr İrəvan üzərində qurulub... Bir də Azərbaycan uşaq ədəbiyyatı antologiyasına başlamışam.

Dilqəm ƏHMƏD


Müəllif:

Oxşar xəbərlər