Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Vətən müharibəsi şəhidlərinin övladları üçün Zəfər Gününə həsr olunmuş “açıq qapı” günü keçirilib.
Teleqraf.com xəbər verir ki, tədbirdə şəhid ailələrinin üzvləri, Fövqəladə Hallar Nazirliyinin regionda fəaliyyət göstərən qurumlarının rəhbərləri, Lənkəran Şəhər İcra Hakimiyyətinin, Lənkəran-Astara Regional Gənclər və İdman, Təhsil idarələrinin, yerli hüquq-mühafizə orqanlarının məsul şəxsləri iştirak ediblər.
Tədbirin açılışında Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış Zəfər Günü münasibətilə təbriklərini çatdıran FHN-in Cənub Regional Mərkəzinin rəisi polkovnik-leytenant Müsəddiq Əsədov Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsində qazanılan tarixi Qələbənin əhəmiyyətindən danışaraq güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi sayəsində böyük Zəfərin qazanıldığını iftixar hissilə dilə gətirib.
Lənkəran Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ramal Baxşızadə 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının nümayiş etdirdiyi birlikdən və xalqımızın mübarizə əzmindən söz açıb, əsgər və zabitlərimizin qəhrəmanlıqlarını qeyd edib.
Şəhid atası Fəttah Xosrofov ölkə rəhbərliyinin şəhid ailələrinə diqqət və qayğısından söz açıb, gənclərin Böyük Zəfərin əldə olunmasındakı rolundan danışıb. O, Vətən müharibəsi şəhidlərinin övladları üçün bu kimi tədbirlərin təşkilinə görə Fövqəladə Hallar Nazirliyinə təşəkkürünü bildirib.
“Açıq qapı” günündə uşaqlara Cənub Regional Mərkəzinin xilasediciləri və Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri tərəfindən xilasetmə və yanğınsöndürmə texnikası və avadanlıqları təqdim olunub, uşaqların sualları cavablandırılıb. Xilasedicilərin nümunəvi təlimi isə uşaqlarda böyük marağa səbəb olub. Həmçinin, uşaqların vətənpərvərlik mövzusunda çıxışları maraqla izlənilib.
Tədbirin sonunda uşaqlara hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən bu kimi tədbirlər mütəmadi olaraq təşkil olunur.